Ölkə

Məcburi köçkünlər sayğac quraşdırmağa imkan vermədilər - Aksiya/ FOTO/ VİDEO (YENİLƏNİB)

26-01-2017, 22:26
Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirib.

BakiPost.az xəbər verir ki, onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcəklər.

Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Nazirliyin bu qərarından sonra isə sakinlərin köçürülməsi əvəzinə, binada sayğaclaşma işlərinə başlanılması onların hiddətinə səbəb olub.

Hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunub. Polislər köçkünlərin yolu bağlamasına mane olublar.

Qeyd edək ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsindən sonra onların yaşadıqları mənzillərdə sayğaclaşma prsosesinə başlanılıb.




Yasamal rayonu Şərifzadə küçəsindəki Rabitə və Nəqliyyat kollecinin beş mərtəbəli iki yataqxanasında məskunlaşan məcburi köçkünlər və məcburi köçkün olmayan ailələr elektrik sayğaclarının quraşdırılmasına imkan verməyiblər.

Bu barədə musavat.com-a verilən məlumatda deyilir ki, yanvarın 26-da saat 12-də "Azərişıq” ASC-nin mütəxəssisləri yataqxanalara gəliblər və evlərə sayğac quraşdırmaq istəyiblər. Yataqxana sakinləri işsizlikdən dolanışıqlarının ağır olduğunu işıq pulunu ödəmək imkanında olmadıqlarını əsas gətirərək sayğac quraşdırılmasına etiraz ediblər. Sakinlər ilə "Azərişıq” nümayəndələri və onlarla birlikdə gələn şəxslər arasında narazılıq yaranıb. Yataqxana sakinləri Şərifzadə küçəsinə çıxaraq yolu bağlayıblar. Polis əraziyə gəlib danışıqlar apardıqdan sonra aksiyaçılar yolu açsa da, sayğac quraşdırılmasına imkan verməyiblər. Tələbləri bu olub ki, əvvəl onları işlə təmin etsinlər, sonra sayğac quraşdırılsın.

Məlumatda deyilir ki, sözügedən yataqxanalarda təxminən 200 ailə yaşayır və binada qaz ümumiyyətlə yoxdur. Sakinlər elektrik enerjisinin ümidinədirlər və bu səbəbdən də sərfiyyat daha çox olur.


Bildirilir ki, bu yataqxanada yaşayanların bir yarısı məcburi köçkünlər olsa da, ölkənin digər rayonlarından gəlib, burada məskunlaşanlar da çoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]