Ölkə

5300 manat icarədən vergiyə 400 manat göstərilib?

3-02-2017, 00:48
“Royal Estate” MMC sahibkara 43 min manat zərər vurub
Beş ildən çox “28 May” metrostansiyası yaxınlığındakı yeraltı keçiddə ticarətlə məşğul olan Xalıq Nurullayev həmin yeri icarəyə götürən “Royal Estate” MMC-dən şikayətçidir. O iddia edir ki, şirkət onu aldadıb və icarəyə götürdüyü obyektdən ondan xəbərsiz 43 min manat dəyərində olan əmlakı naməlum əraziyə daşınıb.

“Metronun “28 May” stansiyası yaxınlığındakı yeraltı keçidi icarəyə götürən “Royal Estate” şirkəti obyektləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə verir. Şirkətin nümayəndəsi Fərhad Hüseynov mənə şifahi razılaşma əsasında 34 kvadrat metrlik yeri icarəyə vermişdi. O, məndən ayda 5300 manat alırdı, şirkətə isə 1500 manat verirdi. Öyrəndiyimə görə, şirkət də bu rəqəmi kiçildərək, vergi orqanlarına 400 manat kimi təqdim edirmiş. Devalvasiyadan sonra vəziyyətimiz ağırlaşdı, bir neçə ticarətçi yığışaraq, şirkət rəhbərliyindən və onların müqaviləli icarədarlarından kirayələri azaltmağı xahiş etdik.

Fərhad Hüseynov mənə bildirdi ki, icarə haqqı 1000 manat azalacaq, amma əvvəlcədən, ona 20 min manat “şapka” verməliyəm. Mən imtina etdim və şirkət rəhbəri Anar Novruzovdan dəfələrlə xahiş etdim ki, mənə kömək etsinlər. Bir müddət sonra Anar Novruzov dedi ki, Fərhad Hüseynovla müqavilə pozulur və sən də obyektdən çıxmalısan. Sonra öyrəndim ki, onlar əlbir olublar və mənim ticarət etdiyim 34 kvadrat metrlik yeri Fərhadın anasının adına icarə müqaviləsi bağlaylblar. 2016-cı il fevralın 20-də gəlib gördüm ki, obyekti boşaldıblar, 43 min manatlıq malım isə yoxdur. Polisə məlumat verdim, 22-ci polis bölməsindən gəldilər, amma dedilər ki, bu mülki məsələdir. Ancaq may ayında xəbər tutdum ki, mallarım “Royal Estate”in anbarındadır. Gedib baxdığımda gördüm ki, malların hamısı korlanıb, bərbad vəziyyətdədir. Mallarımı 3 ay gizlədən “Royal Estate” şirkəti mənə 43 min manat ziyan vurdu, indi isə o ziyanı ödəyən yoxdur”, - deyə X.Nurullayev bildirdi.
O deyir ki, qarşılaşdığı qanun pozuntusu ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də, şikayəti baxılmamış qalıb. O, məhkəməyə müraciət etmək üçün müvafiq sənədləri “Royal Estate” MMC-dən ala bilmədiyindən də şikayətləndi.


Ramid İBRAHİMOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]