Siyasət

Siyasətdən getmiş məşhurlar...

7-02-2016, 17:30

Onların sırasında vaxtı ilə prezidentliyə iddiaçı olan iki ismin də adı var; heyvandarlıqla məşğul olan keçmiş siyasətçi kimdir? 


Azərbaycanın müxalifət düşərgəsinin daxilində son 10 ildə qəribə bir tendensiya yaranıb. Vaxtı ilə guruldayan siyasətçilər səssizcə siyasətdən gedirlər. Xüsusilə, belə halların 2003-cü ilin prezident seçkilərindən sonra daha çox baş verdiyinin şahidi oluruq. Ard-arda gələn məğlubiyyətlər siyasi qurumların rəhbərliyində təmsil olunanları sanki ruhdan salıb. 

2003-cü ilin 15 oktyabrındakı iflasdan sonra siyasi qurumların rəhbərliyində təmsil olunan şəxslərin "yarpaq tökümü” başladı. Bir-birinin ardınca siyasətdən getmələr baş verdi. Maraqlıdır ki, bu prosesin içərisində 2003-cü ildə prezidentliyə iddiaçı olan şəxslər də yer aldılar. 

Vaxtı ilə Azərbaycan siyasətinin öndə gedən isimlərindən olan bir neçə tanınmış şəxsləri oxucularımızın yaddaşlarına qaytarmaq üçün tarixə nəzər saldıq.



İlk olaraq, türk dünyasında prezidentliyə namizəd olan yeganə qadın, Azərbaycan Liberal Partiyasının sədri, sabiq dövlət katibi Lalə Şövkət Hacıyevadan başladıq. Hazırda partiyasına rəhbərliyi Əvəz Temirxana həvalə edən bu xanım siyasətçinin adı getdikcə unudulmaqdadır. Mətbuata müsahibə verməkdən imtina edən Lalə xanımın adı ictimaiyyət arasında daha çox 2003-cü ildə prezidentliyə namizəd, eləcə də, 2005-ci ildə deputatlıq mandatından imtina edən bir şəxs  kimi qalıb. Siyasətdən gedən ictimai-siyasi xadimin atdığı addım müəmmalı olaraq qalmaqdadır. Özü də bu barədə açıqlama verməkdən dəfələrlə yayınıb. 



Siyasətdən getmiş kimi sayılan ikinci isim isə, ölkəmizdə ilk qeydiyyatdan keçmiş Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) uzun müddət sədri, hazırda lideri sayılan Etibar Məmmədovdur. Doğrudur, ara-sıra mətbuatda onun müsahibələrinə rast gəlmək mümkündür. Amma əvvəlki siyasətçi olduğunu desək yanılarıq. 1998-2003-cü illərdə keçirilən prezident seçkilərinə qatılan və kifayət qədər seçici dəstəyi qazanan Məmmədovun hazırda fəaliyyətinin nədən ibarət olduğu məlum deyil. Onun özü də, bu barədə indiyə qədər ictimaiyyətə açıqlama verməyib.



1993-99-cu illərdə prezidentin köməkçisi işləmiş, "Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun da 2015-ci ildə siyasi arenadan çəkildiyini bəlkə də sonralar xatırlayacağıq. Belə ki, bu siyasətçi ötən il demək olar ki, demokratik düşərgə daxilində görünmədi. Doğrudur, buna səbəb kimi səhhətini əsas gətirdi. Hazırda Namazov mətbuata açıqlama da vermir. 



AMİP-in yaradıcılarından olan sabiq deputat Nazim İmanov da aktiv siyasətini dayandırıb. AMİP-dən istefa verdikdən sonra 2005-ci ildə parlament seçkilərinə qatılan, lakin uğur qazanmayan İmanov həmin ildən etibarən siyasətdən gedib. O, hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun direktorudur.

Hazırda siyasətdən tamamilə ilə uzaqlaşan, lakin yaddaşlara daim zamanında atdıqları addımlarla həkk olunan iki sabiq xanım deputatı da xatırlamaq istədik. Bunlar I çağırış parlament seçkilərində YAP-ın namizədləri olaraq uğur qazanan, lakin 1999-cu ildə hakim partiyanı şoka salaraq qurumdan istefa verən və o zamanlar Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-yə qoşulan Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərovadır. Z.Dünyamalıyeva ADP Ali Məclisinin sədri S.Ələsgərova isə onun müavini kimi uzun müddət siyasətdə fəallıq göstəriblər. Sonralar ADP-dəki məlum proseslərdən sonra yenə də Rəsul Quliyevin idarəçiliyində olan Açıq Cəmiyyət Partiyasına qoşulan xanım siyasətçilər 2013-cü ilin prezident seçkilərindən sonra təmsil olunduqları partiyadan və Milli Şuradan istefa verərək, siyasətdən gediblər. 

1999-cu ildə YAP-ın deputatı kimi istefa verərək, ADP-yə keçən şəxslərdən biri də Akif Şahbazovdur. Bir zamanlar R.Quliyevin Azərbaycanda yaratdığı partiyalara rəhbərlik edən Şahbazovun hazırda Biləsuvarda heyvandarlıq və taxılçılıqla məşğul olduğu deyilir. Sabiq deputat tamamən siyasətdən gedib və jurnalistlərin telefonlarına belə cavab vermir. 

AXCP sədrinin müavini Fuad Mustafayev də siyasətdən gedən isimlər sırasındadır. 2009-cu ildə müəmmalı şəkildə vəzifəsindən istefa verən Fuad bəy hazırda Türkiyədə yaşayır. Onun nə işlə məşğul olduğu məlum deyil. Özü də dəfələrlə bu barədə suala cavab verməyib. 

Siyasətlə vidalaşanların siyahısını unutmaq da olar. Son 10 ildə belə şəxslər kifayət qədərdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]