Ölkə

SOS: Tovuzda qanunsuz tibb mərkəzi fəaliyyətdədir

24-05-2017, 23:26
Azərbaycanın hansı nöqtəsində səhiyyə sistemi ilə dərindən maraqlansan buradakı özbaşınalığın, soyğunçuluğun və intizamsızlığın şahidi olarsan. Bu gün hansısa bir millət vəkili, hansısa adi bir insan ölkədəki səhiyyənin vəziyyətini bilmədən, düşünmədən təərif edirsə, ya onun xəstəxanaya və ya poliklinikya işi düşməyib, ya da Oqtay Şirəliyevlə “qohumluğu” var. Başqa cür bunu heç bir şeylə izah etmək mümkün deyil. Bir söz, bu ölkənin səhiyyəsi başa böyük bəladır. Bəzi “ağzıgöyçək”lər, bu millətin çörəyini yeyib, bu millətdən ayrı düşənlər iqtisadi böhran içərisində yaşayan millətə səhiyyənin yaxşı olduğundan, xəstələrimizin İrana və qonşu Gürcüstana getməklərinin əleyhinə olmasınadan danışırlar.
Dərd burasıdır ki, onlar bunu bilərəkdən edirlər. Bundan böyük nə düşmənçilik ola bilər? Bir sual da düşündürücüdür. Bu ölkədə görmədik ki, kimsə işinin öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən istefa versin. Necə ki, xarici ölkələrdə olduğu kimi. Burada təəccüblü, qorxulu və millətinə xəyanət heç nə yoxdur. Əksinə, baş ucalığıdır. Bunu da gərək başa düşəsən. Təbii ki, buna da baş lazımdır. Açıq-açığına ölkə səhiyyəsində tam anarxiyadır. “İşbazlar” əməlli-başlı xəstələri “yeyirlər”. Olmayan səhiyyənin naziri Oqtay Şirəlliyevin başı isə hər il dövlət büdcəsindən səhiyyəyə ayrılan milyonlarla vəsaitin necə mənimsənilməsi üçün yollar axtarışındadır.
Xəstə şikayətlərinin “izi” ilə
Azacıq da olsa böyüklər doyduğundan dadına baxmaq arzusu ilə yaşayan millət hər şeydən haqlı narazıdır. Üzü gülən insanlara çox az təsadüf edilir. Necə deyərlər, o da yandığından gülür. Gənclərin işsizliyi, səfalət, maaş azlığı, haqsız təzyiqlər milləti iflic edərək son ümid yerləri olan xəstəxanalara yollayıb. Orada da cəfəngiyyat görənlər saman çöpündən yapışmağa məcbur olurlar.
Bu günlərdə bir neçə xəstənin şikayətlərini dinlədikdən sonra, ağlıma çox şey gəldi. Düşündüm ki” ağzında xəstə deyirsən, ola bilər emosionallığa keçərək, bir az da başına gələnlərin üstünə əlavələr edir. Lakin bir dahinin “inan və yoxla” prinsipini yada salıb Tovuz şəhərinə yollandım.
“F-təbib” Tibb Mərkəzi, yoxsa soyğunçuluq mərkəzi
Bura Qazax istiqamətindən Tovuzun girəcəyindən sonradır. Sözügedən tibb mərkəzi vaxtı ilə qanunu lisenziya ilə işləmiş “Farum Qafur” tibb mərkəzinin yerində lövbər salıb. İkimərtəbəli bina tibb müəssisəsi kimi bircə damla da olsa standartlara uyğun olmayan yerdir. Otaqların havasızlığı, rütubət və antisanitariyanın hökm sürdüyü bu binada “işbazlar”in əı-ayağını görmək olmur. Xəstələr də yağış kimi. Buranı tibb mərkəzi adlandırmaq mümkündürsə onda deyə bilərik ki, mərkəzin girişində baş həkim Firdovsi Məmmədovun otağı, analizin cavabları yeri, elanlar və mülicə növlərinin adlarını göstərən lövhə yerləşir. “8 il sizin xidmətinizdə” başlıqlı lövhədə tibbi sahənin elə bir müalicəsi yoxdur ki, burada aparılmamış olsun: ümumi terapiya, ulturasəs müayinəsi, cərrahiyyə, kardiologiya, urologiya, travmotoloq, nevrologiya, endoskopiya, mammoqrafiya, rentgen, pediatriya, ginekologiya, fizioterapiya, oftomolgiya, dermatologiya və laboratoriya xidmətləri. Siz deyin, bəlkə yaddan çıxan bir şey qalıb? Milli Məclisdəki deputatımız bir yana baxanda sözün düzünü deyirmiş. Tovuzda belə müalicələr ola-ola bu millətin İranda-Turanda nə işi var axı? Onu da deyim ki, baş həkim hər bir xəstəliyin müalicəsi üçün “əla” da qiymətlər yazıb. ultrasəs müayinəsi 20 manat, masaj 3 manat, o birilər də baş həkimin ağlıkəsən kimi 10, 7, 5 və sairə ilə qiymətləndirilib. Sən demə, bu tibb mərkəzində baş verənlərin görünən tərəfi imiş. Yazılanlardan əlavə hər qiymətin üstünə 10, 5, 3, 2 və s. manat da əlavə edilirmiş.
Baş həkim səlahiyyətini aşmışdır
Aldığımız məlumata görə, “F-təbib” Tibb Mərkəzinin baş həkimi Firdovsi Məmmədov səhiyyə nazirliyindən bu özəl tibb müəssisəsi üçün elə də “yekə” lisenziya almayıb. Baş həkim həmin lisenziya ilə kənd yerlərində fəaliyyət göstərməklə məhdud tibbi müalicələr apartdıra bilər. Amma ölkə səhiyyəsində boşluğa bax ki, “ koxanı gör, kəndi çap” devizi ilə millətin başına “corab” hörürlər. Görəsən, bəyənmədiyimiz səhiyyə naziri Oqtay Şirəliyevin bu məsələyə necə baxır? Vaxt olacaq hamı bir-birinin üzünə baxacaq ki, “ Firdovsi Məmmədovun bu qədər özbaşınalıq etməyinə kim imkan verib?”
“Nur” sağlamlıq mərkəzindən “F-təbib” Tibb Mərkəzinə Xanoğlan Nuriyev. Bu ad xüsusilə Qazax-Ağstafa-Tovuz camaatına yaxşı məlumdur. İnsafən yaxşı və hərtərəfli, yəni ürəkdən başqa bütün orqanları əməliyyat edən cərrahdır. Yeri gələndə Hippokrat andını bir kənara tullayıb xəstə üçün qəpiyindən də keçməyib. O da Tovuzun Qovlar qəsəbəsində açdığı özəl “Nur” sağlamlıq mərkəzini uzun müddət işlətməsinə baxmayaraq, sonradan yuxarıları “yaxşı” görmədiyi üçün lisenziya ala bilmədi. Əslində isə həmin tibb mərkəzi “F-təbib “ Tibb Mərkəzi kimi səhiyyə standartlarına cavab vermədiyi üçün lisenziya alanmadığı söylənilir. Əlqərəz, Xanoğlan Nuriyev də burada cərrah işləyir. “Daskısı”da əməliyyatın növündən asılı olaraq 250-500 manatdır. Onun hansı əsasla əməliyyat aparması da sual altındadır. Cərrahiyyə üçün heç bir şərait olmadığı, üfunət dolu və müasir tibbi avadanlıqlardan kənar düşmüş darısqal bir otaqda əməliyyat nə dərəcədə düzgündür? Biri yandığından əılini ağzına soxduğu halda bunların insafına nə olub? Belə yerdə əməliyyatmı aparılar? İşdi, xəstə ölsə ona kim casvab verəcək?
Əhməd həkim də “saat hesabı” işləyir
Təhsil ocaqlarında saathesabı deyilən ifadə var. Yəni, haranınsa qanunu müəllimi olub, başqa yerdə də dərs aparır. Əhməd həkim də ultrasəs müayinəsinin ustası kimi bu bölgədə bir balaca özünə mövqe tapıb. Əsas iş yeri Tovuz Rayon Mərkəzi Xəstəxanasıdır. Həkimin üzünə orada yaxşı baxılmadığı üçün burada “çak-çuka” baş həkim Firdovsi Məmmədov geniş şərait yaradıb. Biz də düşünürük ki, həkimlərin maaşı niyə azdır? Əşı, bacarana baş qurban! Odur, Əhməd həkim həm dövlətdən, həm Firdovsidən, həm də millətdən yaxşıca vəsait əldə edir. Gün ərzində ölən yeri 20 adamı ultrasəs müayinəsindən 30 manatdan keçirsə nəyinə yetmir axı? Pulu nəğd ödəyən xəstələrin də əlinə ancaq 1, 2, 3 və.s. yazılan növbəlik kağızı verilir.
Mahnılar qoşmuşam adına sənin...
Baş həkimin otağının qarşısında bayaq qeyd etdiyimiz kimi laboratoriya analizlərinin cavabı verilən yer var. Bəlkə də 20-yə yaxın ildə bir dəfə işıq üzü görən və ya görməyən qəzetlərin fəxri fərmanları laboratoriyanın bəzəyidir. Heç tanınmış xadimlərin bu qədər fəxri fərman və təşəkkürnaməsi yoxdur. Adi bir qəzetçinin kökü olmayan fəxri fərmanı baş həkimin, görəsən nəyinə lazımdır? Baş həkim bu fəxri fərmanların hər birinə heç olmasa 30-50 manat “tərləyib”, daha dəqiq desək “tərlədiblər”. Bəs bu onun hansı büdcəsindəndir?
“Elanlar” lövhəsində qəribə və gülməli məsələyə təsadüf etdik. Firdovsi Məmmədovun şəninə bəsdələnmiş “Coşqun”, “İdris Vidalı” kimi özlərinin tanıdığı şer bəsdələyənlərin şeirləri həmin lövhəyə yapışdırılıb. Lövhədə başqa heç nə yoxdur. Bunu necə başa düşək?
Hələ ki, həmin gün bu bizim yarım saat ərzində “F-təbib” Tibb Mərkəzi haqqında etdiyimiz müşahidənin qısa nəticəsidir. Firdovsi Məmmədovun tibb mərkəzindən uzaqlaşarkən gözümüz bu ifadələrə də sataşdı: “Sağlamlığını qoruyan həyatını qoruyar”. Biz isə bu qənaətdəyik: “ O sağlamlıq ki, “F-təbib” Tibb Mərkəzində qorunur, həyatını qorumaq müşkül məsələdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]