Media

Həbsdəki jurnalistə qarşı pul tələbilə yeni iddialar qaldırılır

6-12-2016, 22:37
Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Jam.az” saytının redaktoru, jurnalist Fİkrət İbişbəylinin (Fərəməzoğlu) məhkəməsi keçirilib.
Məhkəmədə Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov əməliyyat-axtarış fəaliyyətinin nəticələri və maddi sübutların götürülməsi haqqında protokollardakı imzaların jurnalistə məxsus olub-olmamasının müəyyən edilməsindən ötrü ekspertiza keçirilməsi haqda vəsatət verib.
Jurnalistin digər vəkili Cavad Cavadov da deyib ki, Fikrət Fərəməzoğlu həmin sənədlərə baxanda oradakı imzaların onunku olmadığını bildirib. Buna görə.də vəsatətin təmin olunması, o imzaların sahibinin müəyyənləşdirilməsi vacibdi.
Məhkəmə vəsatəti təmin etməyib. Eldar Mikayılovun sədrlik edən hakimlər kollegiyası qərarı belə əsaslandırıb ki, məhkəmə sübutların tədqiqi ardıcıllığını hələ müəyyən etməyib.
Məhkəmədə zərərçəkmiş qismində tanınmış şəxslərdən Mehman Həsənov, Şirin Abdullayev və Baxşəli Qəhrəmanov da iştirak edib. Hakim onlardan jurnalistə qarşı pul tələblərinin olub-olmadığını soruşub. Onlar pul tələblərinin olduğunu bildiriblər. Hakim zərərçəkənlərə məhkəməyə mülki iddia təqdim etmələri üçün bir həftə vaxt verib.
Məhkəmə dekabrın 15-də davam edəcək.
Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3 min manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F. Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.
Əgər ittihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.
Fikrət Fərəməzoğlu ittihamı qəbul etmir və sifarişlə həbs olunduğunu, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bildirir.
Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olarkən daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]