Ölkə

Poçt, telefon abunəsi, internet və kontur bahalaşır

19-12-2016, 01:31
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xalqın əleyhinə növbəti qərara hazırlaşır; Ramin Quluzadənin rəhbər posta gəlişindən sonra rabitə sektorunda vəziyyət pisləşib... 

Politika.Az xəbər verir ki, internet xidməti haqqının ayın ilk 6 günü ərzində ödənilməsi barədə qanunsuz tələbin ardınca poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində dəyişiklik ediləcək. 

Nazirlik Tarif Şurasına müraciətində bu xidmətlər üzrə bahalaşmaya gedilməsini istəyir. Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Böyük ehtimalla yeni rabitə tarifləri "bahalaşma janrında” olacaq. Güman ki, yeni ilin ilk aylarında Tarif Şurası bununla bağlı qərar qəbul edəcək. Hökumətin "bahalı tariflər” siyasəti rabitədən də yan keçməycək. Rabitə tariflərində son tənzimləmə 2014-cü ilin yanvarın 1-də olub.

Poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində artım əhalinin cibinə növbəti dəfə girmək, soyğunçuluq etmək olacaq. 

Bildirilir ki, internet tariflərini birbaşa artırmaq nazirliyin səlahiyyətində olmasa da, "Bakinternet” R.Quluzadənin təlimatı əsasında işləyir. 

Digər şirkətlərin də ona baxaraq adkvat addım atacağı gözləniləndir. Mobil operator bazarında da konturun bahalaşması şirkətlər tərəfindən müəyyən edilsə də, nazirliyin sözügedən artımları Tarif Şurasına təklif etməsindən sonra "Azercell” və "Bakcell”in ə-qolunu sallayıb oturacağına balaca uşaq da inanmaz. 

Politika.Az yada salır ki, aylıq abunə pulu və Bakinternetin aylıq ödənişində yeni qaydalar tətbiq olunub. 

Vətəndaşların evlərinə zəng edərək və telefonlarına mesaj yollayaraq xəbərdarlıq edirlər ki, bundan sonra hər ayın 6-dək ödənişlər edilməlidir. Xəbərdarlıqda deyilir ki, əks halda internet və telefon xətti kəsiləcək. R.Babayev təyinat alar-almaz ilk işi belə analoqsuz qərar imzalamaq olub. 

Dünyanın heç bir ölkəsində bu praktika yoxdur ki, abunə haqqı ayın əvvəli alınsın. Çünki vətəndaşlar əmək haqlarını ayın sonunda alır və ödəniş edirlər. 

Bu günə kimi aylıq ödənişi ay ərzində istənilən gün ödəmək mümkün idi. Həmçinin, internet xidməti haqqı da bir ay ötsə belə kəsilmirdi və hətta iki ayın ödənişi edilirdi. Ekspertlər belə hesab edir ki, indiki şəraitdə rabitə tarifləri ancaq bahalaşa bilər. Xüsusilə də enerji daşıyıcılarının qiyməti bahalaşması buna əsas verir. 

Tarif Şurasının qərarına əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 

107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib. 

Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]