Xeberman.com
loading...
Gündəm

Azərbaycanda "mobil hökumət" konsepsiyası hazırlanacaq

31-12-2016, 23:30
Azərbaycanda "mobil hökumət" konsepsiyası hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, 2017-2018-ci illərdə dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması nəzərdə tutulur. Kağız daşıyıcılarda sənədləşmə tələbinin tədricən ləğv edilməsi ilə bağlı atıla biləcək addımlar təhlil ediləcək. Eyni zamanda, bu dövrdə dövlət və özəl sektor arasında əlaqələrdə internet üzərindən elektron alətlər vasitəsilə göndərilə və ya onlayn doldurula bilən ərizələr, formalar, blanklar, e-qaimələr və hesabatların istifadəsi təşviq ediləcək.

Dövlət orqanlarının informasiya sistemlərinin ümumi prinsiplər əsasında fəaliyyət göstərməsinin potensial faydaları və çatışmayan cəhətləri təhlil edilərək, müvafiq plan hazırlanacaq, ümumi prinsiplər tətbiq ediləcək və müxtəlif dövlət informasiya sistemlərinin funksional uyğunluğuna nəzarət gücləndiriləcək.

Yol xəritəsində bildirilir ki, "Elektron hökumət" portalındakı xidmətlərə "ASAN xidmət" standartlarının tətbiqi nəzərdən keçiriləcək. Dövlət xidmətlərinin göstərilməsinin təsirləri və rentabelliliyin artırılması istiqamətində addımlar təhlil ediləcək, onların inkişaf etdirilməsi zamanı səmərəlilik məsələsinə xüsusi diqqət ayrılması təmin olunacaq. Dövlət xidmətlərinin göstərilməsinin qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması nəzərdən keçiriləcək və hazırlanacağı təqdirdə, bu metodologiyada xidmətlərin həm müştərilərin, həm də dövlət qurumlarının iş prosesi üçün yaratdığı inzibati yük nəzərə alınacaq.

Həmçinin "Elektron hökumət"in növbəti inkişaf mərhələsi olan "mobil hökumət" (mGov) konsepsiyası (eGov2.0 versiyasında) hazırlanacaq. Eləcə də "Hökumət bulud"un (G-cloud) yaradılması vasitəsilə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması üzrə tədbirlər əlaqələndiriləcək.

Dövlət qurumları müxtəlif sektorlar arasında funksional uyğunluğu daha da inkişaf etdirəcək və bununla da ayrı-ayrı informasiya sistemlərinin vahid sistem kimi fəaliyyətini təmin edəcək. Dövlət orqanlarının elektron xidmətlərinin təkmilləşdirilməsinin 2020-ci ildə real ÜDM-ə 100 milyon manat birbaşa, 20 milyon manat dolayı olmaqla, ümumilikdə 120 milyon manat təsirinin olacağı proqnozlaşdırılır. Bu prioritetin icrasının məşğulluğa və yeni iş yerlərinin yaradılmasına ciddi təsiri gözlənilmir.

Bu prioritetin həyata keçirilməsi üçün 2020-ci ilədək 95 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.
loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group