Siyasət

Deputatların maaş artımı təklifi niyə qıcıqla qarşılanır?

19-11-2016, 13:13

Aqil Abbas: "Mənim üçün fərq etməz, az olar az xərcləyərəm, çox olar çox xərcləyərəm və maaşımdan narazılıq eləmirəm”; Zahid Oruc: "Əgər yoxsulluq şəraitində yaşayan insanlarımız varsa, deməli, həm də biz günahkarıq”

Qubad İbadoğlu: "Cəmiyyət gözləntilərini deputatlardan ala bilmədiyinə görə onlara qarşı bir aqressiya var”


Parlamentdə keçirilməsi gözlənilən 2017-ci ilin dövlət büdcəsinin müzakirələri öncəsi əmək haqlarının azlığı məsələsi yenidən gündəmə gəlib. Bir neçə gün öncə bəzi informasiya mənbələrində belə bir xəbər yayıldı ki, guya deputat Vahid Əhmədov 2200 manat maaş aldığı halda, hazırkı vəziyyətdə dolanmağın çətin olması səbəbindən bu məbləğin artırılmasını istəyib. Ancaq sonradan V.Əhmədov bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirdi və qeyd etdi ki, haqqında yanlış informasiya yazanlar barədə ölçü götürülməsi üçün addımlar atacaq. 

Lakin deputat təkzib etsə də, onun demədiyi fikirlərin müzakirəsi sosial şəbəkələrdə davam edir, olduqca aqressiv münasibət sərgilənir. Diqqətçəkən odur ki, bundan əvvəl də parlamentarların maaşının artırılması, komitə sədrlərinə xidməti avtomobillərin verilməsi ilə bağlı qərarların qəbulu zamanıda cəmiyyətdən sərt təpkilərin şahidi oluruq. 

İlk  baxışda bunun səbəbini anlamaq olar. Məsələn, əgər ölkədə yeni doğulan körpəyə görə işləyən ana cəmi 80 manat, yaxud analıq məzuniyyətində olduğu müddətdə hər ay cəmi 20 manat alırsa, 30-40 il işləmiş təqaüdçünün pensiyası 160-170 manatdırsa, elə müəllim, yaxud həkim də o qədər maaşa baxırsa, ya tələbə 50 manat təqaüdə göz dikirsə, deputatın aldığı 2 min manat kifayət qədər böyük rəqəm sayıla bilər. Ancaq araşdıranda deputatın özünün kifayət qədər məsrəflərinin olduğunu görmək mümkündür.

Buraya xeyir-şər məclislərində iştirakdan, seçicilərlə görüşlərdən tutmuş, xarici səfərlərə qədər çox məsələlər daxildir. Ancaq maaş və təqaüdlər sarıdan ciddi bir təbəqələşmənin getdiyi halda, bunu qəzəbli auditoriyaya çatdırmaq, onu inandırmaq qeyri-mümkündür. 
Deputat Aqil Abbas bildirib ki, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alırlar: (sonxeber.az) "Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən, bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin”.

Image result for Aqil Abbas

Dünən isə Aqil Abbas müəllif yazısında öz fikirlərinin də yanlış təqdim olunduğunu yazıb: "Düzdür, mən o biri deputatlardan 60 manat artıq maaş alıram, Əməkdar jurnalist olduğuma görə. Soruşdular bu maaş sizə çatır? Mən də bildirdim ki, mənim üçün fərq etməz, az olar az xərcləyərəm, çox olar çox xərcləyərəm və maaşımdan narazılıq eləmirəm. Görürəm indi saytlar partapart paylaşır ki, Aqil Abbas deyir, deputatların maaşları artırılmalıdır. Vəssalam, söy ki söyəsən. Əvvəla, mən belə bir söz deməmişəm. Sadəcə olaraq, bildirmişəm ki, keçmiş SSRİ məkanında ən az deputat maaşı Azərbaycandadır, hətta Dağıstanda, eləcə də Gürcüstanda deputatlar bizdən çox maaş alır”. 

Deputat Fazil Mustafa maaşından razı qalmasa da, reallığı qəbul edir: "Deputat maaşı məni də qane etmir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil. Ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa bu məsələni qaldırmaq olar”.

Image result for YAP-çı deputat Aydın Mirzəzadə

YAP-çı deputat Aydın Mirzəzadə qaynarinfo.az-a deyib ki, maaşları yüksəkdir, artırılmasına ehtiyac yoxdur:"Bizim məqsədimiz bu gün əhalinin az gəlirli təbəqəsinin maaşının qaldırılmasıdır”.
 
Deputat Zahid Oruc isə "Yeni Müsavat”a öncə bildirdi ki, mövzunun ictimai gündəmə çıxmasına səbəb kimi göstərilən müsahibənin o xarakterdə olmadığı haqda dəqiq məlumatlıdır: "Bununla belə, hakimiyyət orqanları arasında xüsusi yer tutan parlamentin üzvləri ilə bağlı cəmiyyətdəki həssaslıq başadüşüləndir. Deputatlar xalq təmsilçiləri kimi qəbul etdikləri qanunların nəticəsində sosial rifaha və güclü hüquqi təminata söykənən milləti qarşılarında görməlidirlər. Əgər yoxsulluq şəraitində yaşayan insanlarımız varsa, deməli, həm də biz günahkarıq. Hazırkı zamanın tələbi ölkəmizdə yeni iqtisadi siyasətə keçidi təmin etməkdir. Yüz minlərlə insanın bank sektoru ilə məhkəmə savaşında qaldığı, ölkənin xarici ticarət dövriyyəsinin aşağı düşdüyü və əhalinin gəlirlərinin azaldığı bir dönəmdə hakimiyyət orqanları mühüm addımlar atmalıdılar. Söhbət ilk növbədə manatın sabitliyini təmin etməklə zədələnmiş iqtisadi-sosial mühitin aktivliyini bərpa etmək, ölkəni tərk edən valyutanın qarşısını almaq və beynəlxalq birjalardan asılı qalan hökumət imicindən çıxmağı bacarmaqdır”. 

Image result for Z.Oruc

Z.Oruc qeyd etdi ki, qısa müddətdə mənfi tendensiyaların qarşısını almaq mümkündür: "Çünki yetərli valyuta ehtiyatları ilə xaricdən ixrac olunan böhrana müqavimət göstərilə bilər. Elə olan təqdirdə sıravi vətəndaşlarımızla millət vəkilləri arasında yaxşı atmosfer formaşalacaq və həyat şəraitinin yüksəlməsi qədim Romadakı kimi ”ağa və rəiyyət" yanaşmalarını ortadan qaldıracaq, yaşayış səviyyələri arasında mütənasibliyə səbəb olacaq. Hər halda, indi dövlətdən narazı olanların parlamenti hədəfə çevirməkdə maraqlı olduğunu nəzərə alaraq, informasiya məkanında baş verənləri diqqət mərkəzində saxlamaq gərəkdir. Çünki ictimai qəzəb saçmağa hədəf kimi göstərilən şəxslər üzərindən aparılan kampaniyada məqsəd sosial-siyasi parçalanmaya nail olaraq hakimiyyət uğrunda bolşevik mübarizəsi aparmaqdır. Əhalinin ehtiyac kisəsini toqquşma alətinə çevirmək istəyənlərə fürsət vermək olmaz".

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə "Yeni Müsavat”a bildirdi ki, ölkədə devalvasiya gedirsə, inflyasiya ikirəqəmli ifadə olunursa, bütün əmək haqları, o cümlədən parlament üzvlərinin maaşları indeksləşdirilməlidir: "Ona müvafiq olaraq müəyyən əmsallar tətbiq olunmalıdır ki, yaşayış xərclərinin artımına adekvat olaraq əmək haqqının da artımı davam eləsin. Amma məsələ bundan ibarətdir ki, parlamentdəki deputatların ən böyük işi elə büdcə ilə bağlıdır. Bu məsələlər də hamısı büdcədən keçir. Bir çox ölkələrin parlamentində büdcə prosesi 9 ay, 6 ay, ən pis variantda 3 ay qabaqdan başlayır. Azərbaycanda hələ də 2017-ci ilin büdcəsi müzakirəyə çıxarılmayıb və bir  dənə deputat bu müzakirələri tələb etmir. Cəmiyyət də ona görə onların çıxışlarını aqressiya ilə qəbul edir. Bu adamlar öz işlərini görmürlər, işlərində tələbkar deyillər, məsuliyyətlərini dərk eləmirlər - mən təbii ki, bunu hamıya şamil etmirəm, söhbət böyük əksəriyyətdən gedir - amma belə məsələlərdə daha aktiv olurlar. Şəxsən mən iqtisadçı kimi fikirləşirəm, nəyə görə ölkənin əsas sənədlərindən biri bu gün müzakirələrdə yoxdur? Hələ də növbəti illə bağlı müzakirələr parlamentdə başlamayıb və heç kəs bundan danışmır? Təbii ki, cəmiyyətin gözləntiləri var və o gözləntilərini deputatlardan ala bilmədiyinə görə onlara qarşı bir aqressiya var”. 

Image result for Q.İbadoğlu

Q.İbadoğlu cəmiyyətin kasıb təbəqəsinin gəlirlərinin çox aşağı olmasının da bu aqressiyanın təməlində dayandığını təsdiqlədi: "Şübhəsiz ki, deputatların maaşı orta aylıq əmək haqqından dəfələrlə çoxdur. Söhbət 5-6 dəfədən gedir və kifayət qədər ciddi fərq də cəmiyyəti qıcıqlandırır. İşləyən insanlar da istəyirlər ki, onlar da deputatlar kimi yüksək əmək haqqı alsınlar. Başqa ölkələrlə müqayisədə deputatların əmək haqqı az olsa da, cəmiyyətdəkilər bu əmək haqqını öz maaşları ilə müqayisə edir”.

Orta aylıq əmək haqqının 490 manat olduğunu deyən Q.İbadoğlu xatırlatdı ki, əhalinin böyük bir qismi bundan da aşağı məbləğdə əmək haqqı alır: "Xüsusilə də müəllimlər, həkimlər orta aylıq əmək haqqı səviyyəsindən də aşağı əmək haqqı alır”.  

Cavid TURAN

Administratorla əlaqə

077 611-55-22

[email protected]