Gündəm

Yasamalda yeni Hacı Cavad məscidi tikiləcək

1-06-2017, 16:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məscidin yeni binasının inşa olunacağı əraziyə gələn Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov Ramazan ayında dindarlara belə bir xoş töhfəni bəxş edən dövlət başçısının milli-mənəvi dəyərlərimizə böyük ehtiram və qayğısını xüsusi vurğulayıb.

Tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirib.

Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinin mübarək Ramazan ayında başlanmasının özəl mənəvi əhəmiyyətini və xeyirlərə vəsilə olacağını xüsusi vurğulayan Şeyxülislam A.Paşazadə belə bir diqqət və himayəyə, maddi və mənəvi dəstəyə görə bütün toplaşanlar adından dövlət başçısına dərin minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümidvar olduğunu bildirib ki, gələn ilin Ramazan ayınadək hazır olacaq Hacı Cavad məscidinin yeni binası Azərbaycan dindarlarına gözəl bayram hədiyyəsi olacaq.

Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar belə bir dəyərli töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını, dövlət başçımıza təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildiriblər. / Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]