İqtisadiyyat

Maaşlar azı 25 faiz artırılmalıdır - ekspertlər təklif verirlər

8-12-2016, 15:04

Qubad İbadoğlu: "Pensiyaların baza məbləği və büdcə təşkilatlarında çalışanların əmək haqları gələn ilin ikinci yarısında qaldırıla bilər”

 


Ölkədə maaş və pensiyaların artırılması gözləntisi var. Tarif Şurasının bahalaşma ilə bağlı qərarından sonra bu fikir yenidən səslənsə də, ekspertlər büdcədə artımın nəzərdə tutulmadığını açıqlayıblar. Həmçinin bildirilir ki, builki inflyasiya səviyyəsi qədər gələn ilin əvvəlində maaş və pensiyaların baza hissəsinə cüzi artım olacaq. Bu artım isə ölkədə davam edən bahalaşmanın, inflyasiyanın və sosial problemlərin qarşısında ümumiyyətlə görünmür. 

Ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, 2017-ci il büdcəsinin ilkin variantında heç bir maaş artımı nəzərdə tutulmayıb: "Ölkədə bu il 11-12 faizlik inflyasiya gözlənilir. Yanvarın 1-də nə qədər hansı rəqəm elan olunacaqsa, həmin həcmdə indeksləşmə aparılacaq. Pensiyaların baza hissəsinə, büdcədən maliyyələşən vətəndaşların maaşlarına təsir göstərəcək. Təqribən 11-12 faiz artım müşahidə olunacaq. Əlavə hər hansı artım büdcə zərfində nəzərdə tutulmur. Ola bilər ki, neftin qiyməti qalxar və 70 dollara yaxınlaşar, bu zaman may ayında yenidən büdcəyə baxıla bilər. Bu da nəzəri olaraq mümkündür. Amma praktikada bu da çətin görünür. Çünki neftin qiymətlərinin belə kəskin artması ehtimalı çox aşağıdır”. 

Ekspert Qubad İbadoğlu musavat.com-a deyib ki, gələn ildən pensiyaların sığorta hissəsi 12 faizlik inflyasiya səviyyəsində indeksləşdiriləcək: "Ola bilər ki, bununla yanaşı, pensiyaların baza məbləği və büdcə təşkilatlarında çalışanların əmək haqları ilin ikinci yarısında qaldırılsın. Hətta ilin birinci yarısında isə hətta əmək haqları və pensiyalar artırılsa da belə, təqaüdlər və məvaciblər gecikdirilərək ödəniləcək”.

Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, ölkədə ciddi şəkildə maaş və pensiya artımına ehtiyac var: "Ancaq gözlənilən odur ki, artım inflyasiya səviyyəsi qədər olacaq. Bizim qiymətləndirməmizə görə, 2017-ci ildə maaş və pensiyaların orta hesabla 25 faiz artırılmasına ehtiyac var. Bu artımlarda da məqsəd inflyasiya nəticəsində yaranan xərcin kompensasiya edilməsi olmalıdır”. 

Qeyd edək ki, bu il rəsmi inflyasiya səviyyəsi 10-12 faiz civarında göstərilir ki, bu da real vəziyyətdən kəskin fərqlənir. Ekspert Rəşad Həsənov bizimyol.info-ya açıqlamasında bildirib ki, indeksasiya cari ildə müşahidə olunan infilyasiya səviyyəsinə uyğun olaraq hər ilin yanvar ayından etibarən pensiyalarda artımlar müşahidə olunur: "Qanunvericilikdə tətbiq olunan metod budur. Bu da yalnız pensiyalara aiddir. Pensiyalar 2017-ci ilin əvvəlində böyük ehtimalla indeksasiya nəticəsində 10-11 faiz arasında artacaq. Ancaq digər sahələrdə hər hansı ciddi dəyişiklik hiss olunmur. Dövlət sektorunda, xüsusilə əhalinin gəlirlərinin böyük bir qismi qeyri-rəsmi formada paketlərlə, illeqal qaydada formalaşırdı. İndi isə paketlər dayandırılıb, rüşvətin səviyyəsi aşağı düşüb. Bu sektorda çalışanların gəlirlərində azalma müşahidə olunur. Özəl sektorda çalışanların, xüsusilə fərdi sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti demək olar ki, gəlirsiz fəaliyyət göstərir. İxtisarlar, iş yerlərinin azalması, hətta bağlanması müşahidə olunur. Belə bir şəraitdə  biz əhalinin gəlirlərinin artımından hansı formada danışa bilərik? Bu qeyri-mümkündür. Tariflər məsələsi bahalaşmada yeni bir dalğa formalaşdırdı. Ümumiyyətlə, dünyada sınaqdan çıxmış təcrübələrdəndir ki, bu kimi kütləvi şəkildə kommunal xidmətlərin bahalaşmasına aparacaq addımlar atılırsa, bunun qiymətlər üzərində həm real, həm də psixoloji təzyiqləri olur”. 

Ekspertin sözlərinə görə, Tarif Şurasının son qiymət artımı hər 10 azərbaycanlıdan 7-8-nin aylıq xərclərinin artımına gətirib çıxaracaq: "Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların xərclərində artımlar qaçılmazdır. Təxmini hesablamalar aparmışıq. Mədən sənayesi və kimya sənayesində 500 kilovat saatdan artıq enerji işlədən müəssisələr üçün fərqli kriteriyalar tətbiq olunur. Bu qiymətlərdə 38,7 faiz artım olacaq. Guya güzəştli qiymətlərdir. Əvvəl 3,1 qəpiklə orta hesabla elektrik istehlak edirdilər. Hazırda bu 4,3  qəpik olacaq. Ümumiyyətlə götürəndə qeyri-əhali üzrə elektirk enerjisinin qiyməti 28,6 faiz artacaq. Qazın qiymətlərinə gəldikdə isə qeyri-əhali abonentlər üçün qiymətlər 2 dəfə artacaq. Bu isə o deməkdir ki, istehsal xərcləri istənilən formada bahalaşacaq. Eyni zamanda yanacaq və enerji tarifində artımlar transportun da qiymətlərinin bahalaşmasına gətirəcək. Son nəticədə bütövlükdə istehsal və xidmət sferasında bütün növ məhsulların qiymətlərində artım baş verəcək. Ola bilər ki, enerji tutumunun səviyyəsinə görə məhsulların xüsusiyyətinə görə faiz olaraq dəyişsin. Ancaq istənilən formada artım olacaq. Qiymətlərin bahalaşması əhalinin xərclərinin ciddi artımına səbəb olacaq. Yekun olaraq 2014-cü illə müqayisədə 2017-ci ilin əvvəlində hər bir azərbaycanlılının aylıq ailə xərci 35-40 faiz arasında artacaq. Təbii ki, dəqiq məlumatları müəyyənləşdirmək çox çətindir. Statistik məlumatların bir çox hallarda reallıqdan uzaq olması və məlumatların əlçatanlığının aşağı olması çətinlik yaradır. Ancaq müşahidələr və sorğular müəyyən hesablamalar aparmağa imkan yaradır. Düşünürəm ki, 2017-ci ildə 2014-cü illə müqayisədə əhalinin həyat səviyyəsində 50 faizlik geriləmə olacaq”.

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]