Xəbərlər / Şikayət

"Kontakt Home" dan ŞİKAYƏT VAR

29-01-2017, 20:22
"Kontakt Home" dan  ŞİKAYƏT VAR
Ülkər Məmmədova adlı vətəndaşın AZXEBER.COM-a göndərdiyi şikayət məktubunda aldığı soyuducunun xarab çıxması və şirkətin soyuducunu geri qaytarmamasından bəhs edilir. Məktubu olduğu kimi təqdim edirik:

"Məlumat üçün bildirirəm ki, 16.05.2016 tarixində "Kontakt Home” şirkətinin Gənclik filialından 56825 № kredit müqaviləsi əsasında 1338 AZN məbləğində "Samsung” markalı soyuducu almışam. Soyuducunu aldığım gündən ondan gələn səslər məni ciddi şəkildə narahat etməyə başlayıb. Bu problemlə bağlı ilk gündən soyuducunu aldığım filiala şikayət etmişəm (şifahi şəkildə) lakin cavab olaraq soyuducunun hələki yeni olduğuna görə bu səslərin müvəqqəti olduğu bildirilib. Bir qədər gözlədikdən sonra iki ay keçməsinə baxmayaraq səslərin davam etdiyinə görə avqust ayında soyuducunun kreditini ödəyərkən "Kontakt Home” əməkdaşına məsələ ilə bağlı yenidən müraciət etdim (şifahi şəkildə).

Lakin müraciətimə baxılmadı. Sentyabr ayında kredit ödəyərkən yenidən müraciət etdim və əgər müraciətimə baxılmasa kredit ödənişini dayandıracağımı bildirdim. Bu müraciət əsasında Süphan adlı usta göndərildi. Usta bir neçə saat soyuducunu müşahidə edərək ondan gələn səsləri eşitdi. Lakin bu səslərin heç bir problem və ya nöqsanla əlaqəli olmadığını və bu səslərin bir neçə aydan sonra kəsiləcəyini bildirdi. Daha sonra isə "Kontakt Home” şirkətinə məktubla müraciət edərək ustanın dediklərini mənə yazılı şəkildə göndərməklərini xahiş etdim. "Kontakt Home” şirkətinin əməkdaşları məktubuma cavab vermədilər. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılmalıdır. Məktuba cavab verilmədiyini görüb artıq soyuducunun qüsurlu olduğundan şüphə edərək yenidən müraciət etdim ki mənə soyuducunun qüsursuz olduğu barədə akt təqdim etsinlər və əgər təqdim etməsələr kredit ödənişini dayandıracağımı bildirdim. Bir ay keçdikdən sonra yenidən servisdən usta göndərildi. Həmin usta təqribi olaraq bu səslərin buzqırma ilə bağlı olduğunu bildirdi. Amma dəqiqləşdirmək üçün soyuducunun yanında diktofon qoymağımı və səsləri yazmağımı xahiş etdi. Mən soyuducudan gələn səsləri telefonun diktofonuna yazdım və həmin ustaya göndərdim.


Usta bu səslərin 3-4 dəqiqədənbir gəldiyinə görə bunun buzqırma olduğundan şüphə etdiyini bildirdi. Ertəsi gün yenidən başqa usta göndərildi. Həmin usta bir neçə dəqiqə evdə oturub soyuducudan gələn səsləri dinləməkdən imtina etdi. "Mənim artıq vaxtım yoxdur sizin evdə oturub səs dinləyim” deyərək kobudcasına cavab verdi və soyuducuda heç bir problemin olmadığını şifahi şəkildə bildirdi. Soyuducudan gələn səsləri soyuducunun buzqırması ilə əlaqələndirdi. Lakin heç bir sənəd (akt) təqdim etmədi. Və bütün No Frost (buzbağlamayan) soyuducularda bu səslərin olduğunu bildirdi. Onu da əlavə edim ki, bu soyuducuyla bağlı servisdən 3 usta göndərilib və heç bir usta soyuducuya baxdıqdan sonra rəsmi olaraq mənə heç bir sənəd (akt) verməyib. Sadəcə şifahi şəkildə fikirlərini bildiriblər. Lakin mən bu qərarla razı deyiləm. Çünki buzqırmayan soyuducu təkcə bizim evdə deyil. Mən 10-15 nəfər No Frost soyuducusu olan tanışdan bu barədə soruşmuşam. Və internetdə bir sıra araşdırmalar aparmışam. Heç biri ustanın dediklərini təsdiqləmir. Və hətta eynilə mən aldığım soyuducudan alan bir vətəndaşla tanış olaraq soyuducu barədə soruşmuşam. Həmin vətəndaş soyuducuda heç bir səsin olmadığını bildirərək məhkəməyə müraciət etdiyimdə mənə şahidlik qismində kömək edəcəyini bildirdi. Beləliklə də bütün apardığım araşdırmalar nəticəsində mən bu soyuducunun qüsurlu (deffekt) olduğuna əmin olaraq gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq məqsədilə soyuducunun dəyişdirilməsini və ya soyuducunu təhvil alaraq ödədiyim məbləğin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Kontakt Home-a müraciət etdim.



Lakin cavab olaraq Kontak Home əməkdaşı (telefonda) soyuducunun təmirə ehtiyacı olduğunu və dəyişdirilməsinin qeyri-mümkün olduğunu bildirdi. Daha sonra Kontakt Home Gənclik filialının adminstratoru Anar müəllimlə görüşərək bu məsələni müzakirə etdik. Anar müəllim Gənclik filialına yeni keçdiyini lakin məsələ ilə bağlı məlumatı olduğunu bildirdi və soyuducunun həqiqətən də deffekt olduğunu bildirərək dəyişdirilməsi üçün ABC Telecoma bir daha müraciət etməyimi tövsiyyə etdi. Və mən ABC Telecoma müraciət etdim. ABC telecom əməkdaşı da (telefonda) soyuducunun təmirə ehtiyacı olduğunu və dəyişdirilməsinin qeyri-mümkün olduğunu bildirdi. Bir məqam var ki, sonuncu usta soyuducuda heç bir problemin olmadığını bildirdiyi halda ABC Telecom əməkdaşı (xanım əməkdaşı) telefonda mənə soyuducunun təmir olunmasına razılıq verməyimi təklif etdi. Əgər bu soyuducuda problem yoxdursa o zaman xanım əməkdaş nəyə görə onun təmir olunmasını təklif edir?! Demək ki, bu soyuducu ilk gündən deffekt olub, lakin ustalar vaxtı uzatmaq məqsədilə bunu məndən gizlədiblər. Onu da nəzərinizə çatdırım ki, ilk gündən soyuducuda qüsur olduğunu aşkar etdiyimə görə və soyuducunun dəyişdiriləcəyinə ümid etdiyimə görə onun bir çox hissələrindəki yapışqan bağlamaları sökməmişəm. Və onu da qeyd edim ki, ABC Telecomdan sonuncu cavabı aldıqdan sonra yenidən Kontakt Home-un adminstratoru Anar bəylə telefonda danışarkən Anar bəy mənə "Mən soyuducunun dəyişdirilməsini məsləhət gördüm, lakin yuxarıdakılar razı deyil” deyərək məhkəməyə müraciət etməyimi məsləhət gördü. Məhkəməyə müraciət etməzdən əvvəl mən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə yenidən müraciət etdim. İkinci müraciətimdən sonra Kontakt Home-un Ceyhun adlı əməkdaşı mənə zəng edərək soyuducunun dəyişdirilməsinə qərar verildiyini bildirdi və məni Kontakt Home-a Anar bəyə yönləndirdi. Mən həmin gün Kontakt Home-a yaxınlaşdım. Lakin Anar bəy şəxsiyyət vəsiqəmin üzərimdə olmadığına görə məni geri qaytardı (mənim şəxsiyyət vəsiqəmin nüsxəsinin Kontakt Home-da olmasına baxmayaraq) və ertəsi gün yaxınlaşmağımı xahiş etdi. Mən ertəsi gün yaxınlaşdım. İşçilər Anar bəyin mağazada olmadığını bildirdilər. Geri qayıtdım. Ertəsi gün yenidən mağazaya yaxınlaşdım.

Anar bəy məni kredit mütəxəssisinə yönləndirdi. Kredit mütəxəssisi şəxsiyyət vəsiqəsinə ehtiyac olmadığını bildirərək kredit müqaviləsində dəyişikliklər etməyə başladı. Lakin həmin soyuducudan mağazada olmadığına görə onun əvəzinə başqa soyuducu seçməyimi təklif etdi. Mən soyuducular düzülən mərtəbəyə endim. Və orada eynən aldığım soyuducunun gümüşü rəngini gördüm. Anar bəy mənim soyuducumun bu soyuducuyla dəyişdiriləcəyi halda əlavə pul ödənişi etməli olduğumu bildirdi və mənə mənim aldığım soyuducudan ucuz və daha zəif 1200 AZN-lik soyuducu təklif etdi. Lakin mən razılaşmadım. Və mən aldığım soyuducunun eynisini onlardan tələb etdim. Cavab olaraq Anar bəy mənə "yuxarıdakılarla danışıb sizə xəbər edəcəm” deyərək məni mağazadan yola saldı. İki həftə keçdi Kontakt Home-dan Ziba adlı əməkdaş zəng edərək mənə Samsungun Rusiyadakı baş ofisinə ərizə yazmağımı təklif etdi. Mən də cavab olaraq "Mən soyuducunu Rusiyadan yox Kontakt Home-dan almışam” deyərək cavab verdim. İki həftə gözlədikdən Anar bəydən xəbər çıxmadığına görə yenidən Ceyhun adlı əməkdaşa zəng vurdum. Ceyhun adlı əməkdaş kobudcasına "Ya gəlin 1200 AZN-lik soyuducunu götürün ya da ki, məhkəməyə müraciət edin” deyərək cavab verdi".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]