Müsahibə

Siyavuş Novruzov: “Facebookda yoxam, mənimki dədə-baba qaydasıdır”

14-03-2017, 14:20
“Görürsən biri qadın şəkli qoyur, başqa familiya altında istədiyi sözü yazır”

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sosial şəbəkələrlə bağlı səsləndirdiyi fikirlər geniş rezonans doğurub. Hakim partiya funksionerinin “sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək”lə bağlı təklif səsləndirməsi təpkilərə də səbəb olub. Məsələnin aktuallığını nəzərə alıb YAP rəsmisinə müraciət edib bu mövzuda söhbət etdik.


- Siyavuş bəy, internet mediası ekspertləri sizin dediklərinizin əleyhinə çıxdılar. Hesab olunur ki, sizin status və şərhlərə görə şəxsiyyət vəsiqəsi tələb etməyiniz söz azadlığı, insan haqlarına qarşıdır. Bununla əlaqədar sizin fikriniz necədir?


- O insan haqlarına qarşıdırsa, elə bu birisi də insan haqlarına qarşıdır da. Tutaq ki, hər hansı bir sayta müsahibə verirsən, ona şərh yazan təhqirə yol verir və onun kimliyi bəlli olmur. Bu, insan haqlarının pozulması deyilmi? Təbii ki, pozulmasıdır. Şərəf və ləyaqətin qorunması birinci yerdə gedir. İkinci tərəfdən, dövlət əleyhinə işlərin aparılması, bununla bağlı materialların yayılması yolverilməzdir. Aprel döyüşləri və elə son döyüşlərlə əlaqədar - hansı ki, 5 şəhid verdik, düşmən də onlarla itki vermişdi - Ermənistan mənbələrinin yaydığı məlumatı Azərbaycanda yaydılar.

Bəllidir ki, Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığı, siyasi böhran və s. əlaqədar işğalçı ölkə çalışır ki, bu böhranı sərhəd bölgəsinə, təmas xəttinə çəksin və bununla da daxildə sakitlik yaratsın. Ancaq bəziləri yazdı ki, Azərbaycanda aprel döyüşləri ona görə baş verdi ki, burada sosial-iqtisadi vəziyyət ağır idi və nəticə etibarilə insanları sakitləşdirmək üçün belə bir əməliyyat keçirildi. Biz hamımız şahidiyik ki, insanlarımız ordumuzla necə həmrəy oldular, gənclərimiz ayağa qalxdı. Ermənistanda belə bir rəy formalaşmışdı ki, azərbaycanlılar artıq Qarabağı yaddan çıxarıblar, yeni nəsil formalaşıb, bu sindrom aradan qalxdı. Yaxud başqa dövlətlərin onlara kömək edəcəyi barədə iddialar alt-üst oldu. Erməni cəmiyyəti artıq vəziyyəti başa düşdü. Görürsünüz ki, seçki kampaniyasında əsas şüarlardan biri Azərbaycanla sülh müqaviləsinin imzalanması şərtini ortaya qoyublar.


- Vətən, millət məsələləri təbii ki, önəmlidir və sizinlə razılaşmaya bilmərik. Amma sizin rezonans doğuran fikriniz var ki, şəxsiyyət vəsiqəsi ilə şərh yazmaq, bu, anlaşılan olmadı.


- İnternet saytının rəhbərliyi bu məsələyə cavabdehlik daşımalıdır.


- Kənar şəxslər şərh yazırsa, buna internet mediasının rəhbəri necə cavabdeh ola bilər?


- Biz neçə illər ərzində jurnalistika ilə də məşğul olmuşuq, siyasətlə də. Üslubundan da bilirik bu, hansı cinsə məxsus fikirdir. Amma görürsən biri qadın şəkli qoyur, başqa familiya altında istədiyi sözü yazır. Burada söhbət təhqirdən gedir. Amma təhqir olunan vətəndaş öz hüququnu müdafiə edə bilmir. İndi o, hansı addımı atmalıdır?


- Müasir dövrdə başqa adla yazmağından asılı olmayaraq, şəxsin kimliyini araşdırmaq müvafiq qurumların əlində elə də çətin deyil...


- İndi hər şeyə görə müvafiq quruma müraciət etmək olmur ki...


- Yəni çıxış yolu rəsmiləşdirmənin aparılmasıdır?


- Bunun iki variantı var: ya internet medianın sahibi bu məsələyə görə cavabdehlik daşımalıdır, onu orda yerləşdirməməlidir, ya da kim yazırsa, imzasını qoymalıdır. “Böyük dayaq” filmində deyir: “Yazırsan, yaz, heç olmasa altından imzanı qoy”. Yəni hər kəs də imzasını qoysun, filankəsəm mən, vəssalam. Bəlkə mən onun yazdığına izahat verəcəyəm, deyəcəyəm ki, doğru deyirsən.


- Saytlardakı yazılara verilən şərhlərlə bağlı dediklərinizin qəbul edirəm, təhqirlər onsuz da şərh bölümünə buraxılmır. Ancaq status və şərhlərlə bağlı eyni tələbi, məsələn, facebook sosial şəbəkəsinin yaradıcısı olan Mark Zukerberqin qarşısında qoymaq mümkün deyil axı. Bu barədə nə təklif edirsiniz?


- Aydındır. Bunun da dünyada müxtəlif metodları, vasitələri var. Mən hesab edirəm ki, bu məsələləri tənzimləmək mümkündür. Ümumiyyətlə, siz də gözəl bilirsiniz ki, burada daha çox Avropada yaşayan şəxslər iştirak edir. Hansılar ki, bu və ya digər ad altında Azərbaycandan qaçıblar. Elə bu yaxınlarda sizin qəzetdə də getdi ki, siyasi sığınacaq almalarından ötrü hərəsinin kağızına bir möhür vurublar. Hansı ki, heç bir partiyanın üzvü deyillər. Bunların bir hissəsi də bu işlə, təhqir yazmaqla məşğuldur.


- Amma belələrini aşkarlayıb cəzalandırmaq çətindir...


- Onlar arxayındır ki, məhkəməyə verilə bilməyəcəklər. O baxımdan da çox rahat şəkildə istənilən şəxsi təhqir edir, dövlət əleyhinə materiallar yayırlar, Azərbaycan xalqı, cəmiyyətimizlə bağlı qanunsuz fikirlər irəli sürürlər. Ona görə də bunların qarşısı alınmalıdır.


- Hansı yollarla? Bu barədə düşünmüsünüzmü?

“WikiLeaks” birdəfəlik hamıya dərs olmalıdır”

- Bunun mexanizmini yəqin ki, aidiyyəti strukturlar müəyyənləşdirə bilər.


- Siyavuş bəy, siz adətən, səs-küyə səbəb olan təklifləri irəli sürəndə dedikləriniz qanunvericilik təşəbbüsünün anonsu kimi qəbul olunur. Bu dəfə söylədikləriniz gələcəkdə qanuniləşə bilərmi?


- Təbii ki... Birinci növbədə mən bu məsələni qaldırdım ki, antidövlət, antimillət meylləri, dövlətin təhlükəsizlik sistemi ilə bağlı məsələlər ciddi şəkildə nəzarət altına alınmalıdır. Düzdür, informasiya təhlükəsizliyi haqqında qanun var. Amma görünür, burada boşluqlar olduğu üçün bundan sui-istifadə edirlər.


- Bu, sizin öz fikriniz, təşəbbüsünüzdür, yoxsa...


- Mənim şəxsi fikrimdir.


- Yəni mümkündür ki, gələcəkdə şərh yazanlardan şəxsiyyət vəsiqəsinin nömrəsi tələb oluna bilər?


- Hansısa formada bunun mexanizmi tapılmalıdır. Yenə deyirəm, mən şərhlərin, dialoqun əleyhinə deyiləm. Lakin dialoq etik çərçivədə olmalıdır.


- Bəs siz özünüz facebook-da varsınız?


- Yox, mən Facebook-da yoxam. Mən o işlərə qarışmıram, mənimki dədə-baba qaydasıdır. (gülür).


- Amma facebook-da nələr baş verdiyindən xəbərsiz də deyilsiniz...


- Bəli.


- Bəs hardan bilirsiniz? Başqa adla girirsiniz?

- Yox. Böyük təşkilatıq da, hər şeydən məlumatımız var.


- Bəs gələcəkdə facebook-da səhifə açmağı düşünmürsünüz?


- Nə facebook-da, nə twitterdə, nə də digərində. Bunların heç biri özünü doğrultmayacaq. Həyat bunu göstərəcək. "WikiLeaks" birdəfəlik hamıya dərs olmalıdır.


Elşad PAŞASOY

Administratorla əlaqə

077 611-55-22

[email protected]