Siyasət

Oqtay Əsədov Rusiyanı işğalçı adlandırdı

16-07-2016, 15:31

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycana səfər edən Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə ad çəkməsə də, Rusiyanı dolayısı ilə işğalçı dövlət adlandırıb.

Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Əsədov bildirib ki, hər iki ölkənin ərazisinin bir hissəsi işğal altındadır və beynəlxalq təşkilatların səyi nəticəsində ədalətin qələbə qazanacağına, həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edir.

Ukraynanın ərazi bütövlüyünün bərpası, işğal dedikdə heç şübhəsiz ki, burada Rusiyanın Krımı işğal etməsi nəzərdə tutulur. Parlament sədrinin açıqlamasına ekspertlərin münasibəti birmənalı deyil. Bəzi ekspertlər hesab edir ki, bu açıqlama Azərbaycan-Rusiya münasibətlərinə kölgə sala bilər. Çünki burada ölkəmizin üçüncü şəxsi üstüörtülü şəkildə Ukrayna-Rusiya arasındakı gərgin münasibətlərdə hansı dövlətin tərəfində olduğunu büruzə verir.

Rəsmi Kremlin Əsədovun fikirlərini anlayışla qarşılaya biləcəyini düşünənlər də az deyil. Çünki Azərbaycana səfər edən Ukraynanın dövlət başçısıdır. Bundan əlavə, Dağlıq Qarabağ kimi əzəli torpaqları işğal edilən Azərbaycan Krımın işğalına göz yumması o qədər də inandırıcı görünə bilməzdi.

Politoloq Şahin Cəfərli Əsədovun həqiqətləri dilə gətirdiyini bildirdi: «Milli Məclisin sədri Oqtay Əsədovun sözlərində qeyri-adi heç nə yoxdur. O, sadəcə, faktı konstatasiya edib. Ukrayna işğala məruz qalıb və bunu bütün ciddi dövlətlər və beynəlxalq təşkilatlar qəbul edir. Azərbaycanın bu məsələdə mövqeyi də hamıya, o cümlədən Rusiyaya yaxşı məlumdur. Azərbaycan da Ukrayna kimi separatizm və ərazi bütövlüyünün pozulması problemi ilə üzləşib. Yəni Ukrayna ilə dərdimiz ortaqdır, eyni problemdən əziyyət çəkirik. Bu ortaq problem iki dövlətin mövqeyini yaxınlaşdırır və eyniləşdirir. Təsadüfi deyil ki, hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Azərbaycan Krımın ilhaqından sonra bu məsələ ilə bağlı BMT Baş Assambleyasındakı ilk səsvermədə Ukraynaya dəstək verib. Düzdür, beynəlxalq qurumlarda bu məsələyə dair sonrakı səsvermələrdə Azərbaycan bir qədər ehtiyatlı mövqe tutub və Rusiyanı qıcıqlandırmamaq üçün bu ölkə əleyhinə Ukraynanın təqdim etdiyi qətnamə layihələrinə dair bəzi səsvermələrə qatılmayıb. Amma hər halda, rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan Ukraynanın bu problemini inkar etsə, həm də özünü, öz analoji problemini inkar etmiş olar. Ona görə də, heç kim rəsmi Bakıdan əks mövqe gözləməməlidir. Elə Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri də Ukraynaya siyasi dəstək mənasına gələn hadisədir. Üstəlik, həm bu səfər zamanı, həm də ondan əvvəl iki ölkə arasında iqtisadi sahədə əldə olunan razılaşmalar da Ukraynaya dəstək xarakterlidir. Məsələn, Azərbaycan Ukraynada istehsal olunan 10 ədəd «An-178» nəqliyyat təyyarəsi alacaq. Həmin təyyarələrdən birinin qiymətinin təxminən 40 milyon dollar olduğunu nəzər aldıqda, bunu Azərbaycanın Ukraynaya çox mühüm dəstəyi kimi qiymətləndirmək mümkündür. Yeri gəlmişkən, bu təyyarələrin Azərbaycanda birgə istehsalının təşkili barədə razılıq da çox önəmlidir. Bütün bunlar perspektivdə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini göstərir».

Ş.Cəfərli Ukraynanın daim Azərbaycanın yanında olduğunu qeyd etdi: «Ukrayna hələ işğal və separatizm problemi ilə üzləşmədiyi vaxtlarda Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verib. GUAM daxilində ölkələr bu məsələlərə vahid yanaşma ortaya qoyublar. Rusiya əlbəttə ki, Azərbaycan-Ukrayna əlaqələrinin güclənməsindən məmnun qala bilməz. Amma bu, o demək deyil ki, Moskva Bakıya təzyiq göstərərək onu Ukrayna ilə fəal əməkdaşlıqdan vaz keçirməyə çalışacaq.

Moskva onun ünvanına açıq ittihamlar səslənmədikcə və hansısa ölkələrin siyasəti açıq şəkildə Rusiyaya qarşı yönəlmədikcə, adətən sərt reaksiyalar vermir. Azərbaycanın Ukrayna ilə əməkdaşlığı Rusiyaya qarşı yönəlməyib. Kremldə bunu hər halda, görür və anlayırlar. Rəsmi Bakı da öz addımlarını hesablayaraq, götür-qoy edərək, diqqətlə atır. Ona görə də mən Moskvadan sərt reaksiya gözləmirəm».

Administratorla əlaqə

077 611-55-22

[email protected]