Siyasət

Ankarada “cadı ovu” - və ya Davudoğlunu kimlər niyə hədəfə çıxarır?

31-07-2016, 19:51
Ankara siyasət dəhlizlərində hər gün yeni dedi-qodular dolaşır. Əslində amansız hadisə, xəbər bolluğunda hər gün yeni məlumatların, "komplo teorilərinin” ortaya çıxması bir tərəfdən də anlaşılandır. 

Çünki indi hadisələr tam sakitləşməsə də, artıq hər kəsin bu olaylar haqda mütləq bir fikri, ya da hansısa ilginc versiyası olmamış deyil. Əsnafdan ən üst səviyyəli siyasətçiyə qədər hər kəsin bir özəl şərhi var. 

Amma bu cür sürətlə yayılan xəbərlərin bir qismi ilk baxışdan şübhə yaratmasa da, istiqamətləri, hədəfləri istər-istəməz şübhəyə səbəb olur. Qiyamdan 15 gündən çox zaman keçsə də, Ankarada və digər iri şəhərlərdə hələ də gecələr "demokratiya növbələri” davam edir. Bu da bir mənada qiyamla bağlı təhlükənin qaldığı və hökumətin onun nəticələrinin aradan qaldırılması fəaliyyətlərini davam etdirdiyini göstərir. Hər gün fərqli dövlət, hökumət və ya ictimai qurumlarda təmizləmələr aparılır, həbslər həyata keçirilir. Və görünən odur ki, proses böyüdükcə, müəyyən mənada "cadı avı”na çevrilir, ya da kimlərsə buna çalışır.

Burda ən maraqlı detallardan biri də odur ki, son günlərdə dövriyyəyə buraxılan məlumatların içərisində əsas ağırlıq siyasi hakimiyyət içərisində "xain axtarışına” xidmət edən məlumatlardır. Bu cür məlumatlar cəmiyyətdə sürətlə yayılır. Çünki Türkiyə cəmiyyəti hazırda qiyamdan sonrakı gərginlikdən qurtula bilməyib, üstəlik həbslər davam etdikcə, toplum yeni "xainlər”in ifşasını gözləyir. Üstəlik gülən qrupunun uzun illər hakimiyyətin içərisinə sıza bilməsi və xarici ölkələrin rolu ilə bağlı iddialar yeni "ifşa” xəbərləri üçün zəmin hazırlayır.
Qiyamın xarici dövlətlərlə bağlanması, orduda günü gündən daha çox yüksək rütbəli insanları əhatə etməsi bu prosesin siyasətdə də böyük "qurbanlara” səbəb olacağı düşüncəsini yaradır. Bu səbəbdən də indi Ankara siyasət dəhlizlərində, ara söhbətlərində AKP daxilində tanınmış şəxslərin adları hədəfə çıxarılır. Dövriyyəyə buraxılan şəxslərdən biri də keçmiş baş nazir Əhməd Davudoğludur. 

Əhməd Davudoğlunun qiyam baş tutacağı halda yenidən baş nazir olacağı, dolayısı ilə qiyama bağlı olduğu haqda ara söhbətləri hətta bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, AKP kuluarlarında dolaşmaqdadır. Bu tip xəbərlər ilk baxışdan hakimiyyət daxili hesablaşma kimi görünsə də, hazırda cəmiyyətdəki yuxarıda sadaladığımız faktorlardan dolayı diqqət doğurur. Çünki indi bir çoxları təmizləmələrin hakim komanda içərisində başlayacağını gözləyir. İkinci tərəfdən, hakimiyyət içərisində rəqiblərin də belə bir təmizlənmə arzusunda olması, yenilər üçün "yer açılması” arzusundadır. Digər tərəfdən, Davudoğlu uzun müddət xarici işlər naziri postunu tutub və hökumətdə, əsas da Xarici İşlər Nazirliyində çoxlu sayda kadrları var.

Ancaq iyulun 20-də Anadolu Cümhuriyyət Baş Prokurorluğunda aparılan həbslər zamanı saxlanılan prokurorlardan biri olan Mehmet Selin iş masasından tapılan cinayət işi ittihamnaməsində Əhməd Davudoğlunun da adı vardı. Üzərində 2016-cı il yazılan, ancaq dəqiq tarixi qoyulmayan ittihamnamədə "İnegöl Baş Prokurorluğuna” yazılmış iddianamədə şübhəlilər sırasında dövlətin ən yüksək postlarında əyləşən insanların adları vardı. Prezident Rəcəb Tayyib Ərdoğan, sabiq baş nazir Əhməd Davudoğlu, sabiq baş nazir müavinləri Bəşir Atalay, Yalçın Akdoğan, daxili işlər naziri Əfqan Ala, kəşfiyyat xidməti rəhbəri Hakan Fidan həmçinin bir çox vali və kəşfiyyat rəhbərlərinin adları yer alırdı. İddianamədə adları qeyd olunan şəxslərin "terror təşkilatına yardım etməsi”, "2009-2015-ci illərdə PKK-ya dəstək verdikləri qeyd olunurdu.

Ancaq məsələnin maraqlı tərəfi ondadır ki, bu siyahı iyulun 20-də üzə çıxıb. Lakin buna baxmayaraq aradan bir müddət keçəndən sonra Davudoğlunun adı fərqli şəxslərin və media orqanlarının dilindən yenidən şübhəlilər sırasında qeyd olunmağa başlayıb. Bu isə istər-istəməz sual doğurur. Nədən sabiq baş nazir yenidən hədəfə gəlməyə başlayıb? Yeri gəlmişkən, qiyamdan sonra yenidən gündəmə gələn hadisələrdən biri də Türkiyədə bir zamanlar xeyli məşhur olan "Salam Tevhid” istintaqı idi. Xatırladaq ki, bu gizli istintaq sənədi Türkiyədə 2013-cü ilin 17-25 dekabr tarixində baş verən hadisələrdən sonra gündəmə gəlmişdi. O zaman məlum olmuşdu ki, camaata bağlı polislər 8 mindən artıq ictimai fəalın telefonlarını dinləyib. Eyni zamanda 242 nəfər barəsində də "Salam Tevhid terror təşkilatı” adı ilə cinayət işi açılıb. Böyük bir cinayət işində adı gedənlər arasında Türkiyənin tanınmış ictimai-siyasi fəalları, jurnalistlər, elm adamları və şiə icmasının tanınmış nümayəndələri də vardı. Barəsində həbs qərarı çıxarılanlar arasında Əhməd Davudoğlunun yaxın adamları, o cümlədən baş nazir olarkən müşaviri olmuş şəxslər də vardı. 

İndi isə "üçbucağı” birləşdirəndə maraqlı kompozisiya əmələ gəlir. Bir tərəfdən camaat polislərinin açdığı gizli cinayət işində Davudoğlunun ən yaxınındakı adamların adları çıxır, çevrilişdən sonra həbs olunacaq şəxslərin siyahısında Davudoğlunun öz adı çıxır. Ancaq bütün bunların fonunda qiyamdan 10 gün sonra fərqli mənbələrdən keçmiş baş nazirin qiyamçılarla birgə olması, çevriliş olacağı təqdirdə yenidən baş nazirliyə qayıdacağı ilə bağlı xəbərlər yayılmağa başlayır. 

Türkiyədə bəzi yerli analitiklərə görə, məhz Davudoğlunun adının qiyamçılarla birgə hallanmasının iki mühüm səbəbi var. Birincisi, Davudoğlu uzun müddət xarici işlər naziri olub, xarici ölkələrlə yaxşı əlaqələri var. Eyni zamanda həm xarici işlər, həm də son iki ildə baş nazir olaraq hakimiyyətin xarici siyasətinin planlanmasında iştirak edib. Bu səbəbdən də rahat hədəfə gəlir, Türkiyənin hazırkı durumundan məmnun olmayanların ən rahat şəkildə ittiham edə biləcəyi şəxsdir. İkincisi, hakim partiyada, hökumətdə, xüsusən də diplomatik korpusda və kəşfiyyatda çoxsaylı kadrlarının olduğu iddiaları var. Onun vurulması hər bir halda həm hazırkı hakimiyyəti, həm dövlət aparatını, həm də siyasi partiyanı ciddi şəkildə zəiflədəcək. Üçüncü ən əsas səbəb isə Davudoğlu və onun komandasının hədəfə çıxarılmasının əsas təşkilatçıları "təmizləmə” prosesində diqqətdən kənarda qalacaq. 

Məsələ ondadır ki, hələ də Türkiyə hakimiyyəti uğursuz çevrilişin əsas müəllifini tapa bilməyib. Ölkə xaricində F.Gülən, eləcə də onu dəstəkləyən ABŞ hökuməti, o cümlədən bir sıra generallar, ABŞ kəşfiyyatının rəhbərliyi göstərilir. Ancaq Türkiyədə bu qiyamın başında dayanan, onu idarə edən şəxsin kimliyi hələ ortaya çıxmayıb. Bu şəxsin ordudan bir general, siyasətçi və ya bürokrat olduğu hələ ki, tam olaraq təsbit olunaraq açıqlanmayıb. Bu isə müəmmalı vəziyyət yaradır. 

Belə ehtimal olunur ki, qiyamın arxasında dayanan güc (FETO və ya ABŞ) və onun yerli qüvvəsi hələ də çox güclüdür. "Yanıltma əməliyyatı” aparılır və cəmiyyətin diqqətini əsl hədəfdən nisbətən daha çox inandırıcı, eləcə də cəmiyyətin udmağa hazır olduğu "yemə” yönləndirilir. Bu zaman əlavə qazanc da hakimiyyətin özünün içində parçalanma ehtimalının yüksək olmasıdır. Bununla da arxadakı qüvvələr ikiqat qazanclı çıxırlar. Daha əvvəl də həmin taktikadan istifadə olunduğunu nəzərə alsaq, bu planın çox yaxşı çalışdığını demək olar. Hələlik, dövlətin ən üst zirvəsində olanların bu mövzuda nə düşündüyü bəlli olmasa da, cəmiyyət üzərində aparılan şayiə texnologiyalarının artıq çox güclü çalışdığı görünür. 



Kənan Rövşənoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]