Əsas Səhifə / Foto Fakt

Xarici İşlər Nazirliyində növbəti şok qanunsuzluq və korrupsiya faktları (FOTO FAKT)

2-07-2017, 18:19


Ölkənin əsas xarici siyasət idarəsinin uzun illərdir ki, korrupsioner şəxslərin əlində qalmasının dövlət üçün ağır nəticələri davamlı olaraq özünü göstərməkdədir. Son illər XİN-də üzə çıxan korrupsiya qalmaqalları fonunda hazırda nə qurumun özündə, nə də Azərbaycanın hətta münasibətləri ən mühüm olan ölkələrdə belə normal bir səfirinin, diplomatının olmaması faktı ortadadır.

Qısa bir müşahidə aparmaq kifayət edir ki, bu iddianın tam doğruluğu təsdiqlənsin: Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz vəzifəsini yerinə yetirmək əvəzinə başqasına pislik etmək, jurnalisti işdən çıxartdırmaqla məşğul olur, əvəzində isə erməni separatçıları Moskvada at oynadır; ABŞ-dakı səfir Elin Süleymanov ölkəsinin 30 ildir həll olunmamış Dağlıq Qarabağ problemini qoyub gülünc yersizliklə Azərbaycanda ərəb-İsrail sülh sammitinin çağrılmasından danışır; Elmar Məmmədyarovun sevimlisi, İtaliyadakı səfir Məmməd Əhmədzadənin rəhbərlik etdiyi diplomatik nümayəndəlikdə maliyyə pozuntuları Hesablama Palatası tərəfindən rəsmən təsdiqlənir; Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun korrupsiya qalmaqallarının ardı-arası kəsilmir; Ukraynadakı səfir Azər Xudiyev pivəxanadan qovulmaqdan tutmuş rəsmi peşəsi jurnalist olan birinin hökmü altında olmaq, təhqir edilib aşağılanmağa kimi rüsvayçılıqlar içindədir; Rumıniyadakı səfir, Elmira Sarıcalinskayanın kürəkəni Fərid Abdinbəyov Xocalı faciəsinin ildönümündə sərxoş halda maşında xarici vətəndaş olan qadınla tutulur; Yaponiyadakı səfir Gürsel İsmayılzadənin adı ailə üzvünün bağlı olduğu, MTN-in həbsxanada intihar etmiş polkovnikinin də adının keçdiyi qalmaqalda hallanır; XİN-in son bir neçə ildəki "siması", rüsvayçı "layk qəhrəmanı” Hikmət Hacıyev ömrü cəmi bir neçə saat çəkən yalanlar danışmaqdan, nazirliyin heç bir iş konsepsiyası, strategiyası olmadığından ermənilərin attdığı addımlara reaksiya formasinda olan cəfəng, mənasız bəyanatlar verməkdən başqa heç nəyə yaramır.



Yerdə qalan digər yüksək vəzifəli diplomatlar, səfirlər haqqında da korrupsiya, casusluq, qanunsuz içki, siqaret alveri və s. neqativ iddialar səngimir.

XİN-də faydasızlıq, yararsızlıq o həddə çatıb ki, hər hansı əhəmiyyətli bir iş görə bilmədikləri üçün əhalisi Azərbaycanı ümumiyyətlə tanımayan Kosta-Rika, Laos kimi ölkələrin təmsilçilərini hardansa tapıb gətirib onlarla görüşləri, kimə nə xeyri olduğu bilinməyən müqavilə imzalamaqlarını təkrar-təkrar nümayiş etdirirlər.



Bütün bu biabırçıliqlar Azərbaycanın müstəqillik dövrünün ən "uzunömürlü" xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi altında baş verib. Onun xarici işlər naziri olduğu on üç il ərzində XİN və səfirliklərdəki korrupsiya, qanunsuzluq, haqsızlıq və ədalətsizliyin hökm sürməsi bu nazirlik haqqında ciddi ölçü götürülməsi üçün zəmin yaradıb.

Qeyd edilməlidir ki, XİN-də illərdir davam edən korrupsiya mühiti, qanunsuzluqlar və haqsızlıqlar barədə hakimiyyətin ən yuxarı dairələrində məlumatlı şəxslər var. Bu yaxınlarda Azədbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçiləri təyin olunmuş Fariz Rzayev və Yusif Məmmədəliyev vaxtilə əməkdaşları olduqları XİN-i üzləşdikləri ədalətsizliklər və neqativ hallara görə tərk ediblər. Lakin belə çıxır ki, Məmmədyarov başda olmaqla korrupsioner XİN rəhbərlərinin və səfirlərin siyasi himayələri daha güclü olduğuna görə onlara toxunulmur.



Bu günlərdə yenidən Xarici işlər nazirliyində növbəti şok korrupsiya faktları üzə çıxıb. Sənədlərdən məlum olur ki, nazir Elmar Məmmədyarov, nazir müavinləri Xələf Xələfov, Nadir Hüseyinov, nazirliyin kadrlar idarəsinin rəisi Elmira Sarıcalinskaya, idarənin keçmiş rəis müavini, hazırda Azərbaycanın İraqda müvəqqəti işlər vəkili Ramiz Qafarovun iştirakı ilə diplomatik xidmət haqqında qanun sistematik olaraq pozularaq qanunsuz əmrlər hazırlanaraq imzalanıb və nazirliyə iş üçün müraciət edənlərə yalan məlumatlar verilib.



Üzə çıxan faktlardan məlum olur ki, nazir Elmar Məmmədyarov nazir müavini Xələf Xələfovun təqdimatı və kadrlar idarəsinin rəisi Elmira Sarıcakinskayanın dərkənar-razılığı ilə Azərbaycanın Qırğızısrandakı səfirliyindən vəzifə müddəti bitdikdən sonra geri çağrılmış Zamanov adlı şəxsi 2610 saylı, 27 dekabr, 2012-ci il tarixli əmrlə 7 yanvar 2013-cü ildən XİN-in idarəsinə müşavir təyin edir. Lakin bu əmrin ardınca dərhal sonra eyni şəxslərin iştirakı və imzalarıyla 2611 saylı, 27 dekabr tarixli digər əmr verilir. Həmin əmrə əsasən Zamanov idarəyə müşavir təyin olunmasından cəmi 25-26 gün sonra, 2 fevral 2013-cü il tarixindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə müşavir təyin olunur.



Bu isə Azərbaycan Respublikasının diplomatik xidmət haqqında qanununun 13-cü maddəsinin 3-cü bəndinin pozulması deməkdir, çünki bu maddəyə görə "Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyəti başa çatmış diplomatik xidmət əməkdaşı və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxs yenidən diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanında, bir qayda olaraq, azı bir il işləməlidir"



Əmrlərdən isə açıq görünür ki, Zamanov adlı şəxs XİN-də cəmi 25 gün qalmaqla nazir Elmar Məmmədyarovun əmriylə qanun pozularaq səfirliyə vəzifəyə təyin olunur.







XİN-dəki mənbələrin söylədiyinə görə Məmmədyarov başda olmaqla XİN rəhbərliyinin qanunları sistematik olaraq pozmasının bu kimi halları saysız-hesabsızdır. Əsas məqsəd isə əməkhaqqının XİN-lə müqayisədə xeyli yüksək olduğu (hər səfirlikdə maaş təqribən 4-5 min ABŞ dollar civarında) səfirliklərə vəzifə təyinatlarının rüşvət, qiymətli hədiyyə və digər təminatlar müqabilində etməkdir.



Digər sənədlərdən isə məlum olur ki, XİN-ə iş üçün müraciət edənlərə kadrlar idarəsinin rəis müavini olmuş Ramiz Qafarov tərəfindən "nazirlikdə vakant yerlər olmadığı, XİN-də işə qəbulun 2013-cü ilə qədər dayandırıldığı" səbəbi göstərilərilərək rədd cavabı verilir. İsmayılov, İsgəndərov və Abbasov soyadlı şəxslərə ünvanlanmış 29 dekabr 2010, 4 fevral 2011 və 9 fevral 2011-ci il tarixli məktublarda bunu aydın görmək mümkündür.







Əvəzində isə nazir Elmar Məmmədyarovun imzası, nazir müavini Nadir Hüseynov və kadrlar idarəsinin rəisi Sarıcalinskayanın təqdimatları ilə Hüseynova (291 saylı, 1 mart 2011-ci il tarixli əmr) İsmayılova (304 saylı, 2 mart 2011-ci il tarixli əmr) və Nəbiyev (293 saylı, 1 mart 2011-ci il tarixli əmr) soyadlı şəxslərin XİN-də işə götürülməsi əmrləri imzalanır.

Beləliklə, korrupsiya mexanizmi belə işləyir ki, bir tərəfdən kənardan iş üçün müraciət edənlərə Qafarov vasitəsilə "vakant yer olmadiğı, nazirlikdə işə qəbulun dayandırıldığı haqda yalan söylənilir. Dalınca isə Məmmədyarov-Hüseyinov-Sarıcakinskaya üçlüyü özlərinin lazım bildiyi adamları əlbəttə ki, rüşvət, qiymətli hədiyyə və digər təminatlar müqabilində əmr hazırlayıb imzalayaraq "vakant yerlərin olmadığ və işə qəbulun dayandırıldığı" XİN-də vəzifələrə təyin edirlər. İş üçün müraciət edənlərə yalan məlumat verilərək başları aldadılır, Məmmədyarov, Hüseyinov və Sarıcalinskaya isə arxada öz işlərini görürlər.



"XİN-də vakant yer yoxdur" yalanını üzə çıxaran başqa bir fakt XİN-də idarə rəisi işləmiş, hazırda Azərbacanın İspaniyadakı səfiri, BDU rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun Elmira Sarıcalinskayaya ünvanlanmış 4 fevral 2011-ci il tarixli məktubudur. Məktubda açıq şəkildə göstərilir ki, 'idarədə kadr çatışmazlığı mövcuddur' və Əmirova, Babayev, Məmmədova və Behbudova soyadlı şəxslərin təcrübə keçmək üçün götürülmələri təklif olunur.



Bildirilir ki, belə vəzyyət XİN-də illərdir ki, davam edir. Öz savadı, qabiliyyəti sayəsində nazirlikdə işə qəbul epizodik hallarda baş verir. Kadrların əksəriyyəti rüşvət, qiymətli hədiyyə və digər təminatlar müqabilində, qanunsuz yollarla işə götürülüb. Beləliklə də çoxlu sayda yararsız adamlarla doldurulmuş XİN hazırki bərbad vəziyyətinə düşüb.





Kadrlar idarəsindən başqa XİN-in digər güclü korrupsiyaya uğramış qurumu konsulluq idarəsi sayılır. Uzun illərdir nazir müavini Nadir Hüseyinovun nəzarətində olan bu idarənin pasport və viza alverxanası olduğunu bilməyən yoxdur. Son məlumatlara görə idarədə vəziyyət o dərəcədə rüsvayçı həddə çatıb ki, Elmar Məmmədyarov və Nadir Hüseyinov gözdən pərdə asmaq məqsədilə idarə rəisi Mehriban Nəcəfovanı vəzifəsindən kənarlaşdırıblar. Lakin hesab edilir ki, əslində heç bir real səlahiyyəti olmayan Nəcəfova günah keçisi kimi qurban verilib və əsas məqsəd korrupsiya piramidasının başında duran Nadir Hüseyinovu qorumaq olub.







İndiki vəziyyətdə dövlətin demək olar ki, çürümüş xarici siyasət aparatını xilas etməyin yeganə yolu XİN-in bütün rəhbər vəzifəli şəxslərini kənarlaşdıraraq aşağılarda isə total təmizləmələr aparmaqdır. Bu məqsədlə daha səmərəli radikal üsul olaraq "MTN-in ləğvi" əməliyyatını da tətbiq edərək XİN-in yerində yeni, sağlam kadrlardan ibarət xarici siyasət mexanizmi formalaşdırmaq variantı da nəzərdən keçirmək olar.



Lakin hazırda ali siyasi hakimiyyətin MTN məsələsində olduğu kimi XİN-ə mümasibətdə də eyni qəti addım atmağa niyyəti və ya iradəsi müşahidə edilmir. Bu isə dövlətin xarici siyasət strukturunda durğunluğun və aşınmanın davam edəcəyi deməkdir.
left]https://xeberman.com/uploads/posts/2017-07/1499004917_xeberman7.jpg[/thumb]

Administratorla əlaqə

077 611-55-22

[email protected]