Ölkə

Astaralı şəhid gizir: "Mən evlənmək istəmirəm. Mən nə vaxtsa şəhid olacam."

13-04-2016, 17:22
 "Mən evlənmək istəmirəm. Mən nə vaxtsa şəhid olacam."
Bu sözlərin müəllifi Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş, Astara sakini gizir Pəncəli Teymurovdur. Xatırladaq ki, şəhid gizirin bir neçə gün öncə toyunda şəhid olma istəyini səsləndirməsi barədə mediada geniş məlumatlar yerləşdirilmişdi. Bu gün şəhid gizir haqqında daha bir maraqlı fakt aşkarlanıb. 
Manaf Ağayev musavat.com-a açıqlamasında şəhid Pəncəli Teymurovun onun xətrini çox istədiyini bildirib: "Bu gün şəhidimizin üç mərasimidir. Mən indi mərasimə gedirəm. Bəli o, mənim xətrimi çox istəyirdi. Bəy paltarında çıxıb dedi ki, "Bir arzum qaldı, mən şəhid olum”. O, bilirdi ki, şəhid olacaq, sağlığında demişdi bunu. Onun danışığından sonra "Ay vətən oğlu” mahnısını ifa etmişdim. Onun şəhid olduğunu internetdən gördüm. Dünən anası, qardaşı mənə zəng edib dedilər ki, məni görmək istəyirlər. Mən də oğlanlarım, dostlarımla onun yas mərasiminə gedirik. Sonra da qəbir üstünə gedəcəyik”.

Manaf Ağayev şəhidimiz haqda digər maraqlı məlumatları da açıqlayıb: "Vətənpərvər oğlanlarımız çoxdur. Amma mən hələ ömrümdə belə vətənpərvər görməmişdim. O, evlənəndə 32 yaşı var idi. Soruşdum ki, "Niyə gec evlənirsən?” Elə bir söz dedi ki, mənim yadımdan çıxmaz. Dedi ki, "Məni evləndirirlər, mən evlənmək istəmirəm. Mən nə vaxtsa şəhid olacam, ona görə də evlənmirdim. Mən məcburən evlənirəm”. Bu sözü demişdi”.

Müğənni şəhidimiz üçün maraqlı jest etməyə hazır olduğunu deyib: "Əlbəttə, məsləhət olarsa, həmin toyda aldığım pulu onun ailəsinə geri qaytararam. Mən həmişə belə jestlər etmişəm”.

Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 

1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif olunub.
 
 Astaralı şəhid gizir: "Mən evlənmək istəmirəm. Mən nə vaxtsa şəhid olacam."

Administratorla əlaqə

077 611-55-22

[email protected]