Siyasət

İqtidar “10-luğu” quracaq, yoxsa vuracaq - şok gəlişmə

28-11-2016, 13:54

Akademikin quberniyalar yaradılması təklifinin arxasındakı sirr; Hökumət böyük məmur ordusunun ixtisarına və 86 ildir dəyişməyən inzibati-ərazi bölgüsünə qərar verəcəkmi?; bəzi ekspertlər iddia edir ki, quberniyaların yaradılması bölgələrdə narazı əhali üçün "birləşdirici ”rol oynaya bilər; daha bir təhlükə isə xarici müdaxilələrlə bağlıdır... 

 


Neftin qiymətinin yaratdığı böhranın Azərbaycanın təkcə iqtisadi deyil,  siyasi sisteminə də ciddi təsiri hiss olunmaqdadır. İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunu dirçəltməyi qarşısına məqsəd qoyan hakimiyyət sentyabrın 26-da siyasi islahatlara yol açacağı deyilən konstitusiya dəyişikliklərini rəsmiləşdirdi. 

Ölkədə ilk dəfə olaraq vitse-prezidentlik institutunun yaradılmasından sonra indi də Azərbaycanın inzibati-ərazi bölgüsünün yenidən formalaşdırılması gündəmə gəlib. İqtisadçıların son on ilin ən aşağı rəqəmli hesab etdikləri 2017-ci il büdcəsinin müzakirələri ərəfəsi aktuallaşan məsələ iqtisadi reformaların əsas tərkibi kimi qiymətləndirilə də bilər. Amma ölkənin ərazi vahidləri, daxili sərhədləri yenidən formalaşarsa, bu həm də gələcəkdə siyasi proseslərə əhəmiyyətli yön verə bilər ki, bu barədə bir qədər sonra... 

"Niyə indi, niyə AMEA” sualı


Mövzunu mediada aktuallaşdıran Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ötən həftəsonu müsahibəsi olub. R.Məmmədov APA-ya müsahibəsində deyib ki, Azərbaycan üçün 66 inzibati rayon çoxdur və yaxşı olar ki, ölkə quberniyalara bölünsün. 

Akademik bildirib ki, mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonlarının əsasında 10 quberniyanın yaradılması daha məqsədəuyğundur.

Image result for Ramiz Məmmədov

Son aylar Azərbaycanda quberniyaların yaradılacağı barədə iddialar tez-tez səsləndirilir. Milli Məclisdə müzakirəsi gözlənilən 2017-ci il büdcəsində 32 (və ya 33) rayona dotasiya ayrılmayacağı barədə xəbərlərdən sonra da bu mövzuya ən müxtəlif səviyyələrdə reaksiyalar var. Yada salaq ki, dövlət  başçısının sərəncamı ilə orta məktəblər üzrə təhsil xərcləri xərclərin tərkibindən çıxarılıb, şəhər və rayonların turizm-mədəniyyət şöbələri yerli icra hakimiyyətlərinin tabeliyindən alınaraq Mədəniyyət və Turizm Nazirliyinə  verilib. İcra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması, regional sənaye zonalarının yaradılması da tezliklə rayonların bir neçə quberniyada birləşdiriləcəyi ehtimalını möhkəmlədib. 

Image result for Coğrafiya institutu

İddia olunur ki, bu məsələyə AMEA-nın Coğrafiya İnstitutunun direktorunun elmi izah verməsi təsadüfi deyil: "Bu ilin martında yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərardan öncə Azərbaycan Milli Elmlər Akademiyası bununla bağlı rəyini açıqlamış, zəruriliyini əsaslandırmışdı. İndi də eyni qayda ilə ərazi vahidlərinin dəyişdirilməsi ilə bağlı alimlərin rəyi açıqlanıb. Çox güman ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı siyasi qərar veriləcək”, kimi iddialar da var. 

Qeyd edək ki, qısa araşdırmamız zamanı məlum oldu ki, akademik hələ bir neçə il əvvəl də bu təkliflə çıxış edibmiş. Neft gəlirlərinin ölkəyə axdığı bir vaxtda isə görünür, nə media, nə hökumət bu təklifə indiki kimi xüsusi diqqət göstərməyib. İndi dəyişən şərtlər çoxdur, bu səbəbdən də akademikin dediklərini "hakimiyyətin quberniyalar yaratmasına xüsusi hazırlıq planı” kimi qiymətləndirmək rəyi ilə razılaşmaq  olar.  

Image result for Nazirlər kabineti

Hakimiyyət kadrları  "çölə tökmək” istəmir, amma...


İqtisadiyyatı neftdən asılı olan bir sıra ölkələr büdcəni rentabelli etmək, izafi xərcləri azaltmaq üçün (məsələn, Rusiya hakimiyyəti hətta Kreml administrasiyasında ixtisarlara məcbur oldu) struktur ixtisarları aparmaq məcburiyyəti ilə üzləşiblər. Azərbaycanda hökumət bu prosesə xüsusi həssaslıqla yanaşır, hətta bir-birini təkrarlayan strukturlarda belə, "kadrları çölə tökmək” istəmir. Aydındır ki, bu həssaslığın əsas səbəbi kütləvi ixtisarların ölkədə sosial gərginliyi körükləyə bilməsi  ehtimalıdır. Amma "qara qızıl”ın qiymətində neft boslarının tezliklə anlaşmayacağını OPEC və qeyri-OPEC dövlətlərinin son Vyana görüşünün ləğv edilməsi də təsdiqlədi. Bu və digər iqtisadi səbəblər isə Azərbaycan hakimiyyətini "cibinə uyğun” davranmağa məcbur edir. Məsələn, neft pullarının bolluğu hökumətin  5 min əhalisi olan Sədərək, 6 min əhalisi olan Şərur rayonlarını yaratmağa, orada bütün dövlət aparatını qurmağa, yüzlərlə məmur korpusuna pul  ayırmağa imkan verirdisə, indi belə bir maliyyə yoxdur.  

İddialara görə, məsələn, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün yetərlidir. Eləcə də mərkəzi hakimiyyətin büdcədən ayrılan (və ya regionun özünün əldə etdiyi) pullara effektiv nəzarəti üçün də quberniya uyğun mexanizmdir. 

Gürcüstanda yaradılıb, bizdə isə 86 ildir dəyişmir...


Qonşu Gürcüstan indi Azərbaycanda qızğın müzakirə edilən quberniyalaşma mərhələsini bir neçə il əvvəl keçib, ölkə 2 muxtar respublika və 9 quberniyaya bölünüb. Təxminən 50 inzibati rayonun quberniyalarda birləşdirilməsi hər il Gürcüstanın dövlət büdcəsində böyük miqdarda qənaət deməkdir ki, gürcülər bunun xeyrini, şübhəsiz ki, görüblər. 

Image result for Azərbaycan xəritəsi
 
Azərbaycanda sovet hakimiyyəti qurulanadək Bakı və Gəncə quberniyaları, onların tərkibində isə ümumilikdə 17 qəza (Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Şəki (Nuxa), Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) olub. VI Ümumazərbaycan Sovetlər qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində  bölgü sistemi dəyişdirilərək əvəzində 10 dairə yaradılıb. 1930-cu il avqustun 30-dan bəzi dəyişikliklər nəzərə alınmasa, indiki inzibati-ərazi bölgüsü (rayonlar) yaradılıb. 


Milli Məclis qərar verməlidir 


Image result for Milli məclis

86 illik bir tarixi daşıyan inzibati-ərazi bölgüsünün dəyişdirilməsi haqda çox yazılsa da, onun  necə qanuniləşməsi barədə, demək olar ki, yazılmır. Bildirək ki, bu, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla tənzimlənir. 2000-ci ilin 13 iyununda mərhum prezident Heydər Əliyevin imzaladığı qanuna  2007-ci və 2012-ci ildə düzəlişlər edilsə də, əsas prinsiplər qalmaqdadır. Qanunun 1-ci maddəsində onun təyinatı haqda yazılanlara diqqət edək: "Bu Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin hüquqi əsaslarını, eləcə də Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir”. 

Qanunun  7.2., 8.2 və  12.1 maddələrində göstərilir ki,  Azərbaycan Respublikasının ərazisində inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının  təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Bu, Naxçıvan Muxtar Respublikasının inzibati ərazilərinin dəyişdirilməsinə də şamil edilir.


Təhlükə var, amma dövlətimiz güclüdür 


Rayonların bir neçə quberniyada birləşdirilməsinin yazının əvvəlində də qeyd etdiyimiz kimi, siyasi proseslərə təsiri qaçılmaz ola bilər. Məsələn, bəzi ekspertlər quberniyaların ölkədə "regionallaşma (yerliçilik), klanlaşma amilini” qabarda biləcəyindən ehtiyat edirlər. Quberniyalar rayon idarəetməsindən fərqli olaraq, hansısa siyasi gərginlik zamanı "birləşdirici faktor” rolunu da oynaya bilər. Məsələn, rayonda adi bir etiraz aksiyası tezliklə bütöv bir quberniyaya yayıla bilər. Daha bir təhlükəli məsələ isə xarici faktorla bağlı ola bilər. Sirr deyil ki, ətrafımızda Azərbaycanın inkişafını və sabitliyini istəməyən təkcə düşmən Ermənistan deyil. 

Qonşu ölkələrdə müəyyən dairələr Azərbaycandakı siyasi sabitliyi arzulamırlar. Bu kimi mərkəzləşmiş, məsələn, sərhədyanı quberniyalar kənar qüvvələrin müdaxiləsi üçün cəlbedici ola bilər. Eləcə də etnik amillərdən istifadə edilməsi də mümkündür. Bu və digər həssas məsələlər də var ki, iqtidar bunları, sözsüz ki, nəzərdən keçirir, bu kimi təhlükələri önləmək üçün gücü də var. 

"YM”

Administratorla əlaqə

077 611-55-22

[email protected]