Gündəm / İslam

Kərbəla ziyarətində şikayətlər - bu il niyə belə oldu?

10-12-2016, 01:10
Təcrübəli ziyarət təşkilatçısı bu ilki Ərbəin ziyarəti zamanı yaranmış narazılıqlara aydınlıq gətirir

Bu il Ərbəin günü münasibətilə İraqda Kərbəla şəhərinə gedən zəvvarların sayı dünya rekordu oldu. İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü  - Ərbəin zamanı Kərbəlanı ziyarət edənlərin sayı 20 milyona çatdı. Ənənəyə əsasən İraqın bölgələrindən və dünyanın müxtəlif ölkələrindən gələn zəvvarlar Nəcəf şəhərindən Kərbəlaya qədər piyada hərəkət ediblər. 

Təxmini məlumatlara əsasən bu il Azərbaycandan 20 min nəfərə yaxın insan Ərbəin günlərində Kərbəlaya ziyarətə gedib. Ancaq eyni zamanda, bu il ilk dəfə İraqa ziyarətə gedənlərlə bağlı şikayətlər də gəldi. İlk şikayət xəbəri APA-da, zəvvarlardan birinə istinadən verildi. Xəbər İraq-İran sərhədində zəvvarların yubadılması və çətinliklə üzləşməsi ilə bağlı idi. 

İkinci şikayət isə ötən həftə "Sarvan Turizm” ziyarət şirkəti ilə bağlı oldu. BakiPost.az saytı zəvvarlardan birinə istinadən turizm şirkətinin apardığı zəvvarların otel pulunu ödəmədiyi və onları Azərbaycana gətirməkdən imtina etdiyini yazdı. 

Ərbəin ziyarəti ile ilgili görsel sonucu


Zəvvar Tağı Yusifov sayta deyib ki, 3 gün 2 gecə qaldıqları oteldən çıxmaq istəyərkən onları girov saxlayıblar. Səbəb isə şirkətin borclu olduğu pulu ödəməməsi olub: "Əvvəla biz elə bir otelə yerləşdirilmişdik ki, bir otaqda 3 nəfər əvəzinə 5 nəfər qalırdıq. Oteldən çıxarıldığımız gün isə pasportlarımızı vermədilər. Səbəbini soruşanda dedilər ki, 2100 manat borcunuz var. Otelin pulu ödənilməyib. Halbuki bütün zəvvarlar pulu əvvəlcədən şirkətə ödəyib yola düşüb. Saat 12-də bizi oteldən çıxardılar, düz saat 21:00-a kimi Kərbəla çöllərində soyuqdan əsə-əsə qaldıq. Aramızda arvad-uşaq var idi. Onların halı lap pis olmuşdu”.

T.Yusifov deyib ki, şirkətin sahibi Mirzəcan adlı şəxsin onları aldatdığı, çöldə soyuqda qalmalarına səbəb olduğunu deyib. Bundan başqa "Sarvan Turizm” şirkətinin avtobuslarının nasaz olduğu, yolda yubanmaların olması da gələn şikayətlər arasında. 

Qeyd edək ki, artıq məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da münasibət bildirib. İnsanların ziyarət etmək haqqı olduğunu deyən Komitə sədri bununla yanaşı bu sahədə qayda-qanun yaradılmalı olduğunu, nəzarət mexanizmi olunmasının tərəfdarı olduğunu deyib. 

Xatırladaq ki, Azərbaycanda yalnız Həcc ziyarəti rəsmi olaraq  QMİ-nin nəzarəti altındadır. Ancaq Məşhəd, Kərbəla və digər ziyarətlər vacib dini ibadət olmadığı üçün burda konkret dövlət qurumu monopoliyası yoxdur. Bu işləri əvvəllər ziyarət heyətləri təşkil edir, bir və ya iki avtobus dindarlar cəm olaraq ziyarətə gedir, dini və tarixi məkanları ziyarət edirdilər. Bu işin həm də dini qaydalar olduğu üçün adətən bu sahədə dini biliyi olan insanlar çalışırdılar. 
Ancaq son illərdə Azərbaycandan Məşhəd (İran) və Kərbəla, Nəcəf (İraq) ziyarətinə gedənlərin sayı sürətlə artıb. Zəvvarların sayının artması təbii ki, bu istiqamətdə şikayətlərə səbəb olub. Məlum olduğu kimi, Həcc ziyarəti zamanı da hər il ənənəvi şikayətlər, çatışmazlıqlarla bağlı xəbərlər yayılır. Milyonlarla insanın iştirak etdiyi ziyarətlərdə çətinliklərin olması bir tərəfdən normal qarşılansa da, azərbaycanlıların şikayətləri adətən keyfiyyətsiz təşkilatçılıqdan olur. 

zəvvar ile ilgili görsel sonucu

Bu il Kərbəla ziyarətinə gedənlərin sayının çox olması şikayət və narazılıqların da sayına təsir edib. Kərbəla ziyarəti zamanı yaranmış narazılıqlarla bağlı iki faktı qeyd elədik. Ümumilikdə isə bir sıra gözlənilən və gözlənilməyən problemlər ortaya çıxır. Sözügedən şikayətdə adı çəkilən şirkətin təmsilçilərini tapa bilməsək də, Kərbəlaya ziyarət təşkili və yaranmış sıxıntılarla bağlı məlumat əldə etdik.

10 ildən çoxdur, İran və İraqa ziyarətlər təşkil edən "Salam Tour” şirkətinin rəhbəri, zəvvar qrupu rəhbəri Nurlan Dadaşov deyir ki, ziyarətdə adətən çətinliklər olur, insanların çətinliklərdən şikayətlənməsi necə deyərlər, alışılmış vəziyyətdir. Ziyarət təşkilatçısı deyir ki, əsas şikayətlər son iki ildə yaranıb. Bunun da öz səbəbləri var. 

Sitat: "Ərbəin çətin ziyarət olduğu üçün burda necə deyərlər belə şikayətlər, çətinliklər qaçılmaz olur. 20 milyondan çox insanın iştirak etdiyi çox böyük izdihamlı bir ziyarətdir. Burda çətinliklərin olması mümkündür. Amma azərbaycanlı zəvvarların xüsusən də bu il əsas şikayətləri gömrük-keçid məntəqələrindəki yubanmalarla bağlı oldu. Burda da həm obyektiv, yəni insan çoxluğu ilə bağlı, həm də subyektiv, yəni təşkilatı işlərdəki çatışmazlıqlarla bağlı problemlər oldu. Bunu çətinlikdən çox gözləmə adlandırmaq olar, çünki sərhədlərdə həddən çox insan olur, bu qədər avtomobil və insanın yoxlanılıb buraxılması uzun zaman tələb edir. Havanın soyuq olması, yol ehtiyatlarının düzgün götürülməməsi nəticəsində bu cür gözləmələr insanlar üçün əlavə çətinliklər yaradır”.

Ancaq əsas subyektiv çatışmazlıq daha çox ziyarətin təşkili ilə bağlıdır. N.Dadaşovun sözlərinə görə, ziyarətin təşkilində iki tərəf, Azərbaycandan ziyarət təşkil edən şirkətlər, bir də İraqda yerli turizm şirkətləri olur tərəfdaş kimi iştirak edir. Ziyarət təşkilatçısının sözlərinə görə, bu il Azərbaycandan ziyarət təşkil edən şirkətlərin hazırlıqsızlığı nəticəsində problemlər olub: "Xüsusən də bu il ziyarətə gedənlərin sayının çox olması Azərbaycandan olan zəvvar təşkilatçılarının işini artırdı. 250-300 nəfərə qədər zəvvar aparan şirkətlər oldu. Bu da əvvəlki vaxtlardan çoxdur. Üstəlik adamların sayının çox olması nəticəsində təşkilatçıların üzərinə yük çox düşür və bu zaman hazırlıqsız, təcrübəsi kifayət qədər olmayan qruplar oldu”. 

Problemlərin ortaya çıxmasının daha bir səbəbi isə bu il, necə deyərlər, təsadüfi adamların ortaya çıxaraq ziyarət təşkilatçılığına girişməsi olub. N.Dadaşov deyir ki, artıq Bakıda olanda ilk şikayətlər haqda eşidiblər. İnsanların sayının çox olması bu cür təsadüfi adamlara meydan verib, daha ucuz qiymət təklif edən bu şəxslər sonradan təbii olaraq vəd etdikləri o xidməti göstərər bilmir, nəticədə ciddi narahatlıq yaranır. N.Dadaşov deyir ki, hər şey ilk növbədə təcrübəsizlikdən doğur: "Biz 11 ilə yaxındır ziyarət təşkili ilə məşğul oluruq. "Əl-Əqsa” tur şirkətinin Azərbaycandakı nümayəndəliyi olaraq, həm də yerli "Salam Tur” şirkətimiz var. Bu səbəbdən də biz adətən Ərbəin günlərində 2 avtobus zəvvar apardıq, bir də təyyarə qrupumuz vardı. Yəni bu cür kütləvilik olan günlərdə, bayramlarda qrupların çoxlu sayda zəvvar aparması çətinlik yaradır onlara”. 

Ərbəin ziyarəti ile ilgili görsel sonucu

Bununla yanaşı Nurlan Dadaşovun Kərbəlaya ziyarətə getmək istəyənlərə mütəxəssis tövsiyəsi var: "Biz tanıdığımız şəxslərə də tövsiyə edirik ki, əsasən Ərbəin günlərində şirkətlərlə deyil, kiçik qruplarla, şəxsi təşəbbüslə 5-10 nəfərlik dəstələrlə özləri viza alıb getsinlər. Bu həm xərcləri azaldır, həm də böyük qruplardakı narahatlıqlara səbəb olmur, yolda əlavə problemlər yaranmır. Üstəlik onsuz da Ərbəin günlərində İraqın ziyarət şəhərlərində bütün zəvvarlara pulsuz xidmət göstərilir, qalmaq yerləri verilir. Ərbəin günlərində İraq hökuməti də viza sistemini sadələşdirir. Biz Ərbəin zamanı hər kəsə bu tövsiyəni vermişik, bildiyim qədəri ilə bu il 2 min nəfərə yaxın insan belə getdi”. 


Kənan Rövşənoğlu, 
musavat.com 

Administratorla əlaqə

077 611-55-22

[email protected]