Siyasət

Mövsüm Səmədov namaza görə “karsa” salınıb

9-03-2017, 21:49
Mövsüm Səmədov namaza görə “karsa” salınıbAzərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına (“kars”a) salınıb. Səbəb kimi isə onun “antisanitariya şəraiti yaratması və məhkumların yataqxanasında namaz qılması” göstərilib.

Bu barədə AzadlıqRadiosu-na vəkili Yalçın İmanov məlumat verib. İlahiyyatçı martın 6-dan cərimə kamerasındadır, cəza müddəti isə beş gündür.

“Məqsəd onu Qobustana qaytarmaqdır”

Yalçın İmanov martın 9-da cəzaçəkmə müəssisəsində Mövsüm Səmədovla görüşüb. Mövsüm Səmədov vəkilinə deyib ki, o, daxili rejim qaydalarını pozan heç bir addım atmayıb.

“Mövsüm Səmədov keçən il noyabrın 28-də Qobustan həbsxanasından bu müəssisəyə köçürüləndən bəri üç dəfə “karsa” salınıb. Birinci dəfə elə köçürülən gün ona 15 günlük cəza verilmişdi. Bir qədər sonra 8 gün də “kars” cəzası verildi. Üçüncü dəfə də martın 6-da cəzalandırılıb. Bundan əlavə, üç dəfə töhmət verilib, bir dəfə də xəbərdarlıq olunub. Bu cəzaların da heç bir hüquqi əsası yoxdur. Mövsüm Səmədov hesab edir ki, ona qarşı bu davranışın məqsədi saxlandığı rejimi ağırlaşdırıb, onu yenidən Qobustandakı qapalı həbsxanaya qaytarmaqdır”, – Yalçın İmanov bildirib.

Deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq, hələlik, mümkün olmayıb.

Mövsüm Səmədov vəkili ilə söhbətində bugünlərdə Masallıda dindar Hacı Sərdar Babayevin həbsinə də münasibət bildirib. Deyib ki, hakimiyyətin mömin insanlarla davranışı, dindarların əsassız həbsi “totalitar sovet dövründə baş verənləri xatırladır”. “Mövsüm Səmədov hesab edir ki, dindarlarla bu cür rəftar ağıl və düşüncə sahiblərinin işi deyil”, – vəkil deyir.

Xatırlatma
Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

M. Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ilahiyyatçını 12 saylı cəzaçəkmə müəssisəsindən 2 ilini həbsxana rejimində keçirməsi üçün Qobustana köçürüblər. Şərtlərin sərtləşdirilməsi Mövsüm Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]