Xəbərlər / Siyasət

Sumqayıtlılar deputatını axtarır: Tahir Mirkişili "yoxa çıxıb"

15-06-2017, 11:53

42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili seçilmiş Tahir Mirkişili passiv deputatlar sırasındadır.

AZXEBER.COM xəbər verir ki, deputat ilk dəfə mandat sahibi olsa da, seçiciləri ilə maraqlanmır. Belə bir iddia ilə Azərbaycanda fəaliyyət göstərən internet televiziyalardan biri çıxış edib.

Belə ki, məlumata görə Sumqayıt şəhəri 5-ci mikrorayonda yaşayan seçicilərin böyük bir hissəsi Tahir Mirkişilini tanımır: "Seçkilərdə gedib səs vermişik, amma sonra millət vəkilimizi görə bilməmişik. Onunla görüşməyi çox istərdik. Çünki ərazimizdə bəzi məsələlər var ki, hələ də həll olunmayıb. Ona görə də, millət vəkilimizin bizi bir araya yığacağı və onunla problemlərimizi müzakirə edəcəyimiz günü gözləyirik." - deyə sakinlər bildiriblər.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, seçicilərin görə bilmədiyi deputat günün çox hissəsini sosial şəbəkələrdə keçirir. Belə ki, millət vəkili bir gün öncə "google" şirkəti ilə bağlı məlumat paylaşıb. Statusda yazılıb: 1. Dünyada hər gün ƏN ÇOX İSTİFADƏ olunan və ən çox qazanan internet resursu Google saytıdır, amma, bu sayt özü heç bir məzmun yaratmır və informasıya istehsal etmir 2. Dünyada ƏN ÇOX TİCARƏT dövriyyəsi olan, alış-veriş edən şirkət Çinin Alibaba Group şirkətidir, amma bu şirkət heç nə istehsal etmir. 3. Dünyada insanların özünü ifadə ehtiyacından ƏN ÇOX PUL qazanan şirkət Facebook şirkətidir, amma özü heç bir maddiyat istehsal etmir.

Deyəsən, deputat seçicilərin problemi ilə maraqlanmaq əvəzinə virtual dünyanı daha çox araşdırır və bu məsələlərə fikir bildirir.

Qeyd edək ki, Tahir Mirkişili Milli Məclisin 5-ci çağırış millət vəkili olmaqla yanaşı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]