Siyasət

Dağılan tifaq - müxalifət hökuməti və parlamenti necə ələ keçirdi?

16-12-2016, 19:34

Milli Məclisin 20 faizi vaxtilə sərt müxalifət mövqeyində dayanmış şəxslərdir, hökumətdə də "təmsilçiləri” var...

 


Azərbaycan hökumətinin və parlamentinin tərkibi, onların hansı siyasi mövqenin daşıyıcıları olduqlarını dərindən araşdırdıqda maraqlı mənzərə meydana gəlir.

Belə məlum olur ki, 1993-cü ildə YAP hakimiyyətə gələnə qədər və ondan sonrakı uzun illər ərzində kifayət qədər gücə sahib olan müxalifət qüvvələri tədricən dağılıb və həmin düşərgədəki bir sıra insanlar müxtəlif yollarla iqtidar cinahına keçib, bir çoxları isə Milli Məclisdə təmsilçilik əldə ediblər. Bu tendensiya daim gedib və getdikcə də, necə deyərlər, müxalifətin "tifağı dağılıb”,  sıraları seyrəlib. Eyni zamanda bu prosesi müxalifətçilərin yüksək dövlət vəzifələrini və parlamenti "ələ keçirmələri” kimi də dəyərləndirmək mümkündür. 

Məsələn, hazırda baş nazirin müavinlərindən biri olan Əli Əhmədov vaxtilə AMİP-də olub, sonra YAP-a keçib və hakim partiyanın rəsmi ikinci şəxsi postuna, bir neçə il öncə isə baş nazirin müavini vəzifəsinə yüksəlib, uzun illər isə deputat olub. Əli Əhmədovun daha bir keçmiş və indiki həmkarı (partiya mənsubiyyəti baxımından-red.) Mübariz Qurbanlı da keçmiş müxalifətçilərdəndir. O da bir zamanlar AMİP-də olub. Sonra Demokratik İstiqlal Partiyasının qurucularından olub. Daha sonra YAP-a keçib və hakim partiyada icra katibinin müavini vəzifəsinə yüksələn keçmiş həmkarı Əli Əhmədovun müavini vəzifəsini tutmağı bacarıb və onların partiya həmkarlığı yenidən davam etməyə başlayıb. Təxminən 15 il deputat mandatı daşımaq imkanını əldə edən Mübariz Qurbanlı 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib və bununla da hökumətin tərkibində də yüksək vəzifə tutmağa nail olub. 

Prezident sərəncamı ilə təyinatı həyata keçirilən daha bir vəzifədə də hazırda vaxtilə müxalifətdə olmuş şəxs fəaliyyət göstərir. O da AMİP-in fəallarından olub. Söhbət Fərhad Məmmədovdan gedir. 2012-ci ildə prezidentin daha bir sərəncamı ilə Fərhad Məmmədov Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru təyin edilib və hələ də bu vəzifədədir. Fərhad Məmmədov 2003-cü ilin prezident seçkilərinə qədər AMİP fəallarından olub. 



Daha bir məşhur AMİP-çi isə hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun direktorudur. AMİP-in qurucularından olan, uzun illər partiyanın sədri və deputat olmuş Nazim İmanov 2014-cü ilin aprelində direktor vəzifəsinə təyinat alıb.

Hazırkı Milli Məclisi isə keçmişdə qatı müxalifət mövqeyidə olan çoxlu sayda məşhur adamın "zəbt etdiyi”ni söyləmək olar. Təkcə mərhum prezident, AXC-nin və AXCP-nin sədri olmuş Əbülfəz Elçibəyin müavinləri və müşavirləri olanlardan beş nəfərinin bu gün Milli Məclis üzvü olması faktı bunu təsdiqləyir. 

Əli Məsimli artıq üçüncü dönəmdir Şəkidən deputat mandatı əldə etməyi bacarıb. Müstəqil deputat olaraq fəaliyyət göstərir, hazırda heç bir partiyanın üzvü deyil.

Fazil Mustafa isə 2010-cu ildən Milli Məclisin üzvüdür. Fazil Mustafanın xeyli vaxtdır özünün partiyası (BQP) var və müxalifət mövqeyində olduğunu bəyan edir. 

Qüdrət Həsənquliyev isə artıq üçüncü dönəmdir Milli Məclisdə təmsilçilik hüququna sahibdir. Onun da özünün partiyası (BAXCP) mövcuddur və özünü konstruktiv müxalifət elan edib. 

Asim Mollazadə isə 20 ildir deputat mandatı daşıyır. AXCP-dən getdikdən sonra özünün DİP adlı partiyasını yaradıb. 

Fərəc Quliyev hazırkı hakimiyyətin zamanında ikinci dönəmdir Milli Məclisin üzvüdür. Vaxtilə AXC-də Elçibəydən sonrakı ikinci vəzifəni tutmuş Fərəc Quliyevin də indi özünün Milli Dirçəliş Hərəkatı adlı partiyası var. 

Müsavat Partiyasının Divan üzvləri olmuş Musa Qasımlı və Rasim Musabəyov da parlamentdə kürsüyə yiyələnən keçmiş müxalifətçilərdəndirlər. 

Milli Məclisdə təmsilçilik qazanmağı bacaran daha bir keçmiş qatı müxalifətçi, Elçibəy komandasının məşhur üzvü Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. O, parlamentə daxil olmağa bir il öncə-2015-ci ildə keçirilən seçkilərdə nail olub. 

2015-ci ildə deputat mandatı almağı bacaran ASDP sədri Araz Əlizadə də müxalifət mövqeyində olub.

Əvvəllər müxalifət mövqeyində olan Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev də hansısa yollarla parlamentə girməyi bacara bilib. 

Göründüyü kimi, parlament heç də bir çoxlarının dediyi kimi, təkcə YAP-dan ibarət deyil. 
 
Etibar SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]