İqtisadiyyat

Sosial yardım dayandırılıb? - Rəsmi açıqlama

14-07-2016, 03:45

Ötən müddətdə 48844 nəfər ailə üzvü olan 12383 ailəyə VEMTAS tərəfindən avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi bir sıra KİV-lərdə Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

«Qafqazinfo»ya daxil olan məlumata görə, şöbə müdiri Elman Babayev bildirib ki, bu məlumatların heç bir əsası yoxdur və ictimai rəyi çaşdırmağa yönəlib:

«Hazırda ölkəmizdə mühüm sosial proqramlardan biri olan və əhalinin aztəminatlı hissəsinin yoxsulluğun doğurduğu çətinliklərdən qorunmasına yönələn ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir və 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyildir.

Cari ilin fevralından tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ölkəmizdə sosial yardım təyinatı sisteminin müasir əsaslar üzərində qurulmasına, aztəminatlı ailələrin bu yardım növündən daha şəffaf şəraitdə, heç bir məmur müdaxiləsi olmadan faydalanmalarına imkan yaradıb.

Ötən müddətdə 48844 nəfər ailə üzvü olan 12383 ailəyə VEMTAS tərəfindən avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem vasitəsilə ailələri təmsil edən vətəndaşların elektron şəkildə müraciətlərinin qəbulu, bu müraciətlərin sistem tərəfindən avtomatlaşdırılmış şəkildə araşdırılması və qərar verilməsi prosesi adi qaydada davam etdirilir».

Administratorla əlaqə

077 611-55-22

[email protected]