Gündəm

Azərbaycanı dirçəlməyə qoymayan səbəblər...

19-11-2016, 12:55

Qabil Hüseynli: "İtkilərimiz də var, uğurlarımız da”; Mehriban Vəzir: "...Müstəqilliyini qazanan xalq yoruldu”

 

Azərbaycan bugünlərdə 17 noyabr Milli Dirçəliş Gününün 28 illiyini qeyd etdi. Bu günlə bağlı istər sosial şəbəkələr, istərsə də mətbuat səhifələrində gileyli mövqelərə də rast gəlinir. Bu cür düşüncələr də var ki, milli azadlıq hərəkatının sonunda müstəqillik qazansaq da, müstəqil olduqdan sonra xalq gerçəkdən dirçələ bilmədi. 

Xüsusilə sosial problemlər məngənəsində boğulan insanlar bu fikirdədir. Eyni zamanda Azərbaycanın bir qrup məmur-oliqarxın korrupsiya əməlləri nəticəsində inkişafdan qaldığını bildirənlər də var. Buna sübut kimi isə MTN işi üzrə istintaqın gedişində Eldar Mahmudov, Akif Çovdarov, Əli Abbasov və digərlərinin üst-üstə milyardlarla xalq vəsaitini illər ərzində mənimsəməsi və buna göz yumulması, nəticədə xalqın çətin duruma düşməsi göstərilir...  

Ölkə müxalifətinin VHP qərargahında Milli Dirçəliş Günü ilə bağlı keçirdiyi tədbirdə də əsas fikirlər bunun üzərində quruldu. Çıxış edənlər əksər sahələrdə problemlər yaşadığımızdan, müstəqillikdən sonra torpaqlarımızın bir hissəsinin işğal edilməsindən danışdı və mövcud durumdan gileyləndilər. Problemin köklərini hər kəs bir yerdə axtarır, lakin ortaq məxrəcə gəlmək olmur. 

Image result for Politoloq Qabil Hüseynli

Politoloq Qabil Hüseynli ictimaiyyət arasında gəzən belə fikirlərlə razı deyil: "İqtisadi sahədə inkişaf var. Regionun lider dövlətiyik. Əhalinin maddi rifah səviyyəsi də əvvəlki illərə nisbətən yüksəkdir. Yəni dirçəliş var. Ola bilsin ki, arzu etdiyimiz səviyyəyə gəlib çatmamışıq. Mənəvi sahədə dirçəlişin problemləri ola bilər. Amma iqtisadi-siyasi səviyyədə Gürcüstan və Ermənistandan öndəyik, postsovet məkanının qabaqcıl ölkələrindən biriyik. Son Milli Dirçəliş Günündə Azərbaycan iqtisadiyyatında dirçəliş var və bunu dirçəliş kimi də qəbul etmək lazımdır. İtkilərimiz var, bunlar danılmazdır. Dağlıq Qarabağı itirmişik, müharibədə uduzmuşuq. Amma son dövrlərdə ordu quruculuğu sahəsində ciddi irəliləyişlər var. 2-5 aprel savaşları bunu açıq şəkildə göstərdi. Bölgədə yaranmış şərait, Rusiyanın kobud müdaxiləsi problemin həllinə mane olur. İtkilərimiz də var, uğurlarımız da. Bunların hansının daha çox olduğunu söyləmək bir qədər çətindir. Amma hər halda, Azərbaycan inkişaf yolundadır. Azərbaycan inkişafın müxtəlif yollarını seçib və hər sahəyə də xüsusi diqqət ayrılır. Burada demokratiya da, demokratik inkişaf modeli də, çoxpartiyalı sistem də var. Amma bunların hamısının yetkin səviyyədə olduğunu söyləmək bir qədər çətindir. Bunların hər birində bəzi nöqsanlar var. Azərbaycanın seçdiyi inkişaf yolu dünya xalqlarının getdiyi yoldur. Bunun sırf bizə aid olan özünəməxsus halları da var”.

Image result for Mehriban Vəzir

Yazıçı-publisist Mehriban Vəzir bir qədər fərqli danışdı: "Əsas olan odur ki, düşmən bizdən güclüdür. Azərbaycanı işğal edən və 200 il əsarətdə saxlayan imperiya hələ də güclüdür. Hələ də bu imperiya Qafqaza sahib olmaq iddiasındadır. Bunu həyata keçirmək üçün addım-addım irəliləyir. Bir də sanki milyonlarla ayağa qalxıb, öz müstəqilliyini qazanan xalq yoruldu. Azadlığı əldə etmək bir mühüm məsələdir, onu qoruyub saxlamaq ikinci mühüm məsələdir. Azərbaycan xalqı azadlığını qoruyub saxlamaq uğrunda mübarizəsini davam etdirə bilmədi. Bunun obyektiv və subyektiv səbəbləri var. Həm cəmiyyətdə, həm də idarəetmədə səhvlər oldu. Bu gün belə fikirlərin ayaq açıb yeriməsinin, müstəqilliyin dirçəliş gətirməməsinin başlıca səbəbləri bunlardır. Azadlığı qorumaq onu qazanmaq qədər vacib məsələdir, xalq və dövlət üçün. Biz bunun mahiyyətini bilmədik və ona görə də ona sahib ola bilmədik”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]