Siyasət

Niyə Ərdoğan Bakıya gəlmək istəyən ərəfələrdə Ankara partlayır? – Şərh

14-03-2016, 00:21

Türkiyəyə qarşı xain müharibə aparılır - Müsavat.com-un operativ şərhi 

 


Bu, artıq Türkiyə dövlətinə, türk xalqına müharibə elan etməkdir. Bir ay ərzində ikinci dəfə (ümumilikdə isə son 4 ayda 3-cü dəfə!) paytaxt Ankaranın xain terror hücumuna məruz qalmasının doğurduğu birinci ciddi qənaət bundan ibarətdir. Ancaq təkcə Türkiyə dövləti və xalqınamı? 

Məsələ ondadır ki, budəfəki terror hücumu da prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sayılı günlər qalmış səfəri öncəsi  və mərkəzi hökumət qurumlarına yaxın ərazidə törədilib: qardaş ölkənin rəhbərinin ilaxır çərşənbə günü Bakıda olması xəbəri yayılmışdı. Bu da onu göstərir ki, hədəf bilavasitə AKP hakimiyyəti və onun lideri Ərdoğandır. Türkiyə hakimiyyətini sarsıtmaq, onun daxili dayaqlarını zəiflətmək, toplumda xofu gücləndirib də onu mövcud hökumətə qarşı qaldırmaq cəhdidir. Türkiyə iqtidarına növbəti "əzələ nümayişidir”. Bu da olsun ikinci mühüm nəticə.

Üçüncü ciddi qənaət əlbəttə ki, Azərbaycanla bağlıdır. Çünki bugünkü terror aktı da artıq vurğulandığı kimi, Ərdoğanın Bakı səfəri öncəsi baş verib. Əgər fevralın 17-dəki terror oyanını haradasa təsadüfün ayağına yazmaq mümkün idisə, bu dəfə təsadüf elementinə zərrəcə yer almır. Məsələ həm də ondadır ki, fevralın 17-dən sonra Türkiyə prezidenti Afrika ölkələrinə də səfər eləmiş, lakin səfər ərəfəsində heç bir insident yaşanmamışdı. 
Bu xüsusda son terror olayı - onun arxasında duranların, yaxud terror aktını sifariş edənlərin rəsmi Bakıya da açıq ismarışı, xəbərdarlıq mesajıdır. Nəzərə alsaq ki, iki qardaş ölkə arasında bir həftədir Konyada birgə və uğurlu hərbi təlimlər keçirilir, sonuncu qənaət daha da güclü görünər.

Yuxarıdakı qənaət-nəticələrdən çıxış edib də, sifarişçilərin mümkün dairəsini cızmaq mümkündür. Onların arasında sözsüz ki, Bakı-Ankara birliyinin, məxsusən də iki qardaş dövlətin hərbi sahədə yaxınlaşmasını arzu etməyən qüvvələr yox deyil.
Daha bir vacib detal: keçən ay edilən intiharçı terror hücumunda əsas hədəf hərbçilər idisə, indi yüzdə yüz günahsız dinc sakinlərdir. Bu da aktın arxasında dayanan qüvvələrin nə dərəcədə məkrli, eyni zamanda aciz olduğunu nümayiş etdirir və 17 fevral terror aktı ilə öz hədəflərinə çatmadığı təəssüratını yaradır. Əks halda mülki şəxslər hədəf götürülməz, yenə hərbi qulluqçulara hücum edilərdi.  

Yada salaq ki, 17 fevral terror aktında məhz hərbçilərin həlak olması aktın arxasında "Rusiya izi”nin axtarılmasına səbəb olmuşdu. Yəni "Su-24” insidentinə görə revanş məsələsi. Amma indi mülki əhali hədəf seçilib. Üstəlik, Rusiya-Türkiyə münasibətlərində ilıqlaşma müşahidə edildiyi vaxtda niyə Kreml bunda maraqlı olsun ki? 
Əlbəttə ki, bu və başqa suallara terror olayının təhqiqatının gedişində, habelə terrorun icraçısının və ya icraçılarının kimliyi dəqiqləşəndən sonra aydınlıq gələcək. Bütün hallarda qardaş ölkəyə, ümumən insanlığa, bəşəriyyətə qarşı bir amansız savaş, cəbhə açıldığı ortadadır. 

Odur ki, Türkiyədə ard-arda baş verən terror olayları beynəlxalq birliyi, ən əvvəl də Qərb, NATO dövlətlərini ciddi narahat etməlidir. Axı, hər necə olmasa, NATO üzvünə hücum, NATO-ya da hücumdur. 

Yaşananlardan sonra prezident Ərdoğanın martın 15-də Bakıya gəlib-gəlməyəcəyi yenidən sual altına düşüb. Yenə sual çıxır: niyə məhz Bakı səfəri ərəfəsində? Bu suala daha dolğun cavabı bilmək üçün yəqin ki, çox gözləmək lazım gəlməyəcək.        

Administratorla əlaqə

077 611-55-22

[email protected]