İqtisadiyyat

"Qarabağ Aqrar Sənaye"də 32 milyonluq skandal - ŞOK İDDİA

10-06-2016, 16:52
"Qarabağ Aqrar Sənaye"də 32 milyonluq skandal - ŞOK İDDİA

1992-ci ildə əsası qoyulan sahibkarlığa, o cümlədən kiçik və orta biznesə Dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumu – "Sahibkarlığa Kömək Milli Fondu” Respublikada sahibkarlığın dirçəldilməsi ilə bağlı bir sıra addımlar atdı.

2002-ci ildə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi ilə fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafına böyük ümidlər yaratdı.

2009-cu ildə ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda yenidən dəyişikliklər edildi. Fərmana əsasən Fondun kiçik, orta və böyük həcmdə verdiyi kreditlərin miqdarı və zamanı artırıldı.

Bu fərman qeyri-neft sektorunun dirçəldilməsi məqsədilə verilmişdi. Məhz bundan sonra ölkədə Fondun dəstəyi ilə yüzlərlə fermer təsərrüfatları, sənaye kompleksləri - fabriklər yarandı. Ancaq bütün bunlarla yanaş, "Sahibkarlığa Kömək Milli Fondu”nun fəaliyyəti haqqında yerli mətbuatda zaman-zaman ilginc məlumatlar yayılıb. Bu məlumatlarda isə bir çox hallarda ciddi sual doğuracaq məqamlara toxunulub. Belə ki, Fondun verdiyi güzəştli kreditlər ayrı-ayrı müəssisələr tərəfindən mənimsənilib və ya düzgün xərclənməyib. Bu da əsasən regionlarda mövcud olan müəssisələrdə özbaşınalıq və nəzarətsizlikdən qaynaqlanıb.

Bu gün Arqument.az-a Bərdədən fondun güzəştli kredit verdiyi Qarabağ Aqrar Sənaye Parkının fəaliyyəti ilə bağlı ilginc məlumat daxil olub.

Məlumata görə, ötən il istifadəyə verilmiş Qarabağ Aqrar Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri isə 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib. Həmçinin yayılan rəsmi məlumatda vurğulanır ki, Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Bildirilir ki, Sahibkarlığa Kömək Milli Fondu”nun üst-üstə 32 milyon manat kredit ayırdığı "Qarabağ Aqrar Sənaye Müəssisəsi"ndə ciddi maxinasiyalar baş verib. Yarandığı ilk günlərdən real fəaliyyət profiliylə hesabat rəqəmlərində ciddi fərqlər müşahidə olunan "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nə ayrılan kreditin 10 milyon manatı deyilənə görə, şübhəli formada "yoxa çıxıb”.

Arqument.az-a verilən bilgiyə görə, rəsmi məlumatda 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olduğu deyilən "Qarabağ Aqrar Sənaye Müəssisəsi"ndə heç vaxt ümümumilikdə min baş heyvan olmayıb.

Məlumatda vurğulanır ki, Fondun maliyyə dəstəyi ilə yaradılan "Qarabağ Aqrar Sənaye Müəssisəsi"ndə ən böyük maxinasiyalardan biri müəssisənin tikintisi üçün 35 hektarlıq ərazinin alınması zamanı baş verib.

Belə ki, guya 3 milyon manata alınan 35 hektar torpaq sahəsi əslində Bərdə rayonunun Mehdili kəndinin otlaq sahəsi olub. Sənaye müəssəsinin həmin otlaq sahəsində tikintisindən sonra kənd əhalisinə heç bir kompensasiya ödənilməyib. Əvəzində isə hazırda Bərdə rayonunda maldarlığın geniş yayıldığı Mehdili kəndinin əhalisinin heyvanlarının otlaq yeri yoxdur.

Onu da qeyd edək ki, məlumata görə, Mehdili kəndinin müəssisə tərəfindən zəbt olunan 35 hektarlıq otlaq sahəsi əvvəlcə qeyri-qanuni olaraq pay torpağı kimi müəyyən şəxslərin adlarına sənədləşdirilərək sonradan "satın alınıb”.

Məlumatda daha sonra müəssisənin korpuslarının tikintisini həyata keçirmək üçün keçirilən tenderlərdə də ciddi pozuntular olduğu deyilir.

Qarabağ Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayevlə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verilmədi.

Yazıdakı iddialarla bağlı sözügedən qurumların da mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]