Siyasət

Rayon icra hakimiyyətlərinin pulları kəsilir - büdcə layihəsi

17-11-2016, 17:00
Rayon icra hakimiyyətlərinin pulları kəsilir - büdcə layihəsi
"2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Azərbaycanın 2017-ci il üzrə büdcə zərfi dekabrın 6, 7 və 8-də Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq. 

Büdcə zərfinə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon məbləğində nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125 milyon 319 min manatdır. Təhsilə ayrılan pulun məbləği isə 1 milyard 860 milyon manat, səhiyyə sahəsinə 775 milyon 786 min manat, ipoteka xərcləri üçün 100 milyon manat, müdafiə xərcləri üçün 1 milyard 615 milyon 360 min manat ayrılacaq.

Ekspertlər isə gələn ilin büdcəsini qənaət büdcəsi adlandırırlar. Büdcə layihəsində sosial xərcləmələrə toxunulmasa da, digər sahələrdə ciddi azalmalar müşahisə olunur. 

Deputat Vahid Əhmədov musavat.com-a açıqlamasında təqdim olunan ilkin büdcə layihəsini dəyərləndirdi: "2017-ci ilin büdcəsi bizə rəsmi şəkildə təqdim olunmayıb. Ancaq rəqəmlərə ümumi baxdıqda onu deyə bilərəm ki, gəlirlər təxminən 16 milyard manatdır, xərc hissəsi isə 16,6 milyard manatdır. Problemlər var. Bizi narahat edən əsas məsələlərdən biri hər zaman yerli büdcələrə ayrılan dotasiyalar olub. Əvvəllər 6 rayonun büdcəsi mərkəzləşdirilmiş büdcədən azad idisə, artıq 33 rayona mərkəzləşmiş büdcədən vəsait ayırmayacaqlar. Bu müsbət haldır. Rayonlar özləri özlərini dolandıracaqlar. Əsasən təhsil, səhiyyə və müdafiə xərclərində ciddi azalmalar yoxdur. Sosial layihələrdə hər hansı azalmalar  yoxdur, kənd təsərrüfatına 822 milyon manat vəsait ayrılıb. Bu da müsbət haldır. Artımların əksəriyyəti Bakı şəhəri üzrədir, rayonlarla bağlı ciddi artım yoxdur. Təhsilə 1,8 milyard manatın ayrılması müsbət haldır, səhiyyəyə də 775 milyon manata yaxın vəsait ayrılıb. Bu ilki büdcədə sosial layihələrə toxunulmayıb. Maaşların artırılması məsələsi də gündəmdədir. Əsas azalma tikinti və sənaye sahəsindədir. Biz hər zaman o sahəyə 5-6 milyard manat vəsait ayırırdıq. İndi cəm 1,8 milyard manat vəsait ayrılıb. Yəni, problemli  baxılmalı məqamlar var, onlara Milli Məclisin iclasında baxacağıq. Əsas problem odur ki, gələn il üçün gözlənilən problemlərdən biri manatın devalvasiyası və neftin ucuzlaşmasıdır. Neftin qiyməti 40 dollar nəzərdə tutulub. Bank sektoru ilə əlaqədar problemlər də var”. 

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda indiki məzənnə ilə götürsək, ilk dəfə dollar ekvivalentində 2017-ci ilin büdcəsi 10 milyard dollardan aşağı düşəcək: "Bu dollar ekvivalentində ciddi azalmadır. Cəmi 3 il bundan öncə Azərbaycan büdcəsi 25 milyard dollara çatmışdı. Hazırda çox ciddi azalma müşahidə olunur. Manatın dəyərdən düşməsini də nəzərə alsaq, gələn il çox kiçik büdcə ilə qarşı-qarşıya qalacağıq. Xərclərin strukturuna baxdıqda görünür ki, sosial yönümlü xərclərdən tutmuş, hərbi xərclərə qədər müəyyən azalmalar müşahidə olunacaq, hətta bu il nisbətən də müəyyən azalmalar müşahidə olunacaq. Bu da hökumətin qənaət rejimində çalışmağa məcbur qalmasından irəli gəlir. Bu büdcə layihəsində biz ilk dəfə olaraq, təhsil xərclərinin hərbi xərcləri üstələdiyinin şahidi oluruq. Çox güman  ki, təhsilə ayrılan bu xərclərin əksəriyyəti əmək haqlarının ödənilməsinə sərf olunacaq. Çünki təqribən 280 min nəfərə yaxın bu sahədə çalışan insan var ki, büdcədən maaş alırlar. İpoteka Fonduna bu il 200 milyon ayrılmışdı, gələn il üçünsə 100  milyonun ayrılması nəzərdə tutulur. Halbuki İpoteka Fondu iki il öncə özü özünü maliyyələşdirmə prinsipinə keçməli idi, büdcədən vəsait almamalı idi, qaydalar belə tətbiq olunmuşdu. Görünür ki, fond özünü maliyyələşdirə bilmir. Büdcədən İpoteka Fonduna ayrılan vəsaitin həcmi hələ də yüksək olaraq qalır”. 

Ekspertin sözlərinə görə, ilkin olaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanı problemli bir il gözləyir: "Bu il müşahidə olunan problemlər 2017-ci ildə daha da dərinləşə bilər. Çünki xərcləmələrdə azalmalar var. Azərbaycan iqtisadiyyatının lokomotivini təşkil edən təmir-tikinti sahəsində də ciddi azalmalar olacaq. Bu da iş yerlərinin və insanların gəlirlərinin azalması ilə nəticələnəcək. İlkin büdcə layihəsində kəsir o qədər də böyük proqnozlaşdırılmır. Büdcənin 645 milyon manatlıq kəsirlə icra olunacağı nəzərdə tutulub. Bu kəsirin yerinin doldurulması üçün çox güman ki gələ il ciddi özəlləşmə addımlarını görə bilərik. Hökumət məcbur olub, daha çox dövlət mülkiyyətinin özəlləşməsinə gedə bilər. Bu il bu proses başladı, ancaq özəlləşdirməyə çıxarılan əmlak kifayət qədər kiçik məbləğdədir və o qədər də maraq cəlb etmir. Gələn il bunun daha çox dərinləşməsini görə bilərik, daha ciddi dövlət aktivlərinin özəlləşdirilməyə çıxarılmasının şahidi ola bilərik”.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]