Siyasət

Hökumət Azərbaycanı hara sıçradacaq?

25-12-2016, 14:04

Yaxud, inkişafın "Hüseynova bacıları” modeli

Yəqin ki, "Bəxtiyar” filminə hamı baxıb. Həmin filmdə məhşur bir səhnə var. Hüseynova bacıları duet oxuyur və mahnı başa çatanda məlum olur ki, komissiya ifanı bəyənməyib. Ona görə də "Hüseynova bacıları” növbəti dəfə oxumağa cəhd edir və komissiya üzvləri onları dayandırır. Yəni, başa düşürlər ki, bu xanımlar oxumağı bacarmır və təkrar ifanı dinləmək əbəsdir.
Bu məhşur səhnəni əbəs yerə xatırlamadım. Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan yeni sıçrayışa hazırlaşır” deyəndə, "Hüseynova bacıları” qarşımda canlandı.
"Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Azərbaycan yeni bir sıçrayışa hazırlaşır”.
Bəli, bu fantastik fikirləri Əli Əhmədov səsləndirib. Məsələ burasındadır ki, komissiya "Hüseynova bacıları”nın potensialına bələd olduğu kimi, biz də bu hökumətin potensialına bələdik. Bilirik ki, hökumətin yenidən "balameyy” deməsinin heç bir əhəmiyyəti olmayacaq. Biz 23 ildir bunların özfəaliyyətinin nədən ibarət olduğuna şahidlik edirik.
140 milyard neft puluyla ölkəni iflic vəziyyətə salan, milli valyutanı 110 faiz qısırlaşdıran, ölkəni xarici borcla yükləyən, hətta kortof-soğana olan tələbatı da yerli istehsal hesabına ödəyə bilməyən komanda, böhran vəziyyətində hara sıçraya bilər? Bundan sonra bu komandayla qabağa sıçramaq mümkündürmü? Korrupsiya, monopoliya, hüquqsuzluqla yüklənmiş komanda hündürə tullana bilərmi?
Bəli, böyük sıçrayışlar üçün əlverişli fürsətlər olub, amma bu fürsətlər irəli sıçramağa yox, geriyə addımlamağa xidmət edib. Ölkənin böyük sıçrayışla irəli getməsinə imkan verilməyib, sıçramağa hazır olan ölkənin qanadları, ayaqları kəsilib. İndi xəbər tutublar ki, sıçramaq lazımdır. Sağlam vaxtı sıçrayışlardan yan qaçıb, xəstə vaxtı sıçramaqdan dəm vururlar.
Reallıq budur ki, hökumətin sıçrayışı xalqın başında çatlayır. Sıçrayıb qiymət qaldırırlar, sıçrayıb cərimələri sərtləşdirirlər, sıçrayıb kredit bataqlığı yaradırlar və.s Yəni, bunlar ancaq xalqın başına düşmək üçün sıçraya bilirlər. Deməli, bu dəfə də sıçrayıb başımıza düşəcəklər.
Cənablar, bizə həqiqi ifaçı lazımdır. "Hüseynova bacıları”nın repertuarı ilə uzağa getmək olmaz. Zamanın komissiyası sizin özfəaliyyətinizi qəbul etmir. Daha sıçrayış etməyin, bundan da ağır böhrana hazır deyilik.
İndiki halda ən yaxşı, ən mütərəqqi sıçrayış, hökuməti təhvil verib, istefaya getmək olardı. Biz çoxdandır ki, məhz bu sıçrayışı gözləyirik.

İlham

Administratorla əlaqə

077 611-55-22

[email protected]