Texnologiya

Texnologiyanın inkişafı xəyalları gerçək edir...

7-09-2016, 00:44

İstədiyiniz hər hansı bir dili beyninizə yükləyərək danışa biləcəksiniz 

 

Dünyada müasir texnologiya ötən hər ay inkişaf edir, yeniliklər insan həyatına girir. Bir zamanlar bizə əlçatmaz görünənləri indi məişətimizdə hər gün istifadə edirik. Məsələn, elə götürək smart (ağıllı) mobil telefonlarını. 20-30 il öncə bizə kimsə ovucumuzun içinə sığan bir telefonun olacağını desəydi inanmazdıq.

İndi isə ovcumuzun içindəki təkcə telefon funksiyasını daşımır,  həm televizor, həm video, həm yol göstərən, həm xəritə və sairə funksiyalarını göstərir. Bir vaxtlar fantastik filmlərdə seyr etdiyimiz səhnələr artıq reallığa çevrilir, robotlar, özü idarəolunan avtomobillər sanki insan zəkası ilə yarışa çıxır. Artıq öz sahibini tanıyan ağıllı çamadanlar da hazırlanıb və yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. 

Belə ki, NUA Robotics şirkəti CES 2016 - Beynəlxalq elektronika sərgisində sahibini tanıya və onun izi ilə gedə bilən ağıllı çamadanın prototipini təqdim edib. Çamadan sahibini tanıması və onun mobil qadjetlərinə qoşulması üçün kamera və bluetooth modulla təchiz edilib. Çamadan hələ ki, təcrübədən keçirilir. Sınaqlar müvəffəqiyyətlə başa çatdırılarsa, qadjet cari ildə satışa çıxarılacaq. Çamadanda istifadə edilən texnologiya supermarket arabalarında da tətbiq edilə bilər. Bunun sayəsində fiziki imkanları məhdud şəxslər və yaşlı insanlar daha asan alış-veriş edə biləcək. 

Texnologiyanın bu cür sürətli inkişafı qarşıdakı on ildə bizi daha da heyrətləndirəcəyini deməyə əsas verir. Hətta bu inkişaf bəzən insanı qorxudur. Bir sıra mütəxəssislər gələcəkdə maşınların, təyyarələrin funksiyasının da dəyişəcəyini iddia edirlər. Hətta bu istiqamətdə müəyyən işlər də gedir. Məsələn, Serbiyada gələcəyin maşını hazırlanıb. Ujice şəhərində yaşayan sənaye mühəndisi 29 yaşlı Petar Vukoviç ABŞ-da keçirilən gələcəyin maşını müsabiqəsinin qalibi olub. Vukoviç Ujicedə mühəndis kimi çalışır. O, hazırladığı modelə "Rutsio” adını verib.

Gələcəyin maşınının təkərləri üfüqü və şaquli istiqamətdə hərəkət edir. Bu maşın həm də ölçüsünə və texniki göstəricilərinə görə fərqlənir. "Rutsio” Detroitdə keçirilən ən böyük avtomobil sərgisində nümayiş ediləcək. Sərgi 13-26 noyabrda baş tutacaq. İndi Vukoviçin maşının istehsal hüquqlarını kimə verəcəyi maraqla gözlənilir. Serb mühəndis ixtirası sayəsində həm yeni iş yerlərinin açılacağına, həm də əhalinin vaxta qənaət edəcəyinə ümid etdiyini deyib. 

Xatırlayırsınızsa, bir neçə il öncə uçan maşınlar da ictimaiyyətə təqdim edilmişdi. ABŞ-ın "Terrafugia” şirkəti "Transition” adlı uçan avtomobili sınaqdan keçirib. Adi yollarda avtomobil kimi hərəkət edən bu "uçan maşın” ehtiyac yarananda səmaya qalxır. Yerdə adi mühərriklə hərəkət edən bu maşın səmada 100 at gücündə mühərriklə işləyir. Maşının təyyarəyə çevrilməsi, qanadlarını açıb havaya qalxması 30 saniyə çəkir. 

Səmada saatda 185 kilometr sürətlə 724 km məsafə qət etməyə qadir olan "Transition”un benzin tutumu yerdə cəmi 105 km hərəkət etməyə çatır. Uçan maşınların paraşütü də var. Hələ ki, səmada uçan maşınlara rast gəlinməsə də texnologiyanın sürətli inkişafı yaxın illər ərzində bizim yerdə görməyə öyrəşdiyimiz maşınları səmada da görəcəyimizə ümid yaradır. Yəqin ki, çoxlarımız yorğun olanda ürəyimizdən "kaş ki, bir ağıllı robotum olsaydı, mənim yerimə bütün işləri görsəydi” deyə bir istək keçib. 

Image result for texnologiya Robot

Düzdür, alimlər insana bənzəyən robotları artıq ixtira ediblər. Microsoft Application and Services Group-dan olan mütəxəssislər emosiyaları hiss edərək insanla söhbət etməyi bacaran süni proqram yaradıblar. Xiaoice adlı süni zəka suallara 17 yaşlı qız kimi cavab verir. Əgər o söhbət əsnasında mövzu haqqında nəsə bilmirsə o uydura bilir. Əgər ona yalan danışılırsa o hirslənir. Xiaoice-nin gözlənilməzlik xüsusiyyəti onunla söhbəti adi insanla söhbətə çevirir. Hal-hazırda Xiaoice-nin yaradıcıları onun təkmilləşdirilməsi üzərində çalışırlar. Bundan başqa təsəvvür edin ki, istədiyiniz hər hansı bir dili beyninizə yükləyərək onu artıq biləcəksiniz. 

Bu fantastika kimi görünsə də, yaxın gələcəkdə artıq reallığa çevrilə bilər. Google-ın texniki direktoru, futuroloq və ixtiraçı Ray Kurzweil qeyd edib ki, artıq 2030-cu ildə insan beyninə yeridiləcək nanobotların sayəsində insanlar daha çox yararlı olacaqlar. Beyində olacaq kiçik robotların köməyi ilə biz istənilən məlumatı əldə edib onu saniyələr içərisində yaddaşımıza yaza biləcəyik. Bundan əlavə olaraq biz öz fikir və xatirələrimizi arxivdə saxlaya və elektron məktub, video, foto kimi faylları göndərə biləcəyik. 

Image result for texnologiya Robot

Google-da süni zəkanın hazırlanmasında iştirak edən Kurzweil-in fikrincə beyinə yeridiləcək nanobotlarla insanlar daha unikal olacaqlar. Nanobotlar hətta yaddaş gücləndirməsi, epilepsiya kimi xəstəliklərin aradan qaldırılmasına və zəkanın gücləndirilməsinə də nail ola biləcəklər. Təbii ki, potensial təhlükəsiz də olmur. Belə ki, biz hələ beynin tam olaraq necə işlədiyini bilmirik. Buna görə də beyinə nanobotların implantasiyası hələki şübhəli görünür. Bundan əlavə olaraq süni zəka beyni ələ keçirdərək insanı zombi halına sala bilər.

Alimlərin fikrincə gələcəkdə bir əşyanı atomlara parçalayıb həmin atomlardan digər bir əşya yaradan qurğu kəşf olunacaq. Onlar bu qurğunu nano assembler adlandırırlar. Təsəvvür edin ki, həmin qurğuya bir daş parçası qoyub onu atomlara parçalayırsınız. Daha sonra qurğu həmin parçalanmış atomlardan alma yaradır. Məsələ ondadır ki, alma və daş parçası digər materiallardan atom səviyyəsində bir-birindən fərqlənmirlər. Onların hamısı protonlardan, neytronlardan və elektronlardan ibarətdirlər. Əgər bütün bu hissəcikləri birləşdirməyi bacaran qurğu yaradılsa, onda istənilən hər şey istehsal oluna bilər. 

Günel MANAFLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]