Xəbərlər
Bloqqer Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürüldü
22-04-2017, 21:12
Həbsdə olan tanınmış bloqqer Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb.
Modern.az xəbər verir ki, bu barədə məhkumun vəkili Elçin Sadıqov ildirib. Vəkilin sözlərinə görə, M.Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
M.Hüseynov Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılırdı.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloqqerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Suraxanı rayon Məhkəməsinin qərarı ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.