Xəbərlər

Əli Həsənov: “Azərbaycan qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir”

16-06-2017, 21:41

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib.

Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir: "1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı".

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinə konseptual baxımdan qiymət verən Ə.Həsənov bu dövrü “fasiləsiz islahatlar və modernləşmə dövrü” kimi xarakterizə edib. Əli Həsənov əlavə edib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb.

Cənab Ə.Həsənov vurğulayıb ki, bu dövr “Dayanıqlı İnkişaf Məqsədləri”nin reallaşdırılması baxımından xüsusilə əlamətdardır. İlk növbədə yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyona qədər qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər “Dayanıqlı İnkişaf Məqsədləri”nin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir.

Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb. Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, davamlı inkişaf məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib.

Əli Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. / oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]