Gündəm

Taleh Bağırzadə xalqa müraciət etdi

13-11-2016, 00:48

Əziz müsaəlman bacı və qardaşlarım!

İmam Hüseynin Ərbəinə ziyarətinə sayılı günlər qalmaqdadır. Dünyanın dörd bir yanından Həzrəti Hüseyn aşiqləri eşq vadisi Kərbalaya doğru möhtəşəm çoşğu və ruhiyyə ilə pərvaz etməkdədirlər.

Bu insan seliini qarşılayacaq Kərbala şəhəri ruhunda daşıdığı Həzrəti Hüseyn EŞQini oraya gələcək hər kəsin qəlbinə ərmağan  edəcəkmiş kimi qürurula və füsunkarcasına bu böyük  görüşə hazırlaşmaqdadır. İnsanlığın paklanmaq və ucalmaq üçün can atdığı Kərbala  onları ruhunda daşıdığı Eşqlə cəlb edir. Çünki Həzrəti Hüseynin Kərabalaya gedişi tarixdəki torpaq fatehlərinin gedişindən fərqli idi. O torpaq deyil, müqəddəs Kərbala çölündə Allaha olan eşqi ilə hər şeyindən vaz keçərək qəlblərin fatehinə çevrildi. Bu fatehlik tarixə sadəcə bir hadisə kimi yazılmadı , bir eşq dastanı, haqq üçün ölümə sevdalanmaq aşiqliyinin örnəyini yaradan İmam Hüseyin Kərbalanı mahiyyətdə aşiqlərin görüş məkanına, özünü isə dünya durduqca haqqa sevdalanmışların qibləsinə çevirdi.

Şübhəsiz ki, bu günlərdə də aşiqlər öz qibləsinə can atıb EŞQ dastanının yaradıcısının hüzurunda olmağı təmanna edirlər.

Dəyərli müsəlman bacı və qardaşlarım.

Bizim qəlbimizdə İmam Hüseyn bə Ərbəin ziyarətinin şovqü ilə yanaşı,  xüsusi bir eşq çaları da mövcuddur. Belə ki, sizlərə də məlum olduğu kimi, Nardaran hadisəsi baş vermədən öncə  bizlər də, yəni şəhid olan, qanı axıdılan, ağır işgəncələrə məruz qalıb zindanla  məhkum edilən qardaşlarımız da bu eşq karvanına qoşulub Həzrəti Hüseyn və Ərbəin ziyarətinin arzusunda idik. Bildiyiniz kimi, zalım və zülmü özünə sanki vəzifə etmiş rejim həmin günlərdə  bizim Kərbalaya, haqq uğrunda mübarizənin qibləsi olan o yerə  gedən yolumuzu bağladı. Amma onlar bizi  haqsız yerə bəbs etsələr də, eşqin və qəlbin yoluna əngəl qoymağa gücləri yetməz. Bu üzdən də bizm qəlbimizdə olan haqqa  və  Hüseynə olan sevdaya qandal vura bilmədilər.

Əminəm, Nardaranda tökülən nahaq qana qarşılıq olaraq Həzrəti Hüseyin də bizi yalnız buraxmadı və biz ona gedə bilməsək də, o bizə təşrik buyurdu. Bu üzdən də bu günlərdə bizlər zindan həyatına məhkum edilsək də, ömrümüzün ən xoşbəxt günlərini yaşayırıq. Çünki  bir şeydən qəti əminik. Bu gün biz zalıma qarşı dayanmaqla Hüseynin  haqqa və azadlığa olan sevdasına xəyanət edənlərdən deyilik. Onun yolunda və izində olanlardanıq. Bunu Nardaran hadisələri baş vermədən əvvəl baş vermiş bir hadisə də təsdiq edir.

O məlum həbsdən bir necə gün əvvəl elə Nardaran hadisələrində güllə yarası alıb iflic olaraq sağlamlığını itirən sədaqətli qardaşlarımızdan biri Hacı Əbülfəzin evində olarkən digər mömin qardaşlarımızdan biri otağa daxil olub gözü yaşlı dedi ki, Hacı, bu gecə röyada Həzrəti Hüseyni gördüm. Gözü yaşlı idi və siz qaldığınız otağa daxil oldu, hamınız diz çöküb o əzəmətli şəxsiyyətin qarşısında oturdunuz.

Zülmün, ədalətsizliyin  baş alıb getdiyi yerə İmam Hüseynin gəlişindən təbii nə ola bilərdi?! Və  mübarək şəxs tam məsuliyyətimlə deyirəm ki, o evə, bizim zülmə uğradığmız o məkana ayaq basmışdı.

Bu Böyük gəliş şəhadətin, işgəncə və zülmün olacağından xəbər verirdi,  çünki o Böyük şəxsin gözünü yaşardan ancaq zülmkarların Yezidlik etdiyi məmləkətdə günahsızların,  bizim uğraya biləcəyimiz zülm ola bilərdi.

Amma O həm də ona görə gözü yaşlı idi ki, bilirdi, əmindi, biz onun qoyub getdiyi yoldan gedirik. Biz azadlıq, Eşq və hüriyyət, yaşadığı ölkədə tüğyan edən zülmə qarşı savaşıb haqq  uğrunda canımızdan belə keçməyə hazırıq. Çünki o bütün bunların, haqq və azadlığa eşqin müjdəcisi idisə, biz də bu yolun davamçıları idik. Həzrəti Hüseyn Yesidin zülmünə qarşı çıxanda, haqq uğrunda savaşıb şəhid ola bilməyin nümunəsini yaradanda bilirdi ki, bundan sonra da dünyada hüriyyəti və insanlığı ayaq altına almaq istəyənlər olacaq. Biz o günlərdə məhz bu dəyərləri ayaq altına alanların zülmünə uğradıq.

Dünyada zülm olduqca, Həzrəti Hüseyn örnəyi də var olacaq.

Bu dünyada Yezidlik  hökm sürmək istədikcə, Hüseynçilik də ölməyəcək.

O günlərdə  vaxtı ilə Böyük Həzrətin Kərabalada canını fəda etdiyi kimi,  haqqı tapdadan insanların arxasında olan və ilahi dəyərlər uğrunda mübarizə aparan insanlar da Nardaranda zalımın amansız qəddarlığı ilə üz-üzə qaldılar. İbadət edərkən qanı tökülən, şəhid olan, işgəncələrə məruz qalan mömünlər o günlərdə Ərbəinə getmədən belə haqqa və azadlığa bəslədikləri eşqlə İmam  Hüseyn yolunun yolçuları olduqlarını 1400 illik zaman və məkan fərqinə baxmayaraq, öz əqidə və əməllərində o böyük HAQQ şəhidi ilə birgə olduqlarını nümayiş etdirdilər.

Bu üzdən də biz hər şeyə rəğmən ayaqdayır və bu gün o Böyük Haqq Şəhidinin yolunda olduğumuzdan şükürlər olsun ki, Bədrin, Ürüdün Allahı bizləri tək buraxmadı. Uğradığımız zülmlərə rəğmən dik duruşumuzla Həzrəti Hüseynin bizlərlə bir olduğuna inanırıq.

Dəyərli bacı və qardaşlarım, bu belə olmasaydı bizə verilən işgəncələrə bəlkə də  dayana bilməzdik. Mənə "Bandotdel” də işgəncə veriləndə  işgəncə altında belə namazımı qılarkən insanlıqdan məhrum o ruhsuz zülm "aparatları” mənə "çağır Allahını, gəlsin sənə yardm etsin” deyib gülürdülər.

Amma o qəflətdə olanlar, ruhunu zülmə əsir etmişlər hardan biləydi ki, Allah  bizimlədir, əks halda biz  haqq uğrunda savaşa bilməzdik.

Və bu böyük vəhdətin, bizi zalımın qarşısında sınmağa qoymayan İlahi yardım sahibinin hüzurunda hiss etdiklərimiz ifadə etməyə çətinlik çəkirik.

Bu məqamda Nardaran hadisələri vaxtı Kərbala ziyarətindən qayıtdıqdn sonra həbs olunan ilahiyyatçı alim İsa İbrahimovun bəndənizə yazdığı məktubdan kiçik bir hissəni sizərlə bölüşmək istərdim.

"Hacı, bizi üzrlü bil, hadisə vaxtı Nardaranda ola bilmədik. Biz Kərbalaya Həzrəti Hüseyni ziyarət etməyə getmişdk, amma Həzrəti Hüseyn həmin vaxt demək ki, Nardarana gəlibmiş.

Bu gün Azərbaycanda dindar olmağın yükü ağırdır və Allahın təqdirini qazanmaq  ancaq namaz qılıb oruc tutmaqla, bir sözlə, asan ibadətlə mümkün olmayacaq. Yaşadığımız ölkədə zülmün ərşə dayandığı vaxtda asan  ibadət yolunu tutmuş dindarlar namaz qılmaq, oruc tutmaqla  Cənnəti qazanacağını, bu dünyada baş verən zülmləri görməzdən gəlib susmaqla Allahın təqdim etdiyi yolu getdiklərini zənn edirlər. Nə yazıq ki, indi cəmiyyətimizdə belələri çoxdur. Amma unutmayaq Allah qatında zülmə, haqsızlığa qarşı dayanmaq da bir ibadətdir. Bu gün Azərbaycanda zülm varsa, İmam Hüseyin kimi haqq aşiqini şəhid edənlərin davamçıları hakimlik edirsə, demək ki, özünü mömin hesab edən hər kəs bu zülmün qarşısında olmalıdır.

Zülmə qarşı çıxmadan asan ibadət yolunu tutmuş momin qardaş və bacılarım, bilin ki, bu gün  ölümünə göz yaşı tökdüyünüz İmam Hüseyin də susmuş olsaydı  Böyük Həzrəti Hüseyn olmayacaqdı, susumuş olsaydı, Allahın hüzurnda BÖYÜK HAQQ aşiqi təqdirini  qazana bilməyəcəkdi.

Qurani Kərimdə buyrulur:” Yoxsa siz (Möminlər) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara maddi və cismani ziyanlar dəydi. Sarsıntı və narahatçılıqlar keçirdilr. O vaxta kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər "Allahın köməyi və yardımı nə vaxt yetişəcək?” deyirdilər. Bilin. Allahın köməyi həqiqətən yaxındır” (Bəqərə surəsi, 214)

Bu ölkənin mömininin  əslində, zülmə qarşı savaşmaq kimi müqəddəs bir vəzifə-imtahanı var ki, biz onu üstlənmədikcə yaşadımız ölkədə zülm bitməyəcək. Demək Allahı sevən hər bir şəxs bu eşqi isbat etmək üçün haqq uğrunda savaş imtahanından  keçməlidir.

Sonda əziz bacı və qardaşlarım, sizlərdən istəyim budur ki, Eşq karvanına qoşulub Kərbalaya və Ərbəinə getmədən öncə Nardaranda məzlumcasına  şəhid edilən qardaşlarımızın özləri kimi məzlum olan məzarlarını ziyarət edin.

Sizlərə bu gün zindanda olduğundan  haqq uğrunda mübarizənin qibləsi olan Kərbalaya əli çatmayan aşiqlərin adından dərin və səmimi salamımı çatdırıram.

Tanrının pənahında olun.

Taleh Bağırzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]