Elm

Rusiyada dərsliklərdən Tolstoy və Dostoyevski çıxarılır, bəs Azərbaycan dərslikləri?

3-10-2016, 03:09
Etibar Əliyev: "Hüseyn Cavidin, Abbasqulu Ağa Bakıxanovun, Yusif Vəzir Çəmənzəminlinin dili çətindir, bu əsərlər kiçik təhlillərlə verilməlidir”

Kamran Əsədov: "Qəlizləşdirilmələr özünü daha çox riyaziyyat və tarix fənnində göstərir”

Rusiya Təhsil Akademiyasının prezidenti Lüdmila Verbitskaya gözlənilməz təkliflə çıxış edib. O, rus yazıçısı Lev Tolstoyun dünya ədəbiyyatının şah əsəri hesab olunan "Hərb və Sülh” romanının məktəb dərsliklərindən çıxarılmasını təklif edib. Akademiya prezidenti həmçinin digər bir məşhur rus yazıçısı Dostoyevskinin də bəzi əsərlərinin məktəb proqramından çıxarılmalı olduğunu bildirib. Verbitskaya fikrini həmin əsərlərin həddindən artıq çətin, məktəblilər üçün dərkedilməz olması ilə əlaqələndirib.

Maraqlıdır, Azərbaycan dərsliklərində də bu yöndə islahatlar aparılmalıdırmı? Bizim dərsliklərdə də hansı yazıçıların əsərləri qəlizdir və dərs proqramından çıxarılmalıdır?

"XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Azərbaycan dərsliklərində də çətin və qəliz dildə yazılmış əsərlər olduğunu dedi: "Dərsliklərin yazılmasında əsas kriteriyalardan biri uşaqların yaşına uyğun mətnlərin verilməsidir. Təəssüflər olsun ki, bizdə də bir neçə dərsliklərdə, xüsusən də humanitar yönümlü dərsliklərdə xeyli mətnlər verilib ki, onlar şagirdlər tərəfindən başa düşülmür. Ümumiyyətlə, söhbət əgər ədəbiyyatdan gedirsə, bu dərsliklərdə yazıçıların elə əsərləri seçilib verilməlidir ki, o əsərlər şagirdlər tərəfindən dərk edilsin. Eyni zamanda onların tərbiyəsində, həyata baxışlarının dəyişməsində həmin əsərlərin rolu olsun. Məsələn, bizdə  Hüseyn Cavidin, Abbasqulu Ağa Bakıxanovun, Yusif Vəzir Çəmənzəminlinin dili çətindir. Onların əsərlərini kiçik təhlillər vasitəsi ilə vermək lazımdır ki, mətni intepretasiya etməklə uşaqlar onu başa düşsünlər. Amma istedadlı uşaqlar da var ki, onlar istər-istəməz çətin mətnlərə meyl edirlər. Məsələn, Dostoyevski kimi yazıçıların mürəkkəb əsərləri də var, şagird və müəllim tərəfindən başa düşülən sadə əsərləri də. Ona görə də bu məsələlərə çox ciddi yanaşmaq lazımdır. Bizim dərsliklərdə də bu gün problemlər var. Onlar aradan qaldırılmalıdır. Mütləq mətni qavramaq üçün şagirdlərin yaşı nəzərə alınmalıdır. Yaxud da mətnin içərisində hansı anlayışlar başa düşülməyəcəksə, onların kiçik lüğəti verilməlidir. Ümumiyyətlə, elə bir dərslik hazırlamaq lazımdır ki, tədris üçün asan olsun və şagird onu dərk edə bilsin”.

Təhsil eksperti Kamran Əsədov də bildirdi ki, dərsliklər kifayət qədər sadələşdirilməlidir: "Təəssüflər olsun ki, keçmiş postsovet məkanı olan ölkələrdə hələ də dərslik yazımı, dərslik siyasəti keçmiş SSRİ standartlarına uyğun olaraq hazırlanır. Azərbaycan digərlərindən fərqli olaraq müasir tədris və dərslik strategiyasına qoşulub. Amma yenə də həmin standartlar keçmiş sovet tələbinə uyğun olaraq həyata keçirilir. Bir məsələni nəzərinizə çatdırım ki, Avropa və Amerikada qəbul edilmiş dərsliklərdə 3 suala cavab tapılır. Siz bu dərsliyi necə yazırsınız, nə üçün yazırsınız və hansı nəsil üçün nəzərdə turusunuz? Təəssüflər olsun ki, bu gün Azərbaycan orta məktəblərində istifadə edilən dərsliklərdə bu 3 sualın cavablarını tapa bilmirik. Dildəki qəlizlik lazımsız mövzuların kifayət qədər olduğunu əsaslandırıb. Məsələn, 5-ci sinfin "Ata yurdu”  kitabında uşaq ibtidai icma quruluşu haqında məlumat öyrənir. 1 il sonra isə təkrar mövzunu 6-cı sinfin tarix kitabında keçir. Kurikulumun tələblərinə görə 9-cu sinifdə kitab bitir və 10-11-ci sinif artıq təmayül sayılır. Ancaq 10-cu sinifdə şagird yenidən ibtidai icma quruluşu ilə tanış olur. Əgər şagird universitetə qəbul olursa, yenidən tarix fənnini keçir və eyni mövzunu yenidən öyrənir. Yəni bir şagird bir mövzunu 4-5 dəfə keçmiş olur. Deməli, Azərbaycan dərslikləri kifayət qədər sadələşdirilməlidir. Bu gün bütün dərsliklərimiz elm sahəsinə aid olan bütün informasiyalarla yüklənib. Yaxud da Azərbaycan dilinin bütün qaydalarının hamısı orta məktəbdə keçirilir. Bu belə olmamalıdır. Mən təklif edirəm ki, bu qaydaların müəyyən hissəsi orta məktəblərdə, digər hissəsi isə ali məktəblərdə keçirilsin. Bu gün orta məktəb dərslikləri ilə ali məktəb dərslikləri arasında eyniyyət var. Daha çox da eyni müəlliflər yazırlar. Amma istər Rusiyada, istərsə də digər ölkələrdə dərslikləri ali məktəb mütəxəssisləri yox , orta məktəb müəllimləri yazır. Əlbəttə, bizim də dərsliklərdə kifayət qədər qəliz məsələlər var. Məsələn 6-cı sinif "Azərbaycan tarixi”ndə ibtidai icma quruluşu 7 paraqraf , 50 səhifə kimi geniş bir yer tutur. Bütün dövlətlərin hökmdarlarının adları, hakimiyyət illəri göstərilib ki, bunun da öyrənilməsi şagird yaşına və psixologiyasına uyğun deyil”. 

Ekspert qəlizləşmənin daha çox riyaziyyat və tarix fənlərində özünü göstərdiyini dedi: "Ədəbiyyat dərsliklərimizdə də kifayət qədər qəliz və lazımsız nümunələr var. Dərslik yönləndirici tədqiqata meylli olmalıdır. Biz hansısa yazar, əsər haqqında dərslikdə kiçik bir informasiya verməliyik. Əgər şagirddə maraq oyanarsa, o gedib həmin hekayəni özü oxumalıdır. Onlar bir neçə əsrin müəllifləridir və onların yazı üslubu indiki dilə uyğun deyil. Məsələn, Nizaminin, Füzulinin əsərlərində kifayət qədər ərəb fars sözləri var və şagird bunları oxuyarkən anlamır, sadəcə, əzbərçiliyə meyl edir. Əlbəttə Nizaminin, Füzulinin yaradıcılığı Azərbaycanın şah əsəridir. Daha çox sadə dildə yazılan bir neçə cümlələr verilməlidir. Dünya ölkələrində bizim orta məktəblərdə qəbul edilmiş dərslik prinsipi qəbul edilmir. Biz uşaqları həddindən çox informasiya ilə yükləyirik. Hesab edirəm ki, qəbul edilmiş yeni dərslik strategiyasında bunlar sadələşdirilməlidir. Amma təəssüflər olsun ki, bizdə sadələşdirilmə daha çox qəlizləşdirməyə xidmət edir. Bu gün orta məktəblərdə riyaziyyatdan elə mövzular salınır ki, o ali məktəbdə ayrıca bir kursdur. Qəlizləşdirilmələr özünü daha çox riyaziyyat və tarix fənnində göstərir. Hesab edirəm ki, hər iki fənn ciddi şəkildə sadələşdirilməlidir”. 


Günel MANAFLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]