Dünya

Dəmirdaşın Türkiyə xəyanəti, Rusiyanın cinayəti

26-12-2015, 08:42

"Amnesty İnternational” Moskvanı Suriyada dinc əhaliyə qarşı hərbi cinayətlərdə ittiham etdi; HDP sədrinin belə bir ölkəyə səfər edib Kremli haqlı çıxarması öldürülən dinc türk-müsəlmanların ruhuna da təhqirdir... 

 

PKK terror təşkilatının siyasi qanadlarından sayılan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaşın Moskva səfəri və orada Türkiyə əleyhinə mövqe sərgiləməsi, o sırada "Su 24" məsələsində Kremli dəstəkləməsi Türkiyə ictimai-siyasi çevrələrində haqlı tənqidə tuş gəldi, türk xalqına və Türkiyə dövlətinə qarşı xəyanətkar, xain davranış kimi qiymətləndirildi.


Son olaraq baş nazir Əhməd Davudoğlu HDP sədrinin Moskvaya səfərini və səfər zamanı verdiyi bəyanatları rüsvayçılıq adlandırıb, bu hərəkətlərin millətə xəyanət olduğunu söyləyib. "HDP sədrinin Rusiyada, ”Türkiyənin Rusiya təyyarəsini vurması səhvdir" söyləməsi tam bir rüsvayçılıq və xəyanətdir. Rus təyyarələrinin günahsız türkmənləri, ərəbləri, kürdləri Azezdə (Homs), Hələbdə, İdlibdə, Bayırbucaqda bombaladığı vaxtda qaça-qaça Rusiyaya gedib dəstək ifadə etmək, millətə xəyanət etməkdir. Bu - açıq bir rüsvayçılıqdır",- deyə baş nazir bildirib.

Gəl ki, Dəmirdaş özünü hələ də o yerə qoymaq istəmir və sanki heç bir pis iş tutmadığında israr göstərməkdədir. Üstəlik, "Rusiya təyyarəsinin vurulmasının Türkiyəyə faydasını desinlər, üzr istəyəcəyəm”, - deyə başqa bir absurdu, daha doğrusu, siyasi həyasızlığı dilə gətirir. Halbuki, konkret halda söhbət hər hansı faydadan yox, PKK yanlı HDP liderinin xəyanətkar mövqeyindən gedir. Çünki insidentin hər iki tərəfə faydası olmadığını Ankara rəsmiləri dəfələrlə bəyan ediblər.


Türkiyə yetkililəri onu da dönə-dönə vurğulayıblar ki, rus hərbi maşınını məcburiyyətdən vurublar. Türkiyə Rusiya tərəfini sonuncu dəfə hava pozuntuları ilə bağlı xəbərdar eləmişdi. Dəmirdaş Kremlin bu xəbərdarlıqlara niyə məhəl qoyilmamasını Moskvadan soruşsaydı - bu, ayrı məsələ...

***

Bu arada Qərb mətbuatı və beynəlxalq hüquq müdafiə təşkilatları Rusiyanı Suriyada hərbi cinayətlər törətməkdə ittiham etməyə başlayıb. Moskva bununla bağlı getdikcə daha sərt tənqidlərə tuş gəlməkdədir. İbrətamizdir k, dünən nüfuzlu insan haqları təşkilatı olan "Amnesty İnternational” Rusiya hərbçilərini Suriyada hərbi cinayətlər törətməkdə ittiham edən ifşaedici hesabat yayıb.

Qurumun hesabatında göstərilir ki, Suriya ərazisində Rusiya aviahücumlarının bombardmanlarına bir çox mülki infrastruktur obyektləri, o cümlədən yaşayış evləri, məscidlər, tibb müəssisələri məruz qalıb. Bu hücumlar eyn zamanda çoxsaylı insan itkilərinə səbəb olub.


Sənəd 2015-ci ilin sentyabrından noyabradək olan müddətdə Rusiya aviasiyasının Xoms, İdlib və Hələbə endirdiyi 6 aviazərbənin tədqiq edilməsi əsasında hazırlanıb. Hesabatda çoxlu insan itkilərinin olması ilə yanaşı, Rusiya hərbçilərinin yaşayış rayonlarının bombalanması zamanı beynəlxalq hüquqla qadağan edilmiş kaset bombalarından və idarə olunmayan mərmilərdən istifadə edildiyi qeyd olunur.

"Görünür, Rusiyanın bəzi aviahücumlarının hədəfi hərbi yox, mülki obyektlər olub. Bu hücumlar nəticəsində dinc insanlar öldürülüb və ya yaralanıb. Belə aktlar hərbi cinayətlərə bərabər tutula bilər”, - qeyd edib "Amnesty İnternational”ın rəsmisi Filipp Lüter.


O da vurğulanır ki, sadalanan halların hamısını ekspertlər diqqətlə araşdırıblar. Onlar maddi sübut kimi çoxlu foto- və videomateriallar da toplayıblar. Təhqiqat zamanı ekspertlər öz məlumatlarını həmçinin, Rusiya tərəfinin uçuşlar və bombardmanlar barədə yaydığı rəsmi məlumatları ilə tutuşdurublar.

***
Rusiya tərəfi ənənəvi olaraq bu ittihamları rədd eləsə də fakt-faktlığında qalır. Kremlin Suriya ərazisində hərbi cinayətlər törətdiyini barədə Türkiyə tərəfində də çox ciddi faktlar var. Üstəlik, orada yaşayan soydaşlarımızın - türkmənlərin dilindən dəfələrlə bənzər dəlil-sübutlar mətbuatda yer alıb. Dəmirdaşa başqa nə lazımdır ki?


HDP sədri isə məhz belə bir dövlətin - artıq hərbi cinayətlərdə və dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadədə suçlanan Rusiyanın paytaxtına səfər edərək orada danışıqlar aparır, bununla da Suriyada dinc müsəlman-türkləri qanına qəltan edən Moskvanın antibəşəri hərəkətlərinə haqq qazandırır, Putinin qadın və uşaqların qanına bulaşan əllərinə su tökür.

Öz hərəkətinin naqisliyini, Türkiyəyə qarşı satqın və xain davranışı anlamaq üçün görəsən ona başqa hansı tutarlı faktlar lazımdır? Xəyanətin buynuzu-zadı olmur ki. Belə bir addım həm də rus bomba və mərmilərindən dünyasını dəyişən dinc türk-müsəlmanların ruhuna təhqirdir.

Baş nazir Əhməd Davudoğlu da zatən, bunu deyib...

Administratorla əlaqə

077 611-55-22

[email protected]