Ölkə
“Lotu Quli”nin həbsxanalarda yayılmış məktubu açıqlandı: ““Rövşən Lənkəranski...”
18-01-2017, 10:12
Rusiya nəşri "Lənkəranski”nin Uralda ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarlarının Bakıda həbsdə olan "qanuni oğru”nun nəzarətinə keçdiyini iddia edir; Ural niyə həmişə "yağlı tikə” olub?
Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı "qanuni oğru” Nadir Səlifova ("Lotu Quli”) biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.
Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, "Lotu Quli” həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə ("Rövşən Lənkəranski”) məxsus yeri tutub. Xatırladaq ki, "Lənkəranski” ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.
"Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, - nəşr iddia edir.
Nəşr "Lənkəranski”nin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında "Quli”nin müraciətinin yayıldığını xəbər verib. Sitat: "...Həmçinin Sizi ”Rövşən Lənkəranski" ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".
Rusiya nəşrinin yaydığı "Lotu Quli”nin "praqon” adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə "Lənkəranski”nin yaxın adamlarıdır. Çox güman ki, söhbət "Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlıdan və "Rüfət Gəncinski” kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. "Hacı Beyləqanski”nin isə azadlıqda olduğu deyilir...
Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər "Ded Xasan” ləqəbli "qanuni oğru” Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb-Y.M.) "smotryayuşi”si "Ded Xasan” kimi tanınmış "qanuni oğru” Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və "Ded” in yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, "Ded” in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və "Sverdlovsk” ləqəbi alıb. "Timur Sverdlovski” 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. "Timur Sverdlovski” milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və "Rövşən Lənkəranski” bu bölgədə möhkəmlənə bildi. Amma "Lənkəranski” qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və "Lənkəranski”nin adamları həbsə alındı.
Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, "Ded Xasan” klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan"Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir-Y.M.) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra "Ded Xasan” klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.
"Rövşən Lənkəranski”nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan "Quli”nin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl "Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, "Lotu Quli” və Gürcüstan doğumlu "Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.
"Lənkəranski”nin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, "Lənkəranski”nin bazarları uğrunda mübarizəyə gürcü və çeçen "qanuni oğru”lar da qoşulub.