Yazarlar

“Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət pisləşib"

20-06-2017, 12:04
“Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət pisləşib və hökumət müstəqil dini fəaliyyətə qarşı repressiyaları gücləndirib, hakimiyyətin maraqlarını güdməyən, haqq-ədalətin bərpasını tələb edən din mənsubları təhdid edilir”.

Bunu açıqlamasında AXCP üzvü, müstəqil eksper Mehriban Sadıqova Azərbaycanda dini sahədəki vəziyyətə münasibətində açıqlayıb.

M.Sadıqova bildirib ki, ABŞ Dövlət Departamentinin Dini Məsələlər Komissiyasının hər il Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyətlə bağlı hesabatında acınacaqlı bir durumun olduğu əksini tapıb: “Ötən il Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət pisləşib və hökumət müstəqil dini fəaliyyətə qarşı repressiyaları gücləndirib. 2017-ci ilin yanvarında “Nardaran işi” üzrə 18 nəfər mühakimə olunub, 10 ildən 20 ilədək həbs cəzası alıb. Yerli QHT-lərin məlumatına görə, dini əqidələrinə görə 86 nəfər həbs olunub. Azərbaycan dini azadlıqlar sahəsində mövcud problemlərlə bağlı 2013-cü ildən Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İraq, Qazaxıstan və s. ilə yanaşı, “ikinci kateqoriya” ölkələr arasında yerini qoruyub saxlayır”.

Ekspert onu da vurğulayıb ki, qanunvericilik dini icmaların mütləq qeydiyyatını tələb edir. Qeydiyyatı olmayanlar qanunsuz elan olunur, reydlərə, cərimələrə məruz qoyulur. Bu zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir çox icmaların qeydiyyatından imtina edir və 2009-cu ildən qeydiyyat gözləyənlər var. Beynəlxalq təşkilatların son bir ildə yaydığı hesabatlarda Azərbaycan ötən illərə baxanda geriləyib. Həmçinin qonşu ölkələrdən geridə qalıb. “Freedom House” insan haqları təşkilatının aprelin 4-də açıqladığı “Keçid ölkələri 2017” (Nations in Transit 2017) hesabatında deyilir ki, Azərbaycanın demokratiya balı 7-dir. Bununla da Qafqazda sonuncudur. Gürcüstanın balı 4.61, Ermənistanda isə 5.39-dur: “Beynəlxalq “Transparency International” təşkilatının illik açıqladığı “Korrupsiyanı Qavrama İndeksi”ndə Azərbaycan Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıradadır. Qafqazın isə korrupsiya çempionudur. “The Economist Intelligence Unit” beynəlxalq təşkilatının açıqladığı 2016-cı ilin demokratiya indeksində isə Azərbaycan 165 ölkə arasında 148-ci, Qafqaz ölkələri arasında sonuncudur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]