Ölkə

Təhsil Nazirliyinin Sumqayıtda “oğurlanan saqqızı” və ya üsyana qalxan məktəb…

9-12-2016, 15:05

Məlum olduğu kimi, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun bu posta təyinatından sonra ilk qəzəbə tuş gələn təhsil sahəsi oldu. Uzun müddət təhsil sistemində çalışan və böyük nüfuza malik Vaqif müəllim bu vəzifədən kənarlaşdırıldıqdan sonra çoxları "Gənclər şəhəri”nin təhsilində inqilabi dəyişikliklər olacağını düşünürdü. Amma… Belə ki, cumhuriyyet.az olaraq son bir ildə sözügedən sahə ilə bağlı baş verənləri nəzərdən keçirəndə müəmmalı durum ortaya çıxır. Maraqlıdır ki, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyanlar ancaq "qonaq” qismində möhtəşəm kresloda əyləşməli olurdular. Yəni Vidadi Bağırovdan sonra bu kabinetə qədəm basanların heç biri adını çəkdiyimiz keçmiş müdir qədər uzun müddət burada qərarlaşa bilmədilər. Bir sözlə, gəldilər, getdilər…
Bu ilin aprel ayında Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olundu. Belə ki, Ruhiyyə İsabala qızı Tağıyeva şəhər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Amma R.Tağıyeva da bu postda qalmaqallarla yadda qaldı. Noyabr ayının sonlarında Ruhiyyə Tağıyeva tutduğu vəzifədən azad edilib, onun yerinə Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Rza oğlu Namazov Sumqayıt Təhsil şöbəsinin müdiri təyin olunub.Yeni "təhsil şefi”nin özünü necə göstərəcəyi zamanın cavablandıracağı sualdır. Amma maraqlı budur ki, Sumqayıt təhsis sistemi R.Tağıyeva kabusundan tam azad olmayıb. Bununla bağlı cumhuriyyet.az olaraq bizə daxil olan məlumatlarda ilginc detallar yer alıb. İlk olaraq onu bildirək ki, R.Tağıyeva təhsil şöbəsinin müdiri olmamışdan öncə Sumqayıt şəhər 24 saylı orta məktəbin direktoru, bundan əvvəl isə 15 saylı məktəbdə direktor müavini olub. Deyilənə görə, R.Tağıyeva orta məktəb fəaliyyəti dönəmində bir dəfə rüşvət qalmaqalı yaşayıb və sonradan havadarları onu bu problemdən xilas edib.
Oxucularımıza onu da xatırladaq ki, R.Tağıyevanın təhsil şöbəsinin müdiri kimi fəaliyyətin zamanı yaşanan problemlər haqda bir neçə yazılar dərc etmişik. Qısaca onu bildirək ki, bu problemlər bir neçə sumqayıt müəlliminin təhsil nazirliyi qarşısındakı aksiyaya qədər böyüdü. Nəhəyət, bu şəxs Sumqayıt təhsilinə rəhbərlikdən kənarlaşdırıldı. Yeri gəlmişkən, etibarlı mənbədən cumhuriyyet.az-a sızan məlumata görə R.Tağıyevanın Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri kimi fəaliyyətindən şəhər rəhbərliyinin də narazılığı var imiş, xanım müdirənin mötəbər bir rəsmi toplantıda saqqız çeynəməsi isə bu narazılığı pik həddə çatdırıb. Nəticə isə ortada…
… Amma hazırda baş verənlər saqqız çeynəmənin məkanı və maqamını düz müəyyənləşdirməyən xanım pedaqoqun təhsil nazirliyinin də hansı yollasa "saqqızını oğurladığından” xəbər verir. Məsələ burasındadır ki, R.Tağıyeva yenidən Sumqayıt təhsil sistemində vəzifə tutmaq iddiasındadır. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, sabiq təhsil şefi indi də Sumqayıt şəhər 11 saylı orta məktəbə direktor olmağa can atır. Mənbənin məlumatına görə, bu prosesin əsası qoyulub. Maraqlıdır ki, Sumqayıt təhsil şöbəsi müdirinin müavini Firudin Qurbanov 11 saylı məktəbin direktoruna aid möhürü belə məktəbdən götürüb. Bütün bu baş verənlər isə adıçəkilən məktəbin pedoqoji kollektivinin etirazına səbəb olub. Kollektivin icra hakimiyyətinə və təhsil şöbəsinə etirazı isə konkret bildirilib: "Ruhiyyə Tağıyyevə məktəbə direktor kimi ayaq basacaqsa, biz dərslərdən imtina edəcəyik…”

Elçin Əmirov, Cumhuriyyet.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]