Siyasət

İsrailin “Kürdüstan” layihəsi - gizlinlər üzə çıxır...

24-04-2016, 12:27
İsrailin “Kürdüstan” layihəsi - gizlinlər üzə çıxır...
Yəhudi siyasətçiləri kürd dövlətini İsrailin peyki olaraq görürlər

İsrailin İqtisadi İnkişaf nazirinin müavini Ayoob Kara deyib ki, İsrail müstəqil Kürdüstan dövlətinin qurulması üçün hər cür köməklik edə bilər. Axar.az xəbər verir ki, nazir müavini hökumətin "kürd sənədləri”ni araşdırmaq üçün komissiya qurduğunu açıqlayıb.

Sitat: "Müstəqil Kürdüstan dövlətinin təcili qurulmasının tərəfdarıyam. Dünya,  kürdlərin yaşadıqlarından xəbərsizdir. İsrail müstəqil Kürdüstan dövlətinin qurulması ilə bağlı danışıqlara yardım edə bilər. Bunun üçün bölgədəki dövlətlərin razılığı lazımdır”.


Mövzu yeni olmasa da, xəbərdə İsrailin kürd sənədlərini araşdırmaq üçün komissiya qurmasından bəhs olunur ki, bu da yeni xəbərdir. Daha doğrusu, əvvəllər gizlədilən işlər artıq açıqlanır. İsrail rəsmiləri, o cümlədən baş nazir Netanyahu ötən il açıq şəkildə bildirmişdi ki, İsrail müstəqil Kürdüstanın qurulmasını dəstəkləyir və bu prosesə yadım edə bilər. Yəhudi dövlətinin hələ ötən əsrin 60-70-ci illərdə kürd liderlərinə hərbi və maliyyə dəstəyi verməsi ilə bağlı bilgilər var. Yəni bu iş əslində yeni deyil. 


Məsələ ondadır ki, hər nə qədər ərəb hakimiyyətləri ilə dil tapsa da (yeri gəlmişkən bu gün İsrail ordusunun ikinci komandanı Misir və İordaniya ilə yaxın əməkdaşlıq etdiklərini deyib – K.R.), ərəb cəmiyyətlərində İsrailə qarşı münasibət düşməncəsinədir. Fələstin xalqının yaşadıqları və Qüds məsələsini müsəlmanlar unutmurlar. Bu səbəbdən də yəhudi dövləti üçün Yaxın Şərqdə siyasi və hərbi böhranlar çox lazımlıdır. Məsələn, son 5 ildə ("ərəb baharı” ilə başlayan savaşlar dövründə - K.R.) İsrail dövləti mövqelərini gücləndirib və bu dövrdə İsrail üçün hər hansı bir ciddi təhdid törədəcək hadisə olmayıb. Fələstinlilərin kiçik miqyaslı hücumları istisna olmaqla. Əksinə,  Yaxın Şərqdə müsəlman ölkələri arasında rəqabətin dərinləşməsi səbəbindən bir sıra ərəb ölkəsi İsraillə münasibətlərini qaydaya salmağa çalışır. 
Ancaq kürd mövzusu İsrail siyasiləri üçün daha ciddi önəmə sahibdir.


Məsələ burasındadır ki, İran, İraq, Türkiyə və Suriya ərazisində məskunlaşmış kürdlər son yüz ildə regionda gedən siyasi mübarizədə hər zaman ortada olsalar da, böyük dövlətlər tərəfindən əzilib. Ancaq eyni zamanda kürdlərin öndə gedən liderləri bu böyük ölkələrlə bağlarını qoparmayıb, öz tayfalarını hər zaman müstəqillik və ya siyasi hüquqlar uğurunda mübarizəyə kökləyiblər. İraq kürdləri uzun illər mübarizədən sonra artıq faktiki olaraq müstəqillik astanasına gəliblər. Suriyada da kürdlər artıq 2011-ci ildən sonra öz silahlı birliklərini quraraq ölkənin şimalında faktiki olaraq yerli özünüidarə yaradıblar. Türkiyədə və İranda bölücü kürd təşkilatları isə xeyli fəaldırlar. 


Bölgədə yeni kürd dövlətinin yaranması istənilən halda regionda yeni münaqişə durumu yaradacaq. Sərhəd mübahisələri (təbii olaraq) yaranacaq, etnik və dini yönlü düşmənçiliklər tətiklənəcək. Üstəlik, İraqın şimalında yaranacaq kürd dövləti coğrafi olaraq həm İran, həm Türkiyə, həm də Suriya ilə həmsərhəd olacaq. Beləliklə, yeni Kürdüstan bölgənin 4 güclü (həm də İsrailə qarşı düşmən mövqedə olan) dövləti üçün potensial təhdidə çevriləcək. Nəzərə alsaq ki, adları çəkilən ölkələrdə ciddi gücə malik kürd azlıqları var;  o zaman bu təhdidin nə qədər ciddi olduğunu demək mümkündür. 

Təbii ki, kürdlər də ərəblər və ya türklər (türkmənlərə görə) ilə münaqişədə daha etibarlı müttəfiq olaraq İsrailə qapı açacaqlar. Bu isə yəhudi dövləti üçün perspektivə böyük imkanlar deməkdir. 

Nəticə etibarı ilə kürdlərdən növbəti dəfə istifadə məqsədi olsa da, görünən odur ki, kürd siyasətçilər hazırda bölgədə yaranmış vəziyyətə fürsət kimi yanaşırlar. Suriya və İraqda münaqişənin daha bir neçə il davam etməsi kürdlərin şanslarını daha da artırır. Təbii ki, İsrailin də. 

Kənan Rövşənoğlu, musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]