Siyasət

Mehman Qələndərovun ölümünə susanların Cahangir Hacıyev nağılı...

8-05-2017, 02:14
Həbsdə müəmmalı şəkildə həyatına son qoyulan siyasi məhbus Mehman Qelenderov 3 ay öncə- 07 fevral 2017- ci ildə uydurma narkotika ittihamı ilə həbs olunub. Dünən onun 7- si mərasimi oldu. Yüzlərlə insanın iştirakı ilə məzarı başında onu sayğı ilə anıb Allahdan rəhmət dilədik, onun qatillərinin cəzalandırılmasını tələb etdik...
Yerli və beynəlxalq ictimaiyyət Mehmanın ölümünün şəffaf və obyektiv araşdırılıb ölçü götürməsini tələb edir. Hakimiyyət bu rəzilliyin altından qalxa bilmədiyi üçün gündəmi dəyişmək, Mehman cinayətini ört- basdır etmək istəyir.
Gündəmi dəyişmək üçün ortaya atılan mövsulardan biri də hakimiyyət mətbəxində hazırlanıb dövrüyəyə buraxılan "Cahangir Hacıyevin 1 milyon manata siyasi məhbus olması"- na dair nağıldır. Təəssüf doğuran haldır ki, hakimiyyətə yaxın mətbuatın yaydığı bu nağılın tirajlanmasında və müzakirəsində bilərəkdən və ya bilməyərəkdən bizim bəzi dostlarımız da iştirak edir. Yayılan məlumat Mehman Qələndərov cinayətini arxa plana keçirib, siyasi məhbuslara, onları müdafiə edənlərə və siyahını hazırlayanlara qara yaxmaqdır. Hədəfdə bizik. Fərqindəyik, amma qorxmuruq!
Gündəmi dəyişmək istəyən, vəziyyətdən sui- istifadə edən və yaddaşdan zəif olanlara bir daha xatıradıram; Cahangir Hacıyevin adı siyasi məhbus kimi siyahıda olmayıb və bu gün də yoxdur. O, nə mənə, nə də bizim SMMM- də olan kiməsə siyasi məhbus kimi tanınmaq üçün müraciət etməyib. Bildiyim qədəri ilə digərlərinə də etməyib. Yox edibsə, qoy onda ittihamlara da həmin şəxslər cavab versin. Bu ittihamın bizlərə aidiyyatı yoxdur. Cahangir Hacıyev ən yaxşı halda hüquqlarının tapdandığını bildirib onun işini nəzarətdə saxlamaq və müdafiə olunması üçün kiməsə müraciət edə bilər. Burda da qəbahətli nəsə yoxdur. Biz həbsdə olan bir çox şəxslərin, o cümlədən onun da işini izləyir və araşdırırıq. Bunu da kimsədən "sağ ol" gözləmədən peşə borcu olaraq edirik. Yeri gəlmişkən apardığım araşdırmalara və əldə etdiyim məlumatlara görə Cahangir Hacıyev həbs olunandan bu günə qədər bir çox hüquqları tapdalanıb; həbs olunanda və saxlanma yerində qeyri- insani münasibətə, ayrı- seçkiliyə məruz qalıb. Ədalətli mühakimə və məhkəmə hüququndan məhrum edilib. Təkcə son məhkəmə prosesində vəkillərinin 12 vəsatətinin heç biri qəbul olunmayıb. Apelliyasiya məhkəməsinin məhkəmə istintaqı ilə aparılmasına imkan verilməyib və s.
Ən nəhayət və daha ciddi məqam; Azərbaycan hakimiyyəti vəzifə verdiyi məmurları xalqın malını- pulunu mənimsədiyinə, büdcəni talan etdiklərinə görə yox, onların özlərinin müəyyənləşdirdiyi daxil oyun qaydalarını pozduqlarına və "pozucular"- la bir cinahda təmsil olunduqlarına görə cəzalandırır. Cahangir Hacıyev ona qarşı irəli sürülən ittihamlara görə yox, konkret olaraq Eldar Mahmudova görə həbs olunub. Bu, onun işində olan ən ciddi siyasi məqamlardan biridir. Digər siyasi məqam onun məhkəmədə hakim ailəyə yaxın şəxslər haqqında səsələndirdiyi siyasi bəyanatlar, özünü təqsirsiz bilməsi, müdafiə etməsi və oğurlanan milyardalrla bağlı irəli sürdüyü ittihamlardır və s.
Bunları bir daha aydınlıq üçün yazdım. Lazım gələndə Cahangir Hacıyevlə bağlı sözümüzü və qərarımızı da deyəcəyik. Hazırki gündəmimiz və mövzumuz bu deyil, həbsdə dünyasına son verilmiş "Gəlin hamımız Qiyas olaq, qul olmayaq" dediyinə və Heydər Əliyevin heykəli önündə təkbaşına etiraz aksiyası keçirdiyinə görə şərlənib həbs olunan və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişən siyasi məhbus Mehman Qelenderovdur. Çox maraqlı və əcaib haldır ki, Mehmanın ölümü barədə bir kəlmə yazmayan, bu cinayətə namərdcəsinə göz yuman şəxslər və mətubat orqanları Cahangir Hacıyevlə bağlı bülbül kimi ötür. Guya onlar siyasi məhbuslara və onların siyahısına kölgə salınmasından çox narahat olublar (!?)...
Bir daha tələb edirik; Mehman Qələndərov cinayətinə hakimiyyət aydınlıq gətirsin. Onu şərləyib həbs edənlər, işgəncə verənlər və ölümünə səbəb olanlar layiqli cəzalarını alsın!

Hüquq müdafiəçisi Oktay Gülalıyev

Administratorla əlaqə

077 611-55-22

[email protected]