İqtisadiyyat

Əhalinin banklardakı əmanətləri kəskin azalıb

20-03-2016, 18:31

Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Bakı və Abşeron iqtisadi rayonlarında qeydə alınıb.

Bu ilin ilk ayı ərzində əhali tərəfindən kredit təşkilatlarında yerləşdirilən əmanətlərin həcmi 8 milyard 643,4 milyon manata təşkil edib. Nəticədə son bir ay ərzində əmanətlərin həcmi 8,7% və 830,6 milyon manat azalıb. Mərkəzi Bankdan (MB) açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, kredit təşkilatlarında yerləşdirilən əmanətlərin 16,4%-i və ya 1 milyard 422,1 milyon manatı milli valyuta, 83,6%-i və ya 7 milyard 221,2 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. Milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 6,4%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 7,4% olub.

Əmanətlərin 93,4%-i və ya 8 milyard 76,3 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Bakı və Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 7,3% və 8,1% təşkil edib. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan (4,3%) və Kəlbəcər-Laçın (5%) iqtisadi rayonlarında müşahidə olunub.

Xarici valyuta ilə cəlb olunan əmanətlər üzrə faiz dərəcəsi yüksək olub

Milli.Az zaman.az-a istinadən bildirir ki, istisnasız olaraq bütün rayonlarda xarici valyuta ilə cəlb olunan əmanətlər üzrə faiz dərəcəsi milli valyuta ilə cəlb olunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olub. Xarici valyuta ilə cəlb olunan əmanətlər üzrə ən aşağı faiz dərəcəsi Naxçıvan iqtisadi rayonunda qeydə alınıb - 5,7%. Yuxarı Qarabağ iqtisadi rayonunda isə əmanətlər manatla 3%-ə, xarici valyuta ilə 6,3%-ə cəlb olunub. Buna baxmayaraq bəzi rayonlarda manatla qoyulan əmanətlər xarici valyuta ilə cəlb olunan əmanətlərdən çox olub. Məsələn, Naxçıvan iqtisadi rayonunda banklarda milli valyuta ilə 14,8 milyon manat əmanət olduğu halda, xarici valyuta ilə əmanətlərin həcmi 11,3 milyon manat olub. Kəlbəcər-Laçın iqtisadi rayonunda da xarici valyuta ilə qoyulan əmanətlər milli valyuta ilə cəlb olunan əmanətlərdən az olub. Bu iqtisadi rayonda milli valyuta ilə 1,19 milyon manat, xarici valyuta ilə isə 1,02 milyon manat əmanət yerləşdirilib.

Kredit qoyuluşlarında 2,4% azalma olub

MB tərəfindən açıqlanan statistik göstəricilərə istinadən apardığımız digər bir hesablamaya görə, 2016-cı ilin ilk ayında ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşları 21 milyard 186,1 milyon manat təşkil edib. Əmanətlərdə olduğu kimi son bir ay ərzində kredit qoyuluşlarında da azalma baş verib. Bir ay ərzində kredit qoyuluşları üzrə 2,4% və ya 532 milyon manat azalma olub. Kreditlərin 51,8%-i və ya 10 milyard 979 milyon manatı xarici valyuta, 48,2%-i və ya 10 milyard 206,6 milyon manatı isə milli valyuta ilə verilib. Milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 13,6%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 12,4% olub. Əmanələrdə olduğu kimi verilən kreditlərdə də Bakı şəhərinin payı yüksək olub. Ümumi kreditlərin 84,3%-i və ya 17 milyard 875,5 milyon manatı paytaxtın payına düşüb.

Bakıdan sonra ən çox kredit Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında verilib. Kredit təşkilatlarından ən az kredit götürən iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Lənkaran və Aran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 23,4% və 22,5% olub. Ən aşağı faiz dərəcəsi isə Bakı (11,5%), Naxçıvan (14,4%) və Abşeron (18,6%) iqtisadi rayonlarında müşahidə olunub.

Kreditlər milli valyuta ilə Bakıda, xarici valyuta ilə isə regionlarda daha yüksək faizlə verilir

Milli və xarici valyuta ilə verilən kreditlərdə faiz dərəcələri fərqli olub. Belə ki, kreditlər milli valyuta ilə Bakı şəhərində daha yüksək faizlə verilib. Milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi Bakıda 11,9% olduğu halda, xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 11,2% olub. Regionlarda isə bunun əksi müşahidə olunub. Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi Aran və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydə alınıb. Bu iqtisadi rayonlarda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcələri 24,2% təşkil etdiyi halda milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi Aran iqtisadi rayonunda 21,8%, Şəki-Zaqatala iqtisadi rayonunda 20,6% olub. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Bakı şəhərindən sonra Abşeron iqtisadi rayonunda qeydə alınıb - 20,7%. Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi isə Lənkəran iqtisadi rayonunda (23%), ən aşağı faiz dərəcəsi isə Bakıdan sonra Naxçıvan iqtisadi rayonunda (14%) qeydə alınıb.

Regionlarda kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir

Qeyd olunan rəqəmlərdən açıq şəkildə görünür ki, paytaxt Bakı şəhəri istisna olmaqla digər iqtisadi rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsini dəfələrlə üstələyir. Kredit və əmanət faizləri arasında ən böyük fərq Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Bu rayonda milli valyuta ilə əmanətlər 2,6%-lə cəlb olunduğu halda, kreditlər 18,1%-lə verilib.

Yuxarı Qarabağ iqtisadi rayonunda kredit faizləri əmanət faizlərini 3,9 dəfə üstələyib. Bundan başqa kredit faizləri əmanət faizlərindən Şəki-Zaqatala iqtisadi rayonunda 3,8 dəfə, Aran iqtisadi rayonunda 3,7 dəfə, Naxçıvan iqtisadi rayonunda 3,3 dəfə, Lənkəran və Dağlıq Şirvan iqtisadi rayonlarında isə 3,1 dəfə çox olub. Ən az fərq yuxarıda qeyd etdiyimiz kimi Bakı şəhərində qeydə alınıb. Kredit faizləri əmanət faizlərini Bakıda 43% üstələyib. Abşeron iqtisadi rayonunda isə bu göstərici 2,3 dəfə olub. (Milli.Az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]