Azərbaycanda 9 əməkdaş prokurorluq orqanlarından xaric edilib
Ötən il 7 prokurorluq işçisi orqandan xaric edilib. APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.
Müşavirədə qeyd olub ki, ötən il prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.