Ölkə

Anar Məmmədov Bakıda yeraltı keçidləri monopoliyaya götürüb? – ŞİKAYƏT(FOTO,VİDEO)

4-12-2016, 21:48
Anar Məmmədov Bakıda yeraltı keçidləri monopoliyaya götürüb? – ŞİKAYƏT(FOTO,VİDEO)Xalıq Nurullayev: "Mallarımı 3 ay gizlədən "Royal Estate” şirkəti mənə 43 min manat ziyan vurdu” 
Nəqliyyat naziri Ziya Məmmədovun və onun oğlu Anar Məmmədovun müxtəlif sahələrə kurasiya etməsi ilə bağlı məlumatlar ölkə mətbuatında az yayılmayıb. 
Hazırda ABŞ-da da biznesi olduğu deyilən Anar Məmmədovun Bakıda yeraltı keçidlərdəki ticarət obyektlərini də nəzarətdə saxladığı barədə iddialar ortaya çıxmaqdadır. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Xalıq Nurullayev bildirdi ki, Anar Məmmədovun kurasiyasında olan "Royal Estate” şirkəti və onların əlaltısı olan Fərhad Şaban oğlu Hüseynov tərəfindən haqsızlığa məruz qalıb və 43 min manat ziyana uğrayıb. 
"Mən bir neçə ildir "28 may” metropoliteni yaxınlığındakı yeraltı keçiddə ticarətlə məşğul olurdum. "Royal Estate” şirkətindən müqaviləylə yerlər götürən Fərhad Hüseynov mənə şifahi razılaşma əsasında 34 kvadrat metrlik yeri icarəyə vermişdi. O, məndən ayda 5300 manat alırdı, şirkətə isə 1500 manat verirdi. Öyrəndiyimə görə, şirkət də bu rəqəmi kiçildərək, vergi orqanlarına 400 manat kimi təqdim edirmiş. Devalvasiyadan sonra vəziyyətimiz ağırlaşdı, bir neçə ticarətçi yığışaraq, şirkət rəhbərliyindən və onların müqaviləli icarədarlarından kirayələri azaltmağı xahiş etdik. 
Fərhad Hüseynov mənə bildirdi ki, icarə haqqı 1000 manat azalacaq, amma əvvəlcədən, ona 20 min manat "şapka” verməliyəm. Mən imtina etdim və şirkət rəhbəri Anar Novruzovdan dəfələrlə xahiş etdim ki, mənə kömək etsinlər. Bir müddət sonra Anar Novruzov dedi ki, Fərhad Hüseynovla müqavilə pozulur və sən də obyektdən çıxmalısan. Sonra öyrəndim ki, onlar əlbir olublar və mənim ticarət etdiyim 34 kvadrat metrlik yeri Fərhadın anasının adına icarə müqaviləsi bağlaylblar. Bu il fevralın 20-də gəlib gördüm ki, obyekti boşaldıblar, 43 min manatlıq malım isə yoxdur. Polisə məlumat verdim, 22-ci polis bölməsindən gəldilər, amma dedilər ki, bu mülki məsələdir. Ancaq may ayında xəbər tutdum ki, mallarım "Royal Estate”in anbarındadır. Gedib baxdığımda gördüm ki, malların hamısı korlanıb, bərbad vəziyyətdədir. Mallarımı 3 ay gizlədən "Royal Estate” şirkəti mənə 43 min manat ziyan vurdu, indi isə o ziyanı ödəyən yoxdur”, – deyə X.Nurullayev vurğuladı. 
O qeyd etdi ki, bu və digər Bakıdakı yeraltı keçidlər nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun monopoliyasındadır: "Bakıda "Beşmərtəbə” adlanan yerdəki keçiddə olan obyektlər də Anar Məmmədovun nəzarətindədir.  Bütün bu obyektlərdən yığılan icarə haqları Anar Məmmədova gedir. Bunu orda da hamı bilir və şirkət nümayəndələri də bizimlə söhbətlərində gizlətməyiblər”. 
Fərhad Hüseynov isə bildirdi ki, X.Nurullayevin mallarından onun xəbəri yoxdur: "Getsin, "Royal Estate” ilə məsələni həll etsin. Mənim mağazamda işləyib, indi işləmir. Həmin obyekt başqasına verilib”. 
"Royal Estate”in nümayəndəsi, özünü Ərəstun Cəlilov kimi təqdim edən şəxs isə Xalıq Nurullayevin dediklərini təkzib etdi. 
"Onun dedikləri yalandır. Malları da anbardadır. Gəlsin, götürsün. Akt bağlanılıb, mühafizə polisləri də qol çəkiblər. O malların 43 min manat dəyərində olduğuna dair sənəd təqdim edə bilərmi? Anlamıram, o nə istəyir… Obyekt boşaldılanda ona xəbərdarlıq edilmişdi, özü çıxmaq istəməyib”, – deyə Ə.Cəlilov bildirdi. O, həqiqətən də obyektin Fərhad Hüseynovun anasına icarə verildiyini təsdiqlədi, lakin icarə haqqının 5300 manat olması barədə iddianın yalnış olduğunu dedi. 
"Bakıda ən "bərkgedən” obyektlərin icarə haqqı heç 5300 manat deyil. O adam yalan deyir”, – deyə "Royal Estate” nümayəndəsi vurğuladı. 
Rüfət Əhmədzadə
 
Qafqaznews.az
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]