Siyasət

MTN işi: Eldar Mahmudov niyə bir dəfə məhkəməyə gətirilmədi? - Gizlinlər

26-06-2017, 14:22
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) ifşa edilmiş dəstənin işi üzrə keçirilən məhkəmə proseslərinin heç birinə sabiq nazir Eldar Mahmudov gətirilmədi

Ulus.Az xəbər verir ki, məhkəmə çıxışlarında mühakimə olunan generallar, rütbəli şəxslər təlimatları E.Mahmudovdan aldıqlarını açıqlasalar da, MTN rəhbəri məhkəmədə dindirilmədi.

Hakimlər nə bu barədə vəsatətləri təmin ediblər, nə onun məhkəməyə gətirilməsini tələb ediblər. Halbuki, belə bir irimiqyaslı əməliyyat və hadisədən sonra E.Mahmudov məhkəmədə ifadə verməliydi.

Ancaq MTN şefini qoruyan əllər sona qədər onu bu prosesdən kənarda saxlaya bildilər. Generalların ittihamları, zərər çəkən şəxslərin çıxışlarında E.Mahmudovun adı dəfələrlə hallanıb. Lakin keçmiş nazirin məhkəməyə gətirilməsi təmin edilməyib.

Nəzərə almaq lazımdır ki, bu iş üzrə bütün MTN generalları, müavinləri - Hilal Əsədovdan tutmuş Natəvan Mürvətovaya qədər məhkəmədə ifadə veriblər.

Ulus.Az xəbər verir ki, E.Mahmudov məhkəməyə gətirilməməs, həbs edilməməsi, bu cinayət dosyesindən kənarda saxlanması onun əlindəki hansısa sənədlərin olması ilə izah edilir.

MTN şefinin həmin sənəd-sübutlardan şantaj kimi istifadə etdiyi deyilir. Eyni zamanda onun revanşı da mümkündür. Onun Nardarandan Badamdara köçməsi, fəallaşması, zərər çəkən şəxslərinşikayətlərinin qabağının alınması belə bir ehtimal yaradır ki, MTN rəhbərinin əməlləri açılmasın və iş Akif Çovdarov üzərində fokuslansın. Çovdarovun isə dövlətə vurduğu zərəri ödədiyi halda şərti azadlığa buraxılması da istisna edilmir.

Bununla belə, ötən məhkəmə prosesində E.Mahmudovun prosesə cəlb olunması tələb edilib. MTN Anti-Terror Mərkəzinin rəis müavini Elçin Quliyev bildirib ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Ələkbərov Heydərovun saxlanılmasında iştirak etməyib.

Elçin Quliyev isə şahidə sual verib: "Mənim nazirliyə kimisə gətirmək səlahiyyətim var idi? Ora gələnlərdən nazirə qədər hamının xəbəri olurdu".

Zərərçəkmiş Maqsud Mahmudov isə deyib ki, keçmiş nazir Eldar Mahmudov məhkəməyə gətirilməlidir: "Bütün günü restoranlarda gəzir. Nəyə görə gəlmir?"

Hakim isə deyib ki, bununla bağlı vəsatət olsa baxıla bilər: "Biz işə ittihamın mahiyyəti üzrə baxırıq".

Qeyd edək ki, E. Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]