Siyasət

Avropa Parlamenti ilə rəsmi Bakı arasında yeni gərginlik

1-09-2016, 19:44

Avropa Parlamentində dinləmələr bu ilin əvvəllərindən başlayaraq istiləşən Azərbaycan-Qərb münasibətlərinə mənfi təsir edə bilər; iqtidar təmsilçisi "onlara qətiyyən əhəmiyyət vermək lazım deyil” deyir, ekspertlər isə... 

 

Avqustun 31-də Avropa Parlamentində Azərbaycanda son həbslərlə bağlı dinləmələr keçirilməsi ölkəmizdə ciddi narahatlıqla qarşılanıb. Ekspertlər hesab edirlər ki, bu dinləmələr bu ilin əvvəllərindən başlayaraq istiləşən Azərbaycan-Qərb münasibətlərini yenidən gərginləşdirə bilər.  

Dinləmədə iştirak edən "Sport for Human Rights Coalition” (İnsan Hüquqları Naminə İdman) koordinatoru Rebeka Vinsentin öz twitter mikroblogunda paylaşdığı yazıda əslində bunun  elementləri görünür. Vinsent hesab edir ki, Avropa İttifaqı Azərbaycan hökumətini daha sərt şəkildə insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə çağırmalıdır: ""İnsan Hüquqları Naminə İdman” kampaniyasının fəalları Azərbaycanda bu ilin mart-may ayında bir çox siyasi, ictimai fəallar azadlığa çıxsa da, vəziyyətin, demək olar ki, dəyişmədiyini hesab edirlər. Son vaxtlar yeni həbslər həyata keçirilib. Bu, Azərbaycan prezidentinin konstitusiyaya dövlət başçısının səlahiyyətlərini gücləndirən düzəlişlər üzrə referendum təşəbbüsü irəli sürməsindən sonra baş verib".

Image result for Leyla və Arif Yunuslar

Qeyd edək ki, son 8 ayda Qərb-Azərbaycan münasibətləri müsbət yöndə ciddi şəkildə inkişaf etmişdi. Xüsusilə ölkə iqtidarı mart-may ayları aralığında Qərbin diqqətində olan əksər siyasi məhbusları azad etməklə, azadlığa çıxan Leyla və Arif Yunusların müalicələri üçün ölkədən çıxışlarına icazə verməklə ciddi dəstək qazanmışdı. Ard-arda hakimiyyətin ünvanına Avropadan dəstək mesajları gəlirdi. Amma bu çox qısa çəkdi. Referendum öncəsi bir sıra siyasi həbslərin həyata keçirilməsi isti münasibətlərin üstünə "soyuq su” səpdi. 

Ekspertlər bildirirlər ki, maliyyə sıxıntılarını aradan qaldırmaq üçün Qərbdən borc almağa ehtiyac duyan bir ölkə üçün indiki şəraitdə münasibətlərin soyuqlaşması gələcək üçün müsbət heç nə vəd etmir. Bundan əlavə, gərginləşən münasibətlər Azərbaycan hakimiyyətinin xarici investisiyaların ölkəyə cəlb olunması üçün apardığı siyasətə də mənfi təsir edə bilər. 

"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycan balanslı siyasət yürüdür: "Azərbaycan yaxın qonşuları və Qərblə xoş münasibətlər qurmağa çalışır. Əməkdaşlıq üçün addımlarını atır. Bu əməkdaşlıq həm bir-birinin daxili işinə qarışmamaq, həm bir-birinə qarşılıqlı şəkildə hörmət etmək, həm də bir-birinin maraqlarını təmin etməkdir. Cənab İlham Əliyevin bu siyasəti ölkəmizə böyük uğurlar qazandırıb, Azərbaycanın dünyada siyasi nüfuzu güclənib. Azərbaycan beynəlxalq qurumlarla da əməkdaşlıq etməyə çalışır. Daim beynəlxalq qurum və təşkilatlardan bizim bir tələbimiz olub. Ədalətli, obyektiv olsunlar, hadisələrə beynəlxalq hüquq normaları ilə yanaşsınlar, qiymət versinlər. Bizi ən çox ağrıdan da ikili standartlardır. Çox şadam ki, cənab prezident o dövlətlər, beynəlxalq təşkilatlar var ki, Azərbaycana qarşı ədalətsiz hərəkət edirlər, dərhal bunu qeyd edir. Tənqidi fikirlərini deyir. Bizim  də qəzetimiz vasitəsilə həmin haqsızlıqlara söz demək imkanımız yaranır.  ”Human Rights Watch", "Amnesty İnternational” kimi təşkilatlar öz qərəzlərini daim büruzə verirlər. Keçən dəfə Avropa İttifaqı da qərəzli mövqe sərgilədi. Azərbaycanda icazəsiz aksiya keçirilir və hökumət bunun qarşısını alır. Bu halda dərhal beynəlxalq təşkilatlar hərəkətə keçirlər ki, insanların "Sərbəst toplaşmaq azadlıqları” pozulur. Çalışırlar ki, bunu Avropa İttifaqı, yaxud Şurasında müzakirəyə çıxarsınlar. Görün neçə aydır ki, Ermənistanda nələr baş verir: polis öldürülür, jurnalistlər tutulur, insanlara zorakılıq edilir.

Avropa İttifaqı nə üçün bunu müzakirə etmir? "Amnesty İnternational” və digər belə təşkilatlar qeyd etsəydilər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ana torpaqlarında yaxınlarının qəbirlərini ziyarət edən zaman həbs olunublar, onlara qarşı təhqiramiz hərəkətlər olub, onlara qeyri-qanuni uzunmüddətli həbs cəzası çəkdirirlər, buna sadəcə təəccüblənərdim. Ermənilər qanunu pozanda, qarşıdurma yarananda, parlament binası gülləbaran ediləndə bunların səsi çıxmır. 

Elə ki, Azərbaycan tərəfdə nəsə oldu, siyasi məhbus və digər problemlərin olduğunu deyirlər. Halbuki siyasi dustağın kriteriyalarının nə olduğunu bilmirlər. Siyasi məhbusun kim olduğunu müəyyənləşdiriblər? Artıq bunlara təəccüblənmirəm. Azərbaycan elə bir karvandır ki, müstəqil yolu ilə əzəmətlə irəliləyib. O yerdə ki, ikili standartlar, ermənilər tərəfindən maliyyələşən təşkilatlar, Azərbaycana qarşı qərəzli münasibət var, onlara qətiyyən əhəmiyyət vermək lazım deyil. Azərbaycan demokratiyası, iqtisadiyyatı inkişaf etdirilir, müstəqilliyimiz möhkəmlənir. Tezliklə ərazi bütövlüyümüz də bərpa olunacaq".

Image result for Mehman Əliyev

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev ölkə prezidenti səviyyəsində Qərbin tələbi olan islahatların keçirilməsinə razılıq verildiyini söylədi: "Bununla bağlı artıq ”Yol xəritəsi" hazırlanır. Bu xəritə hansı səviyyədədir, bu başqa məsələdir. Bu "Yol xəritəsi” hazırlanarkən məlum olub ki, hakimiyyət daxilində bir qrup bunun əleyhinə çıxır. Başqa bir qrup isə islahatları dəstəkləyir. İndi sanki proses müəyyən dərəcədə ləngiyir. Halbuki ölkə başçısı islahatların keçiriləcəyini deyir. Beynəlxalq institutlar Azərbaycana heç bir vəsait ayırmır. Hökumətdə islahatlara vahid münasibət yoxdur. Bu da Qərbi narahat edir. Avropa Parlamentinin Azərbaycanla bağlı müzakirələri Azərbaycan hakimiyyətinə bir mesaj olacaq ki, islahatları keçirin, əks halda, daha sərt addımlar atacağıq. Qəbul edilən qərarlar sözdə yox, əməldə icra olunacaq. İslahatlar keçirilməsə, münasibətlər gərginləşəcək. Çox kritik vəziyyətdəyik. Qərbin dəstəyi olmasa, vəziyyət inqilabi duruma gəlib çıxacaq. Dinləmələr islahatlara təkan vermək məqsədi daşıyır".

Image result for Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı iyun ayından etibarən vəziyyətin gərginləşdiyini düşünür: "Baş verənlər təbii ki, Qərbi narahat etməyə bilməz. Bunun üçün də belə müzakirələr olur. Beynəlxalq təşkilatlar baş verən prosesləri, məhkəmələri ciddi şəkildə izləyirlər. Ona görə ciddi çağırışlar səslənmir. Ola bilər ki, belə müzakirələrdə bəzi deputatlar tərəfindən Azərbaycan əleyhinə fikirlər səslənsin. Çünki ölkəmizdən Avropaya çoxlu hesabatlar gedir. İlin axırına kimi gözləmə mövqeyinin olacağını düşünürəm. İlin sonuna qədər Azərbaycan hakimiyyəti ciddi addımlar atmasa, yəqin ki, Avropadan mesajlar gələcək. Amma heç bir sanksiya tətbiq olunmayacaq”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]