Təhsil Nazirliyi: Ötən il 200-dən çox müəllim iş yerini dəyişib

  • 16:34, 05-yan-2017
  • Elm
  • 86

Təhsil Nazirliyi ötən il təhsil sistemində həyata keçirilən islahat və tədbirlərin qısa xülasəsini açıqlayıb.  

Nazirlikdən "Report”a verilən məlumata görə, 2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıq olub.
Bundan başqa, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq keçirilən müsabiqə nəticəsində 208 nəfər ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Eyni zamanda, ölkədəki məktəblərə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 2 365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
2016-2017-ci tədris ili üzrə ölkənin 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunub.

Ölkənin ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

2016- cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.

Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84 589 nəfər məzun iştirak edib. Bu məzunların 54 704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan "Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditləri təyin olunan meyarlara cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb.



OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz