Əsas Səhifə / Elm

Ərəb dilinə maraq niyə artıb: Ərəblərin axını, yoxsa, İslama maraq?

26-01-2017, 22:19
Məlum olduğu kimi, ötən il Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayında ciddi artım müşahidə olunub.

Belə ki, rəsmi rəqəmlərə görə, Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana gələn turistlərin sayı 33 dəfə, ümumi ərəb ölkələrindən gələn turistlərin sayı isə 8 dəfə artıb.



Ərəblərin ölkəmizə axışmasından sonra isə ərəb dilinə olan marağın xeyli artdığı bildirilir. Hətta bir çox dil kursları öz "menyu”larına ərəb dilini də əlavə edib və bununla bağlı sosial şəbəkələrdə mütəmadi olaraq reklamlar tirajlayır.

Ərəb dili öyrənmək istəyənlər arasında xanımların üstünlük təşkil etdiyi söylənilir.

Maraqlıdır, deyilənlər həqiqətə nə qədər yaxındır və kurslar neçəyədir?

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı ərəb dili kursları təşkil edən təhsil mərkəzləri ilə əlaqə saxlayaraq suallara aydınlıq gətirməyə çalışıb.

Bu dili yeni tərdis etməyə başlayan "Greenwich Education Center”dən saytımıza verilən məlumata görə, hazırda kurslara qəbul keçirilir: "Biz ərəb dilinin tədrisinə yeni başlamışıq. Tədris edən müəllimə çox təcrübəli bir mütəxəssisdir. Hazırda kursa qəbul prosesi keçirilir. Kurslarla daha çox turizm şirkətlərində çalışan bəylər maraqlanır, nəinki xanımlar”.

Mərkəzdən bildirilib ki, kursun qiyməti 70 manatdır.

"Vision” tədris mərkəzindən isə bildirilib ki, əvvəlki illərlə müqayisədə bu il ərəb dilinə marağın artması ilə bağlı deyilənlər o qədər də doğru deyil: "Ötən illərdə maraq necə idisə, indi də elədir. Ərəblərin ötən il Azərbaycana axışmasında sonra dəyişən bir şey yoxdur. Onu deyə bilərik ki, müraciət edənlərin əksəriyyəti kişilərdir”.



"Simul Education and Consulting”dən isə bu dilə marağın artdığını deyiblər: "Fərdi müraciət edənlər üçün 140 manat, qrupla olanda isə 75 manatdır. Həftədə 2 dəfə 1,5 saat, 3 dəfə olanda isə 1 saat keçirilir. Müraciət edənlər arasnda qadınlar da var, kişilər də”.

"Home education” tədris mərkəzinin nümayəndəsi saytımıza açıqlamasında deyib ki, ərəb dili öyrənmək istəyənlərin sayı həddən artıq azdır: "Ayda-ildə 1 nəfər ərəb dili kursu ilə maraqlana ya maraqlanmaya. Bəlkə də elə ildə 1 nəfər olur. O da hansısa səfirliyin işçisi olur, yaxud sərhəd qoşunlarının, Gömrük Komitəsinin əməkdaşı olur. Yəni kurslarla maraqlananlar əsasən ərəb ölkələrinə iş üçün gedənlərdir. Bir də görürsən 1 ya 2 nəfər gəlir, öyrənir, gedir.

Maraq deyildiyi kimi çox deyil. Kursun qiyməti də 90 manatdır”.

Özəl kurslardan əlavə isə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ödənişsiz ərəb dili kursları təşkil olunub.

Bilik Fondundan BakiPost.az-a verilən məlumata görə, kurslarda hazırda 20 nəfər təhsil alır: "Könüllülər üçün ərəb dili kurslarının təşkil edilməsi bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə əlaqədardır. Məqsəd həmin tədbirdə iştirak etmək üçün ərəb ölkələrindən respublikamıza gələcək qonaqlara Azərbaycan həqiqətlərini daha ətraflı çatdırmaqdır.

Ərəb dili kursları 2016-cı ilin tədris ilinin ikinci yarısından başlayıb. Kurslarda hərəsində 10 nəfər olmaqla iki qrup fəaliyyət göstərir”.

Araşdırma zamanı məlum olur ki, ərəb dilini öyrənmək istəyənlərin çoxu İslam dininə marağı olan şəxslərdir və onlar kurslara deyil, dini biliyi olan şəxslərin evlərdə, mədrəsə və ya məscidlərə təşkil etdiyi dərslərə üstünlük verirlər. Buna əsas səbəblərdən biri, bu dərslərin çox vaxt pulsuz və ya ucuz olması, üstəlik dilin "Quran” üzərindən öyrədilməsidir. Məsələnin qorxulu və narahatedici məqamı ondan ibarətdir ki, belə dərslərdə dillə yanaşı, müəyyən dini cərəyanların təbliğinin aparılması da müşahidə olunur. Bu baxımdan vəhhabilər daha aktiv fəaliyyət göstərir.

Nigar Etibar

Administratorla əlaqə

077 611-55-22

[email protected]