Mədəniyyət

2015-ci ilin ən yadda qalan şou-biznes qalmaqalları

21-12-2015, 13:49
2015-ci ilin ən yadda qalan şou-biznes qalmaqallarıElza Seyidcahan, Maral Tahirqızı, İlhamə Quliyeva, Əli Mirəliyev...
Geridə qoyduğumuz 2015-ci il şou aləmi üçün həbs və məhkəmələr, maraqlı hadisələr, qalmaqallarla yaddaşda qaldı.

Onlardan bəlkə də ən qalmaqallısı müğənni Maral Tahirqızının həbsi oldu. Gözlənilmədən sosial şəbəkələr üzərindən tez bir zamanda məşhurlaşan müğənni barəsində elə gözlənilmədən də Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açıldığı məlum oldu. Müğənni Cinayət Məcəlləsinin 244.1-ci , fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə ittihamı ilə üz-üzə qaldı. Maral Tahirqızı bununla əlaqədar olaraq mətbuata açıqlamasında ona qarşı edilən ittihamları təkzib etsə də, may ayının 18-də hakim İbrahim İbrahimlinin sədrlik etdiyi iclasda qeyd edilən cinayət madəsi ilə ilə təqsirli bilinərək 3 il müddətinə azadlıdan məhrum edildi. Beləliklə, müğənni elə məhkəmə zalındaca həbs olundu.
Bunun ardınca isə Nüşabə Ələsgərli, Nazənin və bir çox məşhur müğənninin, bəzi telekanallarında yayımlanan maqazin verilişlərinin prodüsseri olan Vəfa Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edildi. Bununla əlaqədar olaraq Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüsser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi və o, Bakı istintaq təcridxanasına göndərildi. Lakin Vəfa Vaqifqızı müğənni Maral Tahirqızından fərqli olaraq bir neçə aydan sonra, avqustun sonlarına yaxın azadlığa buraxıldı.

Şou aləmində daha bir qalmaqallı həbs xalq artisti İlhamə Quliyevanı keçmiş köməkçisi Mehriban Hüseynova ilə bağlı oldu. Müğənni mətbuat konfransı keçirərək bildirmişdi ki evində köməkçi işləmiş M.Hüseynova onun adından saxta vəsiyyətnamə yazdırıb, var-dövlətini ələ keçirmək, damarına zəhərli və psixotrop dərmanlar qatmaqla, onu öldürmək istəyib, evindən külli miqdarda pul və digər qiymətli əşyalar oğurlayıb. İlhamə Quliyeva bununla bağlı əlində dəlil və sübutların, video görüntülərin, səs yazmalarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim etmişdi. Nəticədə M.Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İşin son gedişi barəsində hələ ki, məlumat yoxdur. Müğənni isə səhhətində yaranmış problemlərə görə uzun müddət xəstəxanada müalicə almalı oldu.

Bundan əvvəl isə xalq artistinin mətbuata Moskva Dövlət Universitetində hüquq fakültəsində təhsil alması barədə yalan məlumat verməsi şou aləmində xeyli səs-küy yaratdı. Müğənni “Yeni Müsavat”a açıqlama verərək yalanını etiraf etmişdi:
“Bəli, mən Moskavda, həmin universitetdə təhsil almıram, oranın tələbəsi deyiləm. Mən Rusiyanın başqa şəhərində, başqa universitetində qiyabi olaraq hüquqşünaslığı oxuyuram. İki ildən sonra həmin universiteti bitirəcəm və buna görə təqdimat mərasimi keçirib hər kəsə hüququşünas olduğumu sübut edəcəm”.

Xalq artisti Flora Kərimova isə həmkarından fərqli olaraq öz mirasını övladları ilə yanaşı köməkçisi Yaqut xanıma vəsiyyət etdi. Bununla da xalq artisti uzun illər onun yanında çalışan etibarlı köməkçisinə böyük jest etmiş oldu.

Bu il eyni zamanda çoxlu sayda şou nümayəndələri öz həmkarlarına qarşı məhkəmə davası açdı. Onlardan biri Müğənni Təranə Qumral və Nazənin arasında olan məhkəmə idi. Buna səbəb Təranə Qumralın efir vasitəsi ilə Nazəninin barəsində “7 dəfə ərdə olub” deməsi olmuşdu. İyul ayında yekunlaşan məhkəmə qərarına əsasən Təranə Qumral həmkarına böhtan atdığına, şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat ödəyəcək.

Daha bir qalmaqallı məhkəmə müğənni Aygün Kazımova və Natavan arasında yaşandı. Bu günlərdə yekunlaşan məhkəmə qərarına əsasən xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Aygün Kazımova bu qərarı icra etmədiyinə görə ölkədən çıxışına qadağa qoyulub.

İlin əvvəlində Türkiyədə keçirilən "O səs Türkiyə" müsabiqəsinin qalibi azərbaycanlı müğənni Elnur Hüseynovun olması isə uzun müddət həm qardaş ölkənin, həm də yerli mətbuatında gündəmindən düşmədi. Bu qalibiyyətdən sonra "Eurovision-2015"də Azərbaycanı təmsil etmək yenidən Elnur Hüseynova həvalə edildi. Nəticələrə əsasən Elnur yalnız 49 xal qazana bildi və ölkəmiz bu xalla yarışmanın 12-ci pilləsində qərarlaşdı.
Ötən illərdə olduğu kimi, bu il də Akademik Milli Dram Teatrında getdilcə intensivləşən qalmaqallar ciddi rezonans doğurmağa başlamışdı. Xalq artistlərinin yumruq və söz davaları, səhnədəcə aktrisaların “ayaqqabımı başına vuraram” deməsi kimi olaylar bədii rəhbərin gəlişi ilə səngidi. Qeyd edək ki, avqustun 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən xalq artisti, professor Azərpaşa Nemətov Akademik Milli Dram Teatrın bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.

Bəstəkar-müğənni Elza Seyidcahan isə bu il daima mətbuatın gündəmində qaldı. Buna səbəb onun qeyri-adi, o cümlədən “Bığ”, “Oyuncaq”, “Əşyalarım”, “Sal atın altına”, “Şair, səni məst eləyim?” və s. şeirləri, Bakı-İstanbul reysində konsert keçirmək arzusu və digər açıqlamaları, xalq artisti İlhamə Quliyevanı ““Şöhrət” ordenli şərəfsiz” adlandırması oldu. Onun Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olması, bu il parlamentə seçiləcək deputatların əvvəlcədən siyahısı olması barədə açıqlamaları, Yeni Azərbaycan Partiyasının rəsmi namizədinə qarşı alternativ olduğu üçün partiyadan qovulacağı barədə məlumatları təkcə şou-biznes nümayəndələri deyil, siyasətçilər də yaxından izlədilər. Seçkilərin saxta keçirilməsindən şikayətlənən əməkdar artist var qüvvəsi ilə mücadilə aparmasına baxmayaraq millət vəkili seçilə bilmədi. Onu da əlvə edək ki, bu günlərdə oğlu Əkbər Elza Seyidcahana efirdə şeir deməsinə qadağa qoyub. Bəstəkar-müğənni bildirib ki, bu qadağadan sonra şeir deməyəcək, yazdığı şeirləri isə kitab şəkilində dərc edəcək.

Ötən aylarda müğənni Əli Mirəliyevin Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev vaxtilə “gey” olması barədə açıqlama verməsi isə sənət aləmində böyük ajotaj yaratdı. Lakin sonradan müğənni ciddi-cəhdlə bildirdi ki, qəzərli şəkildə onun adından mətbuatda yalan sözlər yazılıb.

Nadir Qafarzadə isə “Gün üzü” verilişinin qonağı olarkən Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusuf "Haranın zibilidir ki?" fikrini səsləndirdiyi üçün reklam fasiləsində verilişdən qovulmuşdu. Bununla ürəyi soyumayan müğənni sonradan sosial şəbəkədə bu cür status paylaşmışdı:
“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”. Olaydan bir ay sonra isə müğənni İlhamə Quliyueva Nadir Qafarzadəyə “şah” titulunu verdi.

Ustad aşıq Ədalət Nəsibov da efirdə söyüş söyməklə bu ilin şou-biznes qalmaqalları sırasına daxil oldu. Ustad verilişlərin birində aşıq havası altında rəqs edən rəqqasə Aytəni və həmkarı Namiqin ünvanına söyüş xarakterli ifadələr işlətmişdi. Bu barədə mətbuatda, sosial şəbəklərdə xeyli müzakirələr aparıldı, aşıq Ədalət isə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, etdiyi hərəkətə görə özünü bağışlaya bilmir, hətta intihat etmək istəyir:
“Efirdəki olaydan sonra el-oba, xalq arasına çıxmaq istəmirəm. Utandığımdan mənə gələn zənglərə də cavab vermirəm. Ümumiyyətlə, yaşamaq istəmirəm. İstəyirəm ki, həyatıma son qoyum. Bundan sonra el arasında mən necə gəzəcəm? İndi elə bir vəziyyətdəyəm ki, özümün özümdən zəhləm gedir...”.

Bu il eyni zamanda ölkə mətbuatında daha çox müzakirə edilən, danışılan qalmaqallardan biri də müğənni Röya Ayxanın sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci özbaşına cəzalandırması oldu. Müğənni həmin şəxsi taparaq özü “söhbət”ə aparmışdı. Bundan sonra bir sıra güc strukturları məsələyə qarışaraq, müğənninin qanundan kənar hərəkətə yol veridiyi üçün onun cəzalandırılacağını bildirmişdi. Olaydan bir neçə gün sonra müğənninin ölkəni tələsik tərk edərək qaçdığı barədə məlumatlar yayıldı. Qeyd edək ki, müğənni bir neçə il bundan əvvəl də məlum hərəkətlər üzündən ölkəni tələsik tərk etmişdi.

Onu da əlavə edək ki, Vergilər Nazirliyi bu ilin sonunda şou-biznes nümayəndələrinə sərt ismarış verərək bildirib ki, bütün xəbərdarlıqlara baxmayaraq, hələ də vergidən yayınan məşhurlar barəsində ciddi və təxirəsalınmaz tədbirlər görüləcək. Nazirlik rəsmisinin sözlərinə görə, onların əmlakı siyahıya alınacaq, mülkiyyətində olan avtonəqliyyat vasitəsi üzərinə həbs qoyularaq cərimə meydançasına aparılması və məhkəmə qərarı ilə hərracda satılaraq əldə olunan vəsaitin vergi borclarına ödənilməsi təmin ediləcək. Vergiyə borcu olanların ölkədən çıxarılmasına müvəqqəti məhdudiyyət qoyulması, borcum məbləği 2 min manatdan çox olduqda, onlar barəsində cinayət işi açılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]