Gündəm

Asif Əsgərov oğlunu ram edə bilmir-İDDİA

24-01-2017, 15:16
“Asif Əsgərovun oğlu İlham Əsgərli öz kefindədir. Nə əyləncəsindən qalır, nə həmişəki özbaşına hərəkətlərindən”.

Bu barədə AFN-ə Nəsimi rayon İcra Hakimiyyətində çalışan işçilərdən biri məlumat verib. Onun sözlərinə görə, başçı oğlu qəza edən vaxt yanında olan sürücünü də işdən çıxarıb: “Oğlunu ərköyün böyüdüb, sonra da günahı sürücüdə gördü. Guya sürücü sükanı İlhama verməməli idi. Axı onun hünəri nə idi bunu etməyəydi? İlham icra hakimiyyətinin binasına gələndə böyüklü-kiçikli hamı onu ayaqüstə qarşılamalıdır. Təəssüf ki, o hadisədən sonra da ram olmayıb. Nə əyləncəsindən qalır, nə ərköyünlüyündən. Baxmayaraq ki, məhkəmə onun barəsində 3 il avtomobil idarə etməmək barəsində qərar çıxarıb, onu yenə avtomobil idarə edən görüblər. Xataya salıb həbs etdirdiyi Əhliman Süleymanovun ailəsi də aclıq-səfalət içindədir. Onun atası əvvəllər neçə dəfə gəldi Asif Əsgərovla görüşmək istədi, qəbul etmədi qaytardı kişini”.

Xatırladaq ki, “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S 500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb. Qeyd edək ki, hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub.

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular. Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı.

Elə həmin ərəfədə vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini İftixar Qurbanovun da daxil olduğu komissiyanın rəyinə əsasən, məhkəmənin hakimi Anar Qasımov 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib.

Qeyd edək ki, mediada İ.Əsgərlinin ölkəni tərk etməsilə bağlı da xəbərlər yayılıb. Bütün qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]