Media

Hüquq müdafiəçisindən jurnalistlə bağlı çağırış

19-09-2016, 20:54
"Dostlar, bilirsinizmi ki, həbsdə olan jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu bir neçə gün bundan öncə qanunsuz həbsi və həbs müddətində başına gətirilən olaylarla bağlı dövlət başçısına müraciət etdikdən sonra İstintaq Təcridxanasından tələm- tələsik DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilib. Siz elə bilirsiniz onu "banditizm”- ə başını sığallamağa gətiriblər? Təbii ki, yox. Ondan yazdıqlarının, rəhbərə müraciətin haqq- hesabını sorurlar. Görürüsünüzmü bu ölkədə insanlar üzləşdiyi haqsızlığı dilə gətirməyə, ölkə başçısına adi bir məktub yazmağa görə ağır bədəl ödəyirlər”.
 
Bunu hüquq müdafiəçisi Oqtay Gülalıyev Beynəlxalq Qırımızı Xaç Komitəsinə ünvanladığı müraciətdə qeyd edib.
oktay-gulaliyev1
Onun sözlərinə görə, jurnalistin həyat yoldaşı da durumun olduqca ağır olduğunu bildirib: "Ən dəhşətlisi isə odur ki, sən demə Fikrət Fərəməzoğlu həbs olunduqdan sonra ağır işgəncələrə məruz qalıb. Onu 34 gün "banditizm”- də döyüblər, 12 gün su üzünə həsrət qoyublar, 12 gün qolundan qandalı açmayıblar. 2 dişi sınıb, ağır fiziki və psixoloji travma alıb. Oxumayanlara tövsiyə edirəm jurnalist- redaktorun həyat yoldaşı Faiqə xanımın paylaşdığı bu fikirləri bir də oxusunlar;
"Neçə gün idi ki, Fikrətlə görüşmək istəyirdim. Amma Fikrət qoymurdu. Deyirdi gəlmə mənim yanıma. Amma mən dünən xəbər vermədən gedib onunla görüşdüm. Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub. Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da. Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir? Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular. Gecələr belə qandalı açmırdılar. Qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər. "Nadzor”lar və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik””.
 
"Fikrət Fərəməzoğlu Bakıda əxlaqsızlıq yuvalarını himayə edən məmurları ifşa etdiyinə və digər tənqidi yazılarına görə həbs olunub. İndi həmin məmurlar və onların himayədarları jurnalistdən ifşaedici yazıların qisasını alırlar. Fikrət bəyin həyat yoldaşının, vəkilinin və yaxınlarının bildirdiyinə görə ona "banditizm”- də işgəncə verilir və həyatı təhlükə altındadır”. Mən müstəqil media nümayəndələrini, hüquq müdafiəçilərini, beynəlxalq təşkilatları Fikrət Fərəməzoğluna qarşı həssas və diqqətli olmağa çağırıram. Ona qarşı irəli sürülən ittihamlar nə qədər şübhəli və absurd olsa da bu ittihamlar qanun çərçivəsində, ədalətlə və insan ləyaqətini alçaltmadan araşdırılmalıdır”, – hüquq müdafiəçisi bildirib.
 
O. Gülalıyev Ombudsman Aparatını, Beynəlxalq Qırımızı Xaç Komitəsini və digər aidiyyatı qurumları jurnalistə baş çəkməyə çağırıb: "F.Fərəməzoğlunun məruz qaldığı işgəncələrə və onun haqqında yayılan narahatedici məlumatlarla bağlı Ombudsman Aparatını, Beynəlxalq Qırımızı Xaç Komitəsini və digər aidiyyatı qurumları ona baş çəkməyə çağırıram”.
 
Qeyd edək ki, Oqtay Gülalıyev müraciəti feysbuk səhifəsində paylaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]