Gündəm

Qanunlar yalnız kasıblar üçündür?

22-11-2016, 20:11

Hüquq mühafizə orqanları Ağacan Əbiyev barəsində niyə ölçü götürmürlər?

Qanuna əsasən, dini dəyərlər qorunmalı, vəzifəsindən asılı olmayaraq, hər bir şəxs insanların dini inanclarına hörmətlə yanaşmalıdır.

Deputat Ağacan Əbiyev mediaya müsahibəsində islam dininə və sonuncu peyğəmbərə hörmətsizlik edib. Onun səsləndirdiyi fikirlərin insanların inancına, müqəddəslərinə hörmətsizlik olmasıyla yanaşı, insanları təxribata, kütləvi etiraz aksiyalarına təhrik etdiyi açıq-aydındır. A.Əbiyev müsahibəsində "Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi elmi-texniki tərəqqidə nəyə nail olundu? Ümumiyyətlə, islam dini hansı elmi kəşfə imza atdı? Heç nəyə. İslam yaranandan ancaq tarixi öyrənə bilmişik. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb” sözlərini işlədərək, 2 milyarda yaxın dünya müsəlmanlarını, o cümlədən əhalisinin 98 faizi müsəlman olan Azərbaycan xalqının inancına sayğısızlıq edir.

"Qanun yazanlar” özləri qanunu pozurlar. Amma heç kim cürət edib bir söz demir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, 283.2.2-ci maddəyə görə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, cinayət tərkibi yaranır. Hanı bu ölkənin hüquq mühafizə orqanları, prokurorluğu? Əgər bu, təkcə ölkədaxili cinayət deyilsə, 2 milyarda yaxın dünya müsəlmanlarına qarşı təxribata təhrikdirsə, bəs hanı bu ölkənin təhlükəsizliyinə baxan Dövlət Təhlükəsizlik Xidməti? Niyə bir reaksiya vermirlər? Nəyə görə dini elmi və məsuliyyəti olmayan bir "millət vəkilinin” cinayətinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç bir rəy vermir? Və yaxud Qafqaz Müsəlmanları İdarəsi niyə susur, heç bir reaksiya verib, etiraz etmir? Olmaya, vəzifədə oturanlar istədikləri cinayəti etməli və heç kim də bunları mühakimə etməməlidir?

Aydındır ki, bu ölkədə qanunlar yalnız kasıblar üçündür. Sadaladığım hüquq mühafizə orqanlarının heç biri özündə cəsarət tapıb bu məsələ ilə bağlı lazımi tədbir görmür. Sonra da vətəndaşlardan kimsə bu özbaşınalığa etiraz etsə, hakimiyyəti zorla ələ keçirmək, dövlət çevrilişinə cəhd adı ilə həbs edir, işgəncəyə məruz qoyurlar. İndi "qanun yazanlar” qanun qəbul edirlər ki, məmurlara hörmətsizliyə görə  cəzalar sərtləşdirilməli və həmin şəxslər cəzalandırılmalıdır. Təbii ki, bu sərtlik kasıblarla yanaşı, həm də qorxmadan ölkənin ictimai-syasi, social, mənəvi problemlərini qabardan, doğrunu deyən haqq carçıları üçündür. Amma bunu unutmayın, islam peyğəmbəri, Allahın elçisi, milyardlarla müsəlmanların əzizi və bütün bəşərin nümunəsidir. Sizlərin qanunla mühafizə etdikləriniz zatlar belə, hörmətsizlik etdiyiniz əziz islam peyğəmbərindən yerlə gör qədər, müqayisə olunmayacaq dərəcədə aşağıdır.

Abbas Hüseyn
Kürdəxanı təcridxanası, 18.11.2016

Administratorla əlaqə

077 611-55-22

[email protected]