Əsas Səhifə / Media

İslam Oyunlarında iştirak edəcək jurnalistlər xərcə düşəcək

11-05-2017, 21:47
İslam Həmrəyliyi Oyunları ilə bağlı yerli fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin operatorları üçün brifinq keçirildi.

Musavat.com xəbər verir ki, İslam Həmrəyliyi Oyunları zamanı fəaliyyət göstərəcək akkreditasiyadan keçmiş yerli fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin operatorlarına bu gün əsas media mərkəzində brifinq keçirilib.



Brifinq zamanı bəhs edilən media işçilərinə oyunlar zamanı öhdəlik və vəzifələri izah edilib, qaydalar bir daha təkrarlanıb. Məlum olub ki, İslam Oyunları zamanı əsasən Avropa Oyunları zamanı tətbiq edilən qaydalardan istifadə ediləcək.



Brifinqin sonunda media nümayəndələri onları düşündürən sualları təşkilatçılara ünvanlayıblar. Sual-cavab zamanı məlum olub ki, İslam Oyunları zamanı bəzi şeylərdə qənaətə üstünük verilib. Məsələn, idman yarışlarının keçiriləcəyi məkanlarda fotoqrafların əyləşdiyi oturacaqlarda Avropa Oyunlarından fərqli olaraq internet kabelləri olmayacaq.



Fotoqraflar ümumi wi-fi şəbəkəsindən istifadə edə bilərlər. Burada da bəzi məhdudiyyətlər olacaq. Belə ki, internetin sürəti çox da yüksək olmadığı üçün fotoqrafların fotolarının həcmini kiçiltməli olacaqlar. Ya da internet üçün şəxsi vasitələrdən istifadə etməlidirlər. Belə bir sistemin tətbiq edilməsinə səbəb kimi, büdcənin az olması əsas gətirilib.



Daha sonra məlum olub ki, media işçiləri bu yarışlarda da kənardan özləri ilə qida məhsulları gətirə bilməyəcəklər. Təhlükəsizlik baxımından buna icazə verilməyəcək. Jurnalistlər idman mərkəzlərində satılan qida məhsullarından ödəniş edərək istifadə edə bilərlər. Yarışlar zamanı media işçilərinin geyimi səliqəli olmalıdır. Bu da əsas şərtlərdən biridir.



Qeyd edək ki, 4-cü İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-i Bakı Olimpiya Stadionunda baş tutacaq. Avtobuslar tamaşaçıları Açılış Mərasiminin əvvəlinə çatdırmaq üçün saat 18:00-dan 21:00-dək və Açılış Mərasimi bitdikdən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 18:30-da açılacaq, açılış mərasiminə saat 21:00-da start veriləcək.



Ekspress avtobuslar bağlanış mərasimi günü saat 17:00-dan 20:00-dək və mərasim bitəndən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 17:30-da açılacaq, bağlanış Mərasiminə saat 20:00-da start veriləcək.



Olimpiya Stadionunun ərazisinə daxil olarkən şəxsi avtomobilinizdən istifadə etməməyiniz təkidlə tövsiyə olunur. Stadionun daxilində və ya ətrafında tamaşaçıların istifadəsi üçün parklama sahələri nəzərdə tutulmayacaq. Taksilərin Stadiona yaxınlaşmasına icazə verilməyəcək.



Atatürk Prospektində dayanacaq sahələri Gənclik metro stansiyasındakı ən yaxın avtobus xəttindən istifadə etmək istəyən əlil arabalı tamaşaçılar üçün nəzərə tutulacaq. Əlil arabalı tamaşaçılar parklama sahələrindən istifadə edə bilmək üçün mərasim biletlərini təqdim etməli olacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]